DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

EMMANUEL MAKRONUN PENSİYA ISLAHATI İLƏ BAĞLI GƏRGINLIK PIK HƏDDƏ ÇATIB

Fransa prezidenti Emmanuel Makronun minimum pensiya yaşının 62-dən 64-ə qaldırılması qərarı aprelin 14-də Fransa Konstitusiya Şurası tərəfindən qəbul edildikdən sonra, hökumətin ictimai rəyi necə susduracağı barədə sual yaranır.

“Trend” agentliyinin məlumatına görə, Fransanın baş naziri Elizabet Bornun tələbindən sonra Konstitusiya Şurası qanunvericiliyin Fransa konstitusiyasına uyğun olub-olmaması ilə bağlı qərar verib.

Bununla yanaşı, Fransa Konstitusiya Şurası ölkənin solçu siyasətçilərinin pensiya dəyişiklikləri ilə bağlı vətəndaşların referendumunun təşkil edilib-edilməyəcəyinə dair sorğusunu rədd edib.

Məlumata əsasən, nazirlər hökumətin ötən ay dəyişiklikləri həyata keçirmək üçün parlament səsverməsi olmadan icraedici qərardan istifadə etməsindən sonra şuranın dəyişiklikləri təsdiqləyəcəyinə əmin idi. Bu halda, Makron yeni pensiya qaydalarının 2023-cü ilin sonuna qədər qüvvəyə minməsi üçün dərhal qanuna imza atmağa ümid edir.

Verilən xəbərə görə, ölkə daxilində baş verən iğtişaşlar Makronun bir prezident və siyasətçi kimi zəifliyini bir daha sübut edir.

 

QƏTƏRIN BAŞ NAZIRI: BƏŞƏR ƏSƏDLƏ BAĞLI İDDİA SADƏCƏ FƏRZIYYƏDIR

Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Tani Suriyadakı Bəşər Əsəd rejimi ilə münasibətlərin normallaşması ilə bağlı deyilənlərin sadəcə fərziyyə olduğunu bildirib. “Teleqraf.com”un verdiyi xəbərə görə, baş nazir Qətərin Bəşər Əsəd rejimi ilə bağlı mövqeyinin aydın olduğunu vurğulayıb.

“Bəşər Əsədlə normallaşma haqqında deyilənlərin hamısı sadəcə fərziyyədir və masada heç nə yoxdur”, - deyə Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Tani vurğulayıb.

Bununla yanaşı, baş nazir Suriyada real siyasi həll olmadan Qətərin normallaşma mövqeyində heç bir dəyişiklik olmayacağını və bu mövzuda heç bir addım atmayacağını açıqlayıb.

Baş nazir əlavə edib ki, Suriyanın Ərəb Dövlətləri Liqasına üzvlüyünü bərpa etməmək üçün əsaslar hələ də qüvvədədir.

Xatırladaq ki, Ərəb Dövlətləri Liqası Suriyadakı vətəndaş müharibəsi səbəbindən 2011-ci il noyabrın 12-də Bəşər Əsəd rejiminin birliyə üzvlüyünü dayandırıb.

 

AK RUSİYANIN AKTİVLƏRİNİ MÜHARIBƏDƏN SONRA GERI QAYTARA BILƏR

Avropa Komissiyası Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin Ukraynadakı münaqişə bitdikdən sonra Moskvaya qaytarılmalı olduğu qənaətinə gəlib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Almaniyanın “Die Welt” qəzeti məlumat yayıb.

Bildirilir ki, hüquqi baxımdan Rusiya Mərkəzi Bankının aktivləri elə-belə, sadəcə olaraq Kiyevə verilə bilməz. Hüquqi maneələr çox yüksəkdir, ona görə də Avropa Komissiyası ehtiyatlara toxunmamaq qərarına gəlib.

“Çünki bir gün, müharibə başa çatdıqdan sonra, aktivlər Rusiyaya qaytarılmalıdır”, - deyə qəzet qeyd edib.

Məlumata əsasən, aktivlərin Avropa dövlət istiqrazlarına yatırılması, faizlərin isə Kiyevə ödənişlər üçün istifadə edilməsi təklif edilir.

 

ŞİMALİ KOREYA YENİ BALLİSTİK RAKETİNİ SINAQDAN KEÇİRİB

Şimali Koreya yeni “Hvason-18” qitələrarası ballistik raketini sınaqdan keçirib. “Report” agentliyinin məlumatına görə, bu barədə Koreya Xalq Demokratik Respublikasının rəsmi mediası məlumat yayıb.

Verilən xəbərə görə, sınağa şəxsən Şimali Koreya lideri Kim Çen In rəhbərlik edib. Bildirilir ki, yeni ballistik raket Pxenyanın nüvə əks-hücumunun effektivliyini əhəmiyyətli dərəcədə artıracaq.

Şimali Koreya cümə günü Pxenyan yaxınlığındakı bir nöqtədən Yapon dənizinə doğru orta və ya uzaqmənzilli ballistik raket buraxıb. Cənubi Koreya ordusunun hesablamalarına görə, yüksək bucaqlı raket suya düşməzdən öncə təxminən 1000 kilometr yol qət edib.

Qeyd edək ki, buraxılış Şimali Koreyanın mərhum banisi Kim İr Senin 111-ci doğum günündən iki gün öncə baş tutub və Pxenyanın ilk hərbi peykini orbitə çıxarmaq üçün uzaqmənzilli raket buraxa biləcəyi ilə bağlı fərziyyələr fonunda baş verib. Bundan öncə Şimali Koreya peykin buraxılması ilə bağlı hazırlığı apreldə başa çatdıracağına söz vermişdi.

 

TÜRKIYƏ BİRBAŞA DANIŞIQLAR ÜÇÜN DƏMƏŞQIN ŞƏRTİNİ QƏBUL ETMƏYƏCƏK

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın Suriya rəhbərliyi ilə birbaşa danışıqlar üçün heç bir ilkin şərti, o cümlədən qoşunlarının Suriya ərazisindən çıxarılmasını qəbul etməyəcəyini bildirib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkənin xarici siyasət idarəsinin başçısı “HaberTürk”ə müsahibəsində qeyd edib.

“Gələcəkdə Suriya ilə təmaslar mümkündür, lakin hələ çox iş görülməlidir və biz heç bir ilkin şərti qəbul etməyəcəyik. Danışıqlar üçün qoşunlarımızın Suriyadan çıxarılması şərti qəbuledilməzdir”, - deyə diplomat telekanalın efirində vurğulayıb.

Eyni zamanda, nazir xatırladıb ki, əvvəllər əldə edilmiş razılaşmalara əsasən, rəsmi Dəməşq Türkiyəyə qarşı bütün sərhəd təhdidlərini aradan qaldırmalı idi, lakin Ankara onların mövcudluğunu hələ də görür. Söhbət Türkiyədə terrorçu kimi tanınan kürd qruplaşmalarının Suriyanın şimalındakı fəaliyyətindən gedir.

 

TRAMP PROKURORLUQDA SƏKKİZ SAAT İFADƏ VERİB

ABŞ-nin keçmiş prezidenti Donald Tramp ifadə vermək üçün Nyu-Yorkun baş prokuroru Letisiya Ceymsin ofisində təxminən səkkiz saat qalıb. “Teleqraf.com”un xəbərinə əsasən, sabiq Ağ Ev rəhbəri ofisə səhər saat 9:30-da gəlib və axşam saat 18:00-dan sonra çıxıb.

Məlumata görə, Donald Tramp daha sonra özünün “Truth Social” şəbəkəsində gecə saatlarında yazdığı paylaşımda dindirilməni “ABŞ-ın 45-ci prezidentinin növbəti ədalətsiz və gülünc təqibi” adlandırıb. Tramp ona qarşı aparılan müxtəlif araşdırmalar barədə informasiyanı seçkilərə müdaxilə adlandırıb.

Eyni zamanda, ABŞ mətbuatından yayılan xəbərlərə görə, Donald Tramp susmaq hüququndan istifadə etmədən müstəntiqlərin suallarını cavablandırıb.

Qeyd edək ki, Nyu-Yorkun baş prokuroru Letisiya Ceyms ABŞ-ın keçmiş prezidenti Donald Trampı, onun övladlarını, eləcə də əlaqəli şirkətləri saxtakarlıq və yalan məlumat verməkdə ittiham edərək 250 milyon dollarlıq iddia qaldırıb. Bildirilir ki, bu iş ötən həftə Trampa qarşı maliyyə fırıldaqçılığı ittihamı ilə bağlı deyil.

 

DÜNYADA QUŞ QRİPİNiN yeni növÜndƏn İLK ÖLÜM FAKTI QEYDƏ ALINIB

Çində “H3N8” quş qripinin alt növündən dünyada ilk insan ölümü faktı qeydə alınıb. Belə ki, 56 yaşlı qadın infeksiyadan dünyasını dəyişib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Cənub Quanqdonq əyalətindən olan qadın quş qripinin “H3N8” alt növünə yoluxmuş üçüncü şəxs olub. Bütün hallar Çində baş verib, ilk iki yoluxma hadisəsi ötən il qeydə alınıb.

Qadının xəstəliyə yoluxmazdan əvvəl baş çəkdiyi bazardan götürülmüş nümunələr A(H3) qripi üçün müsbət olub və bunun infeksiya mənbəyi ola biləcəyini ehtimal edir. Yoluxmuş qadının yaxın təmasda olduqları şəxslərdə yoluxma halı aşkarlanmayıb.

Qeyd olunub ki, “H3N8” insanlarda nadir rast gəlinsə də, quşlarda çox olur. Mövcud məlumatlara əsasən belə qənaətə gəlmək olar ki, bu virus insandan insana asanlıqla yayılma qabiliyyətinə malik deyil. Bu səbəbdən də onun milli, regional və beynəlxalq səviyyədə insanlara yayılma riski aşağı hesab olunur.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.