Azərbaycanın xarici işlər naziri estoniyalı həmkarı ilə telefonla danışıb
Siyasət

Azərbaycanın xarici işlər naziri estoniyalı həmkarı ilə telefonla danışıb

Dekabrın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna arasında telefon danışığı olub. 

"Respublika" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Telefon danışığı zamanı regionda hazırkı proseslər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri müzakirə mövzusu olub.

Nazirlər ikitərəfli siyasi dialoqun intensivləşməsinin və qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar.

Nazir Ceyhun Bayramov Azərbaycan-Ermənistan normallaşma prosesinin perspektivləri, eləcə də son dövrlər bölgədə sülh və sabitliyə, iki ölkə arasında etimad yaradılmasına xidmət edən addımlar barədə qarşı tərəfə məlumat verib. Bu ilin sentyabrında bölgədə aparılan antiterror tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin ərazilərimizdə mövcudluğuna son qoyulmasından sonra sülh prosesində real irəliləyişlər əldə edilməsi üçün geniş potensialın mövcud olduğu diqqətə çatdırılıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.