Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Çinin robot iti mübahisələrə səbəb olub

Bu gün süni intellekt və robot texnologiyasının bütün dünyanı təşvişə saldığı bir zamanda, Çinin "Unitree Robotics" şirkətinin istehsal etdiyi robot it mübahisələrə səbəb olub. Bununla yanaşı, "Go2" adlandırılan robot rəqs edə və müxtəlif cür fəndlər göstərərək görənləri heyrətə də gətirib.

"Sözcü" veb saytının yaydığı xəbərə görə, yeni robot istifadəçini qaçış sürətində izləyir, həmçinin pilləkənlərlə enib iki ayaq üstə dayanır. Normal bir itin hərəkətlərini təqlid edə bilən robot, həmçinin danışa, rəqs edə, mahnı oxuya, şəkil çəkə, hətta bütün bu bacarıqlarını videoya çəkərək sahibinin mobil telefonuna göndərə bilir. Uzaqdan zondlama texnologiyası və ağıllı nitq sisteminə malik robot it insan səslərini tanıyır, sual və əmrlərə cavab verir.

Robot itin qaçması, havaya tullanması və sahibini "pəncə" ilə salamlamasını əks etdirən görüntülərin yer aldığı video müzakirələrə səbəb olub. Tanıtım video çarxında itin sahibinə tükürpədici bir səslə "Evə xoş gəldin" deməsi və sahibinin "Afərin, oğlum" cavabı çoxlarını narahat edib. Şirkət isə süni intellekt sisteminə malik və özünəməxsus xüsusiyyətləri ilə seçilən robotun sahibinə normal itlərdən daha sadiq ola biləcəyini qeyd edib.

Çəkisi təxminən 15 kiloqram, boyu 40, uzunluğu isə 70 santimetr olan robotun yaxın zamanda 1600 dollara satışa çıxarılması planlaşdırılır.

"WhatsApp"da yeni dövr başlayır

"Whatsapp" tərtibatçıları messencerdə yeni funksiyanın istifadəyə verildiyini elan ediblər. Yeni funksiya istifadəçilərə digər messencerlərdə oxşar funksiya sayəsində tanışdır. Söhbət video formatlı mesajlardan gedir.

"Whatsapp"da bu funksiya "Instant Video Messages" və ya ani video mesajlar adlanıb. Bu funksiya vasitəsilə istifadəçilər digərlərinə 60 saniyəlik video mesajlar göndərə bilərlər. Video formatlı mesaj göndərmək üçün mətnlərin daxil edilməsi sahəsinin sağ hissəsindəki video düyməsini klikləyib saxlamaq lazımdır. Həmin düyməni basıb saxlayandan sonra videonun çəkilişi prosesi başlayır. Düyməni yuxarı istiqamətə sürüşdürəndən sonra isə onu basılı saxlamağa ehtiyac qalmır. Videonu qəbul etmiş şəxs onu işə salan zaman video avtomatik səssiz rejimdə işə düşəcək.

Bundan əlavə, şirkət, messencer mesajları göndərdikdən sonra 15 dəqiqə ərzində redaktə etməyə icazə verən funksiyanı da artıq işə salıb. Şirkətdən bildirilib ki, yazı səhvini düzəltmək və ya göndərilən mesaja məlumat əlavə etmək üçün yazının üzərinə basmaq, sonra "düzəliş" seçimini etmək lazımdır.

Qeyd edək ki, yenilik yaxın həftələrdə hamı üçün əlçatan olacaq. Sözügedən funksiya artıq istifadəçilər arasında tədricən aktivləşdirilərək istifadəyə verilmək üzrədir.

James Webb teleskopundan yeni kəşf

Məlumdur ki, su bioloji həyat növünün formalaşmasında vacib rol oynayan faktorlardan biridir. Onun isə ən ideal halı maye şəklində olmasıdır. Bu yaxınlarda James Webb kosmik teleskopu Yer kürəsindən 370 işıq ili uzaqlığında yerləşən cavan ulduz sistemində su kəşf edib.

Bu kəşfin ən maraqlı tərəfi isə suyun tarixdə ilk dəfə Yer kürəsinə bənzər olan planetlərin formalaşdıqları yaşayış zonasında (planetin səthində suyun maye şəklində mövcud olmasına şərait yaradan kosmik zona) aşkar edilməsidir. Qeyd edək ki, PDS 70 adı verilən ulduz sisteminin yaşayış zonasında daha öncə artıq ekzoplanetlər kəşf edilmişdi. Onlardan ikisi hətta bir orbitdə yerləşir. Hesablamalara əsasən onun yaşı 5.7 milyon il təşkil edir.

Faktiki olaraq ulduzlar bu yaşda artıq protoplanet diskinə (ulduz ətrafında kosmik toz ilə qazdan ibarət disk) sahib olmasalar da sözügedən cavan ulduz sisteminin ulduzu protoplanet diskinə sahibdir. Bununla belə, ulduzun protoplanet diski iki hissəyə bölünüb və hissələr arasında 8 milyard kilometr məsafəli aralıq mövcuddur. Bu aralıq daxilində isə iki ədəd nəhəng ekzoplanet yerləşir. Müvafiq olaraq gələcəkdə həmin protoplanet diskində yeni planetlər formalaşacaq. James Webb tərəfindən aparılmış müşahidələrə əsasən gələcək planetlər böyük ehtimal ilə sərt səthə sahib Yer kürəsi tipli planetlər olacaqlar.

"OpenAI" yeni süni zəka modelini hazırlayır

Əldə edilən yeni məlumata əsasən süni zəka əsaslı ChatGPT çat-botunun yaradıcısı olan "OpenAI" şirkəti çoxlu sayda qrafik prosessorun əldə edilməsi istiqamətində Kaliforniyanın "NVIDIA" şirkəti ilə böyük müqavilə bağlayıb. Qeyd edək ki, daha öncə də "NVIDIA" şirkəti "OpenAI"ın neyron şəbəkələrinin təlimatlandırılmaları üçün ona 20 000 ədəd qrafik prosessor təqdim etmişdi.

Yeni məlumatda qeyd edilib ki, hazırda "OpenAI" daha təkmilləşdirilmiş süni zəka modeli üzərində çalışır və onun təlimatlandırılması üçün 10 milyon ədəd qrafik prosessor lazım olacaq. Bu qədər qrafik prosessor sayəsində şirkət hesablama gücü baxımından analoqu olmayan süni zəka modelini yarada biləcək. "OpenAI" şirkətinin yeni neyron şəbəkəsinin nəyə hədəflənəcəyi bilinmir. Güman etmək olar ki, yeni neyron şəbəkəsinin geniş tətbiq sahəsi olacaq. Bura tibb sahəsində yeni müalicə üsullarının axtarışından tutmuş realistik virtual dünyaların yaradılmasına kimi proseslər daxil ola bilər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".