DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

SƏUDİYYƏ ƏRƏBİSTANI VƏ IRAN DİPLOMATİK MÜNASİBƏTLƏRİ BƏRPA EDIR

Səudiyyə Ərəbistanı və İran iki ay ərzində səfirliklərini yenidən açmağı planlaşdıran diplomatik münasibətlərin bərpasına dair saziş imzalayıb. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə İran hökumətinin yaydığı bəyanatda bildirilir.

Məlumata əsasən, birgə bəyanat Pekində İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə səudiyyəli həmkarı arasında bir neçə günlük danışıqlardan sonra imzalanıb.

Bununla yanaşı, danışıqlardan sonra iki ay ərzində diplomatik münasibətlərin bərpası, səfirlik və nümayəndəliklərin açılması barədə razılığa gəlinib. Həmçinin iki dövlətin xarici işlər nazirləri sazişin icrasını müzakirə etmək üçün görüşmək niyyətindədirlər.

Eyni zamanda, verilən xəbərə görə, tərəflər yeni saziş çərçivəsində müxtəlif sahələrdə əməkdaşlığa dair 1998 və 2001-ci illərdə imzalanmış sazişləri də aktivləşdirəcəklər.

 

EMMANUEL MAKRONUN BAR ƏYLƏNCƏSİ FRANSIZLARIN NARAZILIĞINA SƏBƏB OLUB

Fransa prezidenti Emmanuel Makronun vətəndaşların pensiya islahatını boykot edərkən ölkəni tərk edərək Konqoya səfər etməsi, oradakı barlardan birində əylənməsi fransızların ciddi narazılığına səbəb olub. Bu barədə “Report” agentliyi məlumat yayıb.

Bildirilir ki, Fransa vətəndaşları sosial şəbəkələrdə, habelə aksiyalarda prezidentə qarşı sərt ifadələr səsləndirərək, onun bu hərəkətini pisləyiblər.

Məlumata görə, Emmanuel Makron rəsmi tədbirlərdən dərhal sonra musiqiçi, Konqonun rabitə naziri və daha bir məmurun müşayiəti ilə bara gedib.

Verilən xəbərə əsasən, Fransa liderinin bardakı əyləncəsini əks etdirən videogörüntü sosial şəbəkələrdə yayılıb. Görüntülərdə Fransa prezidentinin spirtli içki qəbul etməsi əks olunub.

 

BEYNƏLXALQ DONORLAR KONFRANSI KEÇİRİLƏCƏK

Türkiyədə baş verən və Suriyada ciddi dağıntılara səbəb olan zəlzələ nəticəsində zərər çəkənlərlə əlaqədar Beynəlxalq Donorlar Konfransı keçiriləcək. “TRT” telekanalının xəbərinə görə, Avropa İttifaqı Komissiyasından verilən açıqlamada daha əvvəl martın 16-da keçiriləcəyi ifadə edilən konfransın martın 20-də baş tutacağı vurğulanıb.

Konfransa Aİ Komissiyasının sədri Ursula Fon der Lyayen və İsveçin baş naziri Ulf Kristersson sədrlik edəcəklər.

Aİ Komissiyasının bəyanatında konfransda Aİ-yə üzv ölkələr, namizəd ölkələr, potensial namizədlər, qonşu və tərəfdaş ölkələr, Rusiya istisna olmaqla “G20” üzvləri, Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr, BMT, beynəlxalq təşkilatlar və humanitar təşkilatların iştirak edəcəyi bildirilib.

Eyni zamanda, bəyanatda Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenin fikirlərinə də yer verilib: “Həmrəyliyimiz zəlzələdən sonra ilk saatlarda olduğu kimi güclü olacaq. Türkiyə və Suriya xalqına onların yanında olacağımıza söz veririk”.

 

ABŞ “COVID-19”UN MƏNŞƏYİ İLƏ BAĞLI MƏLUMATLARI AÇIQLAYACAQ

ABŞ Konqresinin Nümayəndələr Palatası “COVID-19”un ortaya çıxması ilə bağlı məlumatların açıqlanması üçün qanun layihəsini qəbul edib. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

Keçirilən səsvermənin nəticələrinə görə, ABŞ Konqresinin Nümayəndələr Palatası Senatın ardınca prezident Cozef Bayden administrasiyasından koronavirusun mənşəyi ilə bağlı bütün kəşfiyyat məlumatlarının məxfiliyini ləğv etməyi tələb edən qanun layihəsini təsdiqləyib.

Qeyd edək ki, ötən həftə bu təşəbbüs Senat tərəfindən bəyənilib. Artıq qanun layihəsi imzalanmaq üçün dövlət başçısına göndəriləcək.

Həmçinin bir müddət öncə FTB direktoru Kristofer Rey “COVID-19”un laboratoriya mənşəli olduğunu və pandemiyanın mənbəyinin Çinin Uhan şəhərindəki potensial laboratoriya olduğunu bildirib.

Bununla yanaşı, “The Wall Street Journal” nəşri öz mənbələrinə istinadən xəbər verib ki, ABŞ Energetika Nazirliyi pandemiyanın koronavirusun laboratoriyadan sızması nəticəsində başlandığı qənaətinə gəlib. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Energetika Nazirliyi müvafiq sənədləri Ağ Evə və ABŞ Konqresinə göndərib.

 

FİNLANDİYA QIRICILARINI UKRAYNAYA VERMƏK NİYYƏTİNDƏDİR

Finlandiyanın baş naziri Sanna Marin köhnə qırıcıların Ukraynaya verilməsi ilə bağlı danışıqların başlanmasına icazə verib. “Report” agentliyinin məlumatına görə, bu barədə “Yle” dövlət teleradio şirkəti xəbər verib.

Baş nazirin sözlərinə görə, Finlandiya  yeni qırıcılar almağa qərar verib və bu səbəbdən məsələdə maraqlıdır.

“Bəli, düşünürəm ki, biz “Hornet” qırıcılarını da müzakirə edə bilərik, onları Ukraynaya göndərməyin mümkün olub-olmayacağını və bunun üçün hansı hazırlığın tələb olunacağını müzakirə edə bilərik”, - deyə Sanna Marin əlavə edib.

Eyni zamanda, baş nazir vurğulayıb ki, döyüş təyyarələri ilə bağlı müzakirələr çox erkən mərhələdədir və geniş beynəlxalq əməkdaşlığa ehtiyac var.

Məlumatlara görə, Finlandiyanın 55 ədəd “Hornet F/A-18” qırıcısı və iyirmiyə yaxın təlim modeli, həmçinin köhnə “British Hawk” təlim modelləri də var.

Qeyd edək ki, Finlandiya 2026-cı ilə qədər ABŞ-dan 64 ədəd “F-35” qırıcısı sifariş edib.

 

RUSİYA VƏ BMT NÜMAYƏNDƏLƏRİ TAXIL SAZİŞİNI MÜZAKIRƏ EDƏCƏK

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova bəyan edib ki, martın 13-də İsveçrənin Cenevrə şəhərində Rusiya nümayəndə heyəti ilə BMT nümayəndələri arasında taxıl sazişi ilə bağlı görüş keçiriləcək. Bu barədə “TRT” telekanalı məlumat yayıb.

Paytaxt Moskvada keçirilən həftəlik mətbuat konfransında Zaxarova Türkiyə, Ukrayna, Rusiya və BMT arasında iyulun 22-də İstanbulda imzalanan taxıl daşınması müqaviləsinin uzadılmasına toxunub.

Mariya Zaxarovanın sözlərinə görə, Rusiya kənd təsərrüfatı məhsulları və gübrələrin daşınmasında maneələr aradan qaldırılmayana qədər sazişin uzadılması ehtimalı azdır.

Bununla yanaşı, ötən il “Şimal axını” boru kəmərlərində baş verən partlayışlara toxunan M.Zaxarova Almaniya, İsveç və Danimarkadan Rusiyanın da iştirakı ilə müstəqil və hərtərəfli araşdırma aparılmasını tələb etdiklərini bildirib.

“Bu istəklər nəzərə alınmayıb. Qərb bu məsələdə Rusiya Federasiyası ilə hər hansı təmasdan imtina edir”, - deyə bildirən Zaxarova partlayışlarla bağlı açıq və şəffaf araşdırma aparılmasının vacibliyini vurğulayıb.

 

TÜRKİYƏDƏ 820 MİNDƏN ÇOX BİNA YARARSIZ VƏZİYYƏTƏ DÜŞÜB

Türkiyənin cənub-şərqində baş verən zəlzələlərdən sonra 820 mindən çox bina istismardan çıxarılıb. “Report” xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bəyan edib.

Nazirin sözlərinə görə, 11 əyalətdən beşində dəymiş ziyanın qiymətləndirilməsinin başa çatmasından sonra məlum olub ki, 1 milyon 706 min bina zərər görüb. Dağılmaq ərəfəsində və ya orta dağılma dərəcəsində olan binalar 821 min 302-dir.

Eyni zamanda, daha əvvəl Murat Kurum bildirib ki, dağıdıcı zəlzələlərin qurbanlarının sayı 48 min nəfərə çatıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə iki güclü zəlzələ baş verib, yeraltı təkanlar Suriya da daxil olmaqla qonşu ölkələrdə dağıntılara səbəb olub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.