MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏB MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

"Sumaya" İncəsənət Muzeyi

Planetin ən varlı adamlarından birinə - maqnat Karlos Helə məxsus "Sumaya" İncəsənət Muzeyi Mexikoda inşa edilib. Milyarderin mərhum həyat yoldaşının adını daşıyan muzeyin açılışı isə 2011-ci ildə olub. 1980-ci illərdən kommersiya məqsədilə sənət əsərlərini satın alan Karlos gələcəkdə onları daha baha qiymətə satacağını planlaşdırsa da, bir müddətdən sonra bu kolleksiyanı muzeydə sərgiləmək qərarına gəlib. Binanın layihəsi isə parametrist-memar Fernando Romero tərəfindən hazırlanıb.

Poladdan hazırlanmış "Sumaya" muzeyi 16 mərtəbədən ibarətdir. Cilalanmış alüminium lövhələrlə örtülmüş tikilinin fasadı ilan qabığını xatırladır. Heç bir pəncərəsi olmayan muzey binasına gün işığı yalnız dam hissədən daxil olur və sadəcə üst mərtəbələri işıqlandırır. Qüllənin yeraltı hissəsində isə beşmərtəbəli avtomobil dayanacağı yerləşir.

70 mindən çox əşyanın sərgiləndiyi muzeydə Leonardo da Vinçinin əsərləri ilə yanaşı, Tintoretto, El Greco, Murillo, Rubens, Monet, Sezanne, Degas, Van Gogh, Renoir, Toulouse-Lautrec, Picasso, Dali və Miro kimi bir çox məşhur rəssam və memarların heykəlləri və əl işləri saxlanılır. Kolleksiyaya tarixi geyimlər və sikkələr də daxildir.

 

"Soroki qalası"

Moldova knyazlığı dövründən günümüzə qədər gəlib çatan "Soroki qalası" 1499-cu ildə şahzadə III Stefan tərəfindən tikilib. Müasir Moldova Respublikasının ərazisində yerləşən bu qədim abidə ölkənin müdafiə qapısı olub və tarixi boyu ən dəhşətli işğallara və döyüşlərə məruz qalıb.

Qotik üslubda inşa olunan istehkam qalası görünüşünə görə italyan qalalarını xatırladır. XV-XVI əsrlərdə qalaların böyük qismi düzbucaqlı formada tikilsə də, "Soroki qalası" dairə şəklindədir. Dörd dairəvi və bir düzbucaqlı qüllədən ibarət abidənin diametri 35,7, ayrılıqda hər qüllənin diametri 4, fasadı isə 30,5 metrdir. Bütün qüllələr bir-birindən bərabər məsafədə yerləşdiyi üçün möhtəşəm görüntü ortaya çıxır. İstehkam qalasının hər qülləsi 4 mərtəbədən ibarətdir, ilk iki mərtəbə bir zamanlar artilleriya üçün istifadə olunub. Qalanın əsas qülləsinin 3 giriş qapısı var.

Şəhərin ən görməli yerlərindən biri, Moldova hərbi memarlığının incisi olan "Soroki qalası" milli valyutanın üzərində və ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsində də təsvir edilib.

 

"Mammy's Cupboard" evi

1940-cı ildə Henri Qaude tərəfindən tikilən "Mammy's Cupboard" evi ABŞ-ın Missisipi ştatının Natçez şəhərində inşa olunub. O dövrlərdə çox məşhur olan "Küləklə sovrulanlar" filminin nümayişindən sonra H.Qaude Scarlettin dayəsi qaradərili Mammy obrazından ilhamlanaraq evi məhz bu formada dizayn etmək qərarına gəlib. Evin hər kəs tərəfindən sevildiyini görən Henrinin həyat yoldaşı burada kiçik kafe və suvenir dükanı açıb.

Tikildiyi vaxtdan bəri bir neçə dəfə rekonstruksiya edilən "Mammy's Cupboard" evi dünyada afro-amerikalı qadınları simvolizə edən ən məşhur memarlıq abidələrindən biridir. Son dərəcə maraqlı görünüşü ilə insanların diqqətini çəkən evi ziyarət edərkən, ənənəyə uyğun olaraq qonaqları hündür və gülərüz qaradərili qadın qarşılayır.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".