Laçının əsas hissəsi siyasi yolla qaytarıldı
Digər xəbərlər

Laçının əsas hissəsi siyasi yolla qaytarıldı

Laçın rayonu 1992-ci il 18 may tarixində mənfur düşmənimizin silahlı birləşmələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun yüzlərlə mədəni-məişət obyekti, onlarla qəsəbə, kənd və tarixi abidələri viran qalmışdır. Bu dövrdə Ermənistan tərəfi beynəlxalq hüquq normalarına,  qoşunlarının ərazimizdən qeyd-şərtsiz çıxarılmasına dair qəbul olunmuş BMT qətnamələrinə məhəl qoymamışdır. Ermənistanının xain əməlləri bunlarla da yekunlaşmır. Belə ki, düşmən ölkə Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəlikləri pozmaqla yanaşı, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, həmçinin Suriyadan olan erməni əsilli qaçqınların məqsədyönlü şəkildə məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni fəaliyyətlərlə də məşğul olmuşdur. Təkcə Laçında həyata keçirilən etnik təmizləmə nəticəsində 77 min nəfərdən artıq sakin öz torpağından didərgin düşmüşdür. Belə ki, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri talan və məhv edilmişdir. 

Azərbaycan Ordusu 44 günlük müharibədə qazandığı qələbə ilə Ermənistana unudulmayacaq dərs verdi. Laçın rayonunun ən böyük hissəsinin məhz siyasi yolla qaytarılması möhtəşəm qələbəmizin göstəricisidir. Tarixi zəfərimizin nəticəsi olaraq imzalanmış Üçtərəfli Bəyanata əsasən dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilmişdir. Daha əvvəl isə rayonun Güləbird, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Ölkə başçımız  martın 28-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən bu məsələlərə bir daha toxunmuşdur: “İkinci Qarabağ müharibəsi dövründə Laçın rayonunun işğaldan azad edilməsi əsas vəzifələrdən biri idi və biz faktiki olaraq Laçın rayonunun cənub hissəsini döyüşərək, vuruşaraq azad etdik. Güləbird və digər bir neçə kənd döyüş meydanında azad edilmişdir, biz Laçın-Xankəndi yoluna çıxmışdıq. Məhz bu əməliyyat nəticəsində, eyni zamanda Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsi faktiki olaraq Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxarmışdır. Vaxtilə “Qarabağ Ermənistandır” deyən Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur və 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktı Ermənistan tərəfindən imzalandı. Laçın rayonunun digər hissəsi - ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir".

Laçın strateji cəhətdən çox mühüm əhəmiyyət kəsb edir. Çünki buradan keçən yol Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. İşğal dövründə ermənilər bölgəni dağıtsa da, hazırda dövlətimizin vəsaiti, ölkə başçısının siyasi iradəsi ilə bərpa işləri yüksək səviyyədə davam etdirilir. Beynəlxalq hava limanının da məhz Laçın şəhərində tikilməsi regionun əhəmiyyətliliyini artırır. Bundan əlavə, şəhərin içməli su ilə təchiz olunması üçün bölgədə doqquz su anbarının da tikintisi aparılır. 

Ərazidə yaşayacaq sakinlərin iş yerləri ilə təmin olunması istiqamətində mühüm işlər görülür. Belə ki, burada idman-sağlamlıq kompleksləri, uşaq bağçaları və digər bu kimi inzibati binaların tikintisi sürətlə davam edir. Qeyd edək ki, Laçının Zabux və Sus kəndlərində də tikinti-quruculuq işləri gedir. Buradakı yeni tikililər ən son müasir standartlara cavab verir.

Nəzrin ELDARQIZI,

“Respublika”.