Pentaqon UFO-ların ən çox göründüyü ərazilərin xəritəsini yayımlayıb
Maraqlı

Pentaqon UFO-ların ən çox göründüyü ərazilərin xəritəsini yayımlayıb

ABŞ Müdafiə Nazirliyi yanında hər növ anomaliyaların tədqiqi üzrə departamenti (AARO) 1996-cı ildən 2023-cü ilə qədər uçan naməlum obyektlərin (UFO) ən çox müşahidə edildiyi yerlərin qeyd edildiyi dünya xəritəsini dərc edib. Sənəd idarənin rəsmi saytında yerləşdirilib.

"Respublika" xəbər verir ki, bu barədə "Daily mail" məlumat yayıb.

Bildirilib ki, son 27 ildə UFO müşahidələrinə daha çox ABŞ-ın şərq və qərb sahillərində, Yaponiyanın Xirosima və Naqasaki şəhərləri yaxınlığında, eləcə də Yaxın Şərqin Bağdad, Doha və Dubay kimi böyük şəhərlərində rast gəlinib.

AARO göstərilən müddət ərzində UFO müşahidələrinin dəqiq sayını qeyd etməyib.

Departamentin qısa hesabatında şahidlərin ifadələrinə əsasən tərtib edilmiş naməlum uçan obyektlərin əsas xüsusiyyətləri də verilir. Sənədə əsasən, insanlar ən çox səmada diametri 1 metrdən 4 metrə qədər olan 3 km-dən 10 km-ə qədər hündürlükdə yerləşən ağ və ya gümüşü rəngli dairəvi və ya sferik cisimləri müşahidə ediblər.
Daha əvvəl Pentaqon UNO-lar haqqında məxfi məlumatların və videoların yer aldığı internet saytının istifadəyə verildiyini elan edib.

Nəzrin ELDARQIZI,

"Respublika"