Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Klara Setkin

Kommunist hərəkatının fəal iştirakçısı, Almaniya Kommunist Partiyasının yaradıcılarından biri, qadın hüquqlarının müdafiəçisi Klara Setkin... 8 Mart - Qadınlar bayramını tarixə saldıran bu xanımı yəqin ki, tanımayan çətin tapılar. Bəlkə də bəzi kişilərin heç sevmədiyi bu xanımın bütün dünya qadınları xatirəsini əziz tuturlar. Çünki məhz onun hesabına dünyanın zərif nümayəndələri ildə bir gün daha çox diqqət və qayğı ilə əhatə olunurlar...

Kiçik Sakson şəhəri Viderauda kənd müəllimi ailəsində anadan olan Klara, hələ gənc ikən öz həmyaşıdları arasında fərqlənirdi: 9 yaşında o, Höte və Şilleri oxumuşdu, 12 yaşında isə tarixçi Tomas Karleylin "Fransız inqilabının tarixi" əsərindən müəyyən hissələri əzbərdən deyirdi.

Məktəbi bitirdikdən sonra isə Sosial Demokrat Partiyasına qoşulan Klara aktiv siyasi fəaliyyətlə məşğul olmağa başlayır. Bu hadisədən xəbər tutan, dəhşət içində olan valideynləri, hətta onu ev dustağı da etmək istəmişdilər, lakin qız "ipə-sapa" yatmadı ki, yatmadı...

Həmin dövrlərdə o, Odessadan olan mühacir, bərabərlik və qardaşlıq ideyalarını təlqin edən Osip Setkinin təsiri altına düşmüşdü. Hər ikisi inqilabi mübarizəyə aludə olmuşdu. Onlar sosializm haqqında arzularını bölüşür, gizli toplantılar və mitinqlərə baş çəkirdilər. Əvvəlcə yalnız dostluq onları birləşdirirdi, tezliklə isə Osip ona sevgi etirafı edir. Qısa müddət sonra onlar bir yerdə yaşamağa başlayır və heç vaxt rəsmi nikahda olmasalar da, Klara Osipin soyadını götürür, ondan iki uşaq dünyaya gətirir. Onların maddi vəziyyəti çox ağır idi, ona görə də Klaraya 3 işdə çalışmaq lazım gəlirdi, amma o çətinliklər qarşısında heç vaxt təslim olmadı. Çox keçmir ki, Klara qadın işləri üzrə təşkilat yaradır və bəyan edir: "Bu vaxta qədər qadın ailədə tabeçilikdə idi. Halbuki, kişi və qadın bir-birini qarşılıqlı surətdə zənginləşdirən bərabər hüquqlara malik olmalıdırlar. Ər də, arvad da uşaqların tərbiyəsində eyni cavabdehlik daşıyırlar". Beləliklə, 1910-cu il martın 8-i Klara Setkin Beynəlxalq Qadınlar Gününü təsis etməyi təklif edir.

Klaranın 32 yaşı olanda Osip vərəmdən dünyasını dəyişir və qadın uşaqlarla birlikdə Almaniyaya qayıtmaq qərarına gəlir. Vətənində o, həmcinslərinin hüquqlarının bərabərliyi uğrunda mübarizəsini davam etdirir və qadınlar üçün nəzərdə tutulan sosial-demokrat qəzetinin redaktoru olur. Yeri gəlmişkən qeyd edək ki, o inqilabi ideyaların qorunmasında kompromisə getməməsinə və sərt xasiyyətinə görə "Vəhşi Klara" ləqəbini almışdı.

36 yaşında aktivist xanım 18 yaşlı rəssam Georq Sundellə rastlaşır və ona dəlicəsinə aşiq olur. Onlar evlənirlər və təxminən 20 il birlikdə yaşayırlar. Lakin sonralar Georq qonşu cavan qıza vurularaq Klaranı tərk edir.

Almaniyada kommunist partiyası və onun ideyaları qadağan olunandan sonra isə Klara Setkin SSRİ-yə köçür və ömrünün qalan hissəsini orada keçirir. 76 yaşında dünyasını dəyişən inqilabçı qadının nəşi yandırılır və külü isə Qızıl Meydanda Kreml divarında bir qutuya yerləşdirilir.

 

Çarlz Bukovski

"Bir dəfə bir ruhi xəstəxanaya getdim, ziyarət üçün. Oradakı xəstələrdən biri məni tanıdı "Çarlz Bukovski sən deyilsənmi?", - deyə soruşdu. Kitablarımı oxumuşdu. Bəlkə də bu səbəbdən oradaydı". Bu sözlər amerikalı yazıçı Çarlz Bukovskiyə aid idi... Onu hər kəs bir cür tanıyır. Kimisi ona əyyaş, kimisi də guya mərhəmətlə yanaşaraq yaşlı avara deyir. Hər necə olur-olsun, bir çox insanın həyatında, xüsusilə də gənclik illərində onun önəmli bir yeri olduğu danılmazdır. Çünki o, dəbdəbəli təriflərdən uzaq olmuş, küçə ədəbiyyatını kökündən vurmuş, bəzən özünü içkiyə, bəzən qadınlara təslim etmiş, yazdıqlarını senzurasız yazmışdı.

Almaniyanın Andernax şəhərində anadan olan bu yazıçının əsl adı Henrix Bukovskidir. Atası Henri Çarlz Bukovski bir amerikan əsgəri, anası Katerina Fett isə qadın dərzisi olub. Uşaq ikən, ümumiyyətlə, səssiz olan və bu səbəblə də diqqətçəkən Bukovski bəzən dəli olmaq həddinə gəlib özündən asılı olmayaraq gözlənilmədən qoçuluqlar edib. Uşaqlıq dövründə atasından gördüyü zorakılıq və anasının bu işgəncələrə göz yumması onun ailəsinə və insanlara olan nifrətinə yol açıb. Bukovskinin çətin uşaqlıq keçirməsi sonralar onun "özünəxas üslubunda" da böyük rol oynayıb.

Həyatının çox hissəsini ABŞ-ın Los-Anceles şəhərində keçirən yazıçı liseyin məzunu olduqdan sonra sənət, jurnalistika və ədəbiyyat dərsləri alıb. Yazmağa başladığı gündən etibarən əsərlərini çap etdirmək üçün müxtəlif jurnallara göndərən Bukovskinin yazıları həmişə geri qaytarılıb. Ancaq 24 yaşındaykən "Aftermath of a Lenghty Rejection Slip" adlı qısa hekayəsi dərc edilib. Romanlarının bəziləri uydurma olan yazıçı onları başına gələn bir hekayə kimi təqdim edib.

İlk evliliyi Barbara Fray adlı qadınla olsa da, sonradan onunla yollarını ayırmışdı. Sonralar isə Francis Smith ilə qeyri-rəsmi yaşayan yazıçının bu qadından bir qızı dünyaya gəlib.

İçki düşkünü olan Bukovski, hətta bir dəfə bu səbəbdən ölümün ucundan da dönüb. Belə ki, spirtin təsirindən komaya düşən yazıçı xəstəxanalıq olubmuş. Tüfeyli həyat yaşadığı üçün bir neçə dəfə həbs olunmuş, döyülmüş, hətta bəzi kitablarında adam öldürdüyünü də söyləmişdir. "Avaraların yanında çox rahatam, çünki mən də avarayam. Qanunu sevmirəm, əxlaqı sevmirəm", - demişdi yazıçı... Bununla belə Bukovski həyatı və özünəməxsus yazı üslubu ilə Amerika ədəbiyyatına möhürünü vurmağı bacarıb.

Ömrünün sonuna qədər içkiyə aludə olan yazıçı 73 yaşında sümük iliyi xəstəliyi, leykoz səbəbindən vəfat edib.

 

Kristian Bala

Polşanın tanınmış yazıçılarından olan Kristian Bala... İşlədiyi cinayəti "Amok" adlı kitabında əks etdirən bu yazıçı bununla da özünü ələ vermiş olub...

Keçmiş həyat yoldaşının sevgilisini soyuqqanlılıqla öldürməkdə və qətli planlaşdırmaqda günahlandırılan yazıçı 25 illik həbs cəzasına məhkum edilib. Bala cinayətini etiraf etməsə də, psixoloqlar yetərincə faktın olduğunu və cinayəti onun törətdiyinə dair heç bir şübhə olmadığını bildiriblər. Onlar eyni zamanda Balanın sadist olduğuna dair rəy də veriblər.

Bala "Amok" adlı kitabında Dariuş Janişevskiyə necə işgəncə verdiyini, onu necə ağır yaraladığını və Oder çayına atdığını detalları ilə təsvir edib. Lakin sonralar istintaq zamanı o bunları qəzetlərdə çıxan məqalələrdən götürdüyünü deyirdi.

Kitabda məşhur bir biznesmenin ölümünün pərdəarxası məqamlarından danışılır. Kitabın çapından cəmi 3 il əvvəl isə biznesmenin çayda meyiti tapılmışdı. Lakin o vaxt uzun müddət qəzet başlıqlarından getməyən həmin cinayətin üstünün açılması üçün yetərli sübut yox idi. Və budur...

Kitab nəşr olunan zaman onu oxuyan bir neçə detektiv kitabda Darius Janişevski cinayəti ilə bağlı inanılmaz izlərin olduğundan şübhələnib dərhal polisə xəbər verirlər. Sözügedən cinayət işindəki ekspert rəyinə əsasən, biznesmenin meyitinə işgəncələr verilmiş, mərhum "donuz bağı" formasında bağlanıb çaya atılmışdı. Qollarında və bədənində yanıq və kəsik izləri var idi. Ekspert rəyinin bütün detalları eyniylə kitabda əks olunmuşdu. Əsas şübhəli məqam isə o idi ki, kənar bir şəxsin cinayətin gizli detallarını bu qədər incəliklə bilməsi mümkün deyildi.

Polis tezliklə müəllifi sorğuya çəkir. Dindirmə zamanı məlum olur ki, yazıçının arvadı ilə mərhum biznesmen münasibətdə olublar. Bunu öyrəndikdən sonra yazıçı biznesmen ilə telefonda mübahisə edib. Səs yazıları da məhkəmədə dinlənildikdən sonra fakt qarşısında qalan yazıçının son sözləri belə olub: "Mən işini böyük ehtirasla görən yazıçıyam. Biznesmenin ölüm xəbərini hamı kimi qəzetdə oxuyub, cinayəti gözümdə canlandırmışdım".

Lakin məhkəmə bu qədər fantaziya bacarığının normal olmadığı qənaətinə gələrək ona 25 il həbs cəzası verir. Bu hadisədən sonra Kristian Balanın "Amok" kitabı dünyada ən çox oxunan detektiv roman oldu. Hadisədən ilhamlanan rejissorlar da boş dayanmadı. "Amok" kitabının mövzusu əsasında 2 yüksək reytinqli film çəkildi. İlk film "Amok", digəri isə "Qaranlıq cinayətlər" adlanır...

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".