ÜMUMMİLLİ LİDER — 100
Azərbaycan öz torpaqlarının, öz taleyinin sahibi, öz dövlətinin sahibi kimi gələcəkdə də müstəqil dövlət olaraq yaşayacaqdır.
***
Beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlər çərçivəsində olan ərazimizi biz heç vaxt heç kəsə verməyəcəyik.
Müstəqillik qazandıqdan bəri Azərbaycanda Heydər Əliyevin rəhbərliyi altında əldə olunmuş tərəqqi açığını deyim ki, qısa bir müddətdə belə tərəqqi əldə etmək çoxlarına müyəssər olmur.
Hovard BEYKER,
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə
sabiq köməkçisi.
Prezident Heydər Əliyev Azərbaycan və region üçün çox işlər görmüş, müdrik rəhbərliyi ilə Azərbaycanı dünyanın enerji bazarlarının liderinə çevirmişdir. O, xarici sərmayələri ölkəsinə cəlb etmiş və Azərbaycanı dünyanın ən mühüm ölkələri sırasına çıxarmışdır. Cənab Heydər Əliyevin liderliyi sayəsində bu regionda sabitlik yaranmışdır.
Bədr ƏL-ƏYBƏN,
Səudiyyə Ərəbistanının "Delta Oyl" şirkətinin
sabiq prezidenti.
Dövlətlərimizin həyatında, Rusiya və Azərbaycan xalqları arasında qardaşlıq tellərinin möhkəmlənməsində bütöv bir dövr Heydər Əlirza oğlunun adı ilə bağlıdır.
Heydər Əlirza oğlu yüksək dövlət vəzifələrində çalışarkən sənayenin, o cümlədən nəqliyyat maşınqayırmasının inkişafına böyük diqqət yetirirdi.
SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi, məhz onun bilavasitə iştirakı sayəsində "Metrovaqonmaş" birliyi istehsal sahələri yaratmış, dünya standartlarına cavab verən müasir metro vaqonlarının konstruksiyasını hazırlamış və istehsala buraxmışdır.
Y.QULKO,
"Metrovaqonmaş" Səhmdar Cəmiyyətinin sabiq baş direktoru.
Cənab Heydər Əliyev Azərbaycan tarixində parlaq bir şəxsiyyət kimi özünü göstərdi. O, Azərbaycanın müstəqilliyini təmin edib dövlətin sükanı arxasında duraraq, Azərbaycanı inamla irəliyə apara bildi, Azərbaycan dövlətinin indiki və gələcək inkişafı üçün möhkəm təməl qoydu.
Heydər Əliyevin fəaliyyəti, nadir siyasi və diplomatik məharəti, uzaqgörənliyi sayəsində Azərbaycanın adı beynəlxalq səviyyədə səslənməyə başladı, dünya miqyasında onun əhəmiyyəti artdı.
Heydər Əliyev Azərbaycanı dünyanın ən qüdrətli dövlətləri ilə birbaşa ünsiyyətə çıxarıb onun tam mənada müstəqil dövlət olduğunu sübut edə bildi.
Səid İSMAİLOFF,
Parisdəki Azərbaycan Evinin sabiq sədri.
2001-ci ildə Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsində iştirak etmək məqsədilə Bakıya gəlişimizdə Heydər Əliyevlə keçirdiyim görüşü yaxşı xatırlayıram. Mən ölkənizin inkişafı üçün onun öz üzərinə öhdəlik götürməsindən xüsusilə təəssüratlandım. O, Azərbaycanın rifahına yardım edən bir çox əhəmiyyətli islahatlar həyata keçirmişdir. Mən həmçinin onun Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin möhkəmlənməsi sahəsində əməyini yüksək dəyərləndirirəm.
Ursula ŞLEYXER,
Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin sədri.
Prezident Heydər Əliyev Azərbaycana sədaqətlə və məsuliyyətlə xidmət etdi. Mən bilirəm ki, Azərbaycan Respublikasının sosial-iqtisadi sahədə əldə etdiyi nəhəng tərəqqi və müvəffəqiyyətlər onun səmərəli rəhbərliyi nəticəsində mümkün olmuşdur.
Çaudri Şücaət HÜSEYN,
Pakistan Müsəlman Liqasının sədri.
Heydər Əliyev dünya miqyasında tanınmış bir şəxsiyyətdir. Azərbaycan dövlətçiliyinin qurulmasında onun rolu və xidmətləri əvəzsizdir. Heydər Əliyevin yaratdığı ictimai-siyasi sabitlik, sosial bərabərlik və demokratik dövlətçilik respublikanın iqtisadi cəhətdən qüdrətlənməsi üçün zəmin olmuşdur.
Şənər GÖDƏKLİ,
"Estella Menecment" şirkətinin
sabiq prezidenti.
Heydər Əliyev haqqında düşünərkən mən onu mübaliğəsiz olaraq, Uinston Çörçill və Cəvahirləl Nehru ilə müqayisə edirəm. Bu dahi insanlar bütün şüurlu həyatlarını öz xalqlarının xoşbəxtliyinə və səadətlərinə həsr etmişlər. Müasir dünyada ikinci elə rəhbər tanımıram ki, Heydər Əliyev kimi o, öz sələflərindən miras qalmış, dağılmaq təhlükəsi qarşısında olan bir ölkəni qəbul edib, qısa bir müddət ərzində onu çiçəklənən və sürətlə inkişaf edən bir ölkəyə çevirmiş olsun.
Caşvant ŞAH,
"M. C. Grup" şirkətinin sabiq prezidenti.