DÜNYA XƏBƏRLƏRI
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRI

V.PUTİN ÇİNİ BİRQÜTBLÜ HEGEMONLUĞA MÜQAVİMƏT GÖSTƏRMƏYƏ ÇAĞIRIB

ABŞ başda olmaqla, “G7” ölkələrinin Ukraynadakı müharibəyə görə rəsmi Moskvaya təzyiqlərini artırdığı bir vaxtda Rusiya prezidenti Vladimir Putin Çini birqütblü hegemonluğa müqavimət göstərməyə çağırıb. Bu barədə “TRT” telekanalı xəbər verib.

Rusiya dövlət başçısı Sankt-Peterburqda Çin-Rusiya strateji təhlükəsizlik məsləhətləşmələri üçün ölkəsinə səfər edən Çinin xarici işlər naziri Van İ ilə görüşüb.

Çinin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, V.Putin görüş zamanı birqütblü hegemonluğa və tərəflərarası qarşıdurmaya müqavimət göstərməyə çağırıb, eləcə də strateji əməkdaşlığın dərinləşdirilməsi mesajını verib.

Vladimir Putin bəyan edib ki, Rusiya Çinin “Bir kəmər, bir yol” layihəsini dəstəkləyir.

Çinin XİN başçısı Van İ öz növbəsində Rusiya və ölkəsinin BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olaraq dünyada inkişafı və tərəqqini təşviq etmək üçün məsuliyyət daşıdığına diqqət çəkərək deyib: “Biz çoxtərəfli strateji koordinasiyanı qorumalı, iki ölkənin qanuni hüquq və maraqlarını saxlamalı, beynəlxalq nizamı daha ədalətli və rasional istiqamətə yönəltməyə çalışmalıyıq”.

Eyni zamanda, Çin tərəfi bildirib ki, Vladimir Putin Rusiya-Ukrayna problemini dialoq və danışıqlar yolu ilə həll etmək niyyətindədir.

MƏHƏMMƏD BİN SALMAN: İRANIN NÜVƏ SİLAHI VARSA BİZİM DƏ OLMALIDIR

“İranın nüvə silahı varsa, Səudiyyə Ərəbistanının da nüvə silahı olmalıdır”. “Teleqraf.com”un verdiyi xəbərə görə, bunu Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman bəyan edib.

Eyni zamanda, Məhəmməd bin Salman bunun təhlükəsizlik və Yaxın Şərqdəki güc balansı üçün lazım olduğunu vurğulayıb.

Bununla yanaşı, vəliəhd şahzadə nüvə silahı təhlükəsi barədə də xəbərdarlıq edib: “Biz hər hansı bir ölkənin nüvə silahına sahib olacağından narahatıq”.

Məhəmməd bin Salman nüvə silahı əldə etmək cəhdlərinin və bunların yerləşdirilməsinin bütün dünyaya müharibə elan etməyə bərabər olacağını bildirib.

“İran nüvə silahı əldə etsə və ya hər hansı ölkə nüvə silahından istifadə etsə, bu, o deməkdir ki, onlar bütün dünya ilə müharibə aparırlar. Dünya başqa bir Xirosimanı görməməlidir”, - deyə Məhəmməd bin Salman əlavə edib.

ABŞ-IN BİRLƏŞMİŞ QƏRARGAH RƏİSLƏRİ KOMİTƏSİNƏ YENİ SƏDR TƏYİN OLUNUB

ABŞ Senatı general Çarlz Braunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri vəzifəsinə namizədliyini təsdiqləyib. “Report” agentliyinin verdiyi xəbərə görə, Braunun namizədliyinin lehinə 83, əleyhinə isə 11 nəfər səs verib.

Məlumata əsasən, Çarlz Braun səlahiyyət müddəti oktyabrın 1-də başa çatacaq Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi vəzifəsində Mark Millini əvəz edəcək.

Qeyd edək ki, Çarlz Braun 2020-ci ildə  Birləşmiş Ştatlar Hərbi Hava Qüvvələrinin baş komandanı kimi təsdiqlənən ilk afroamerikalı olub.

Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi kimi o, Kolin Paueldən sonra bu vəzifəni tutan ikinci afroamerikalı olacaq.

Eyni zamanda, general Çarlz Braunun təsdiqi ABŞ tarixində ilk dəfədir ki, həm Pentaqonun yüksək səviyyəli rəhbərləri - müdafiə naziri, həm də Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəisi afroamerikalıdır.

İNSANLAR ÜZƏRİNDƏ İLK BEYİN ÇİPİ TƏCRÜBƏSİNƏ BAŞLANILIR

İlon Maskın “Neuralink” şirkəti insanlar üzərində beyin çipi ilə bağlı  təcrübələr aparmağa başlayır. Bu barədə “TRT” telekanalının verdiyi xəbərdə qeyd olunur.

Şirkət tərəfindən verilən açıqlamada bildirilir: “Neuralink”in müstəqil araşdırma şurasının təsdiqindən sonra klinik sınaqlarda iflic olan insanlar üçün beyin implantını sınaqdan keçirməklə bağlı pasientlər axtarırıq. İmplant onurğa beyninin zədələnməsi nəticəsində iflic olan xəstələrdə sınaqdan keçiriləcək”.

Eyni zamanda, şirkət rəsmiləri təxminən 6 il davam edəcək araşdırmanın harada keçiriləcəyini və neçə iştirakçının olacağını açıqlamayıblar.

Qeyd edək ki, “Neuralink” şirkəti 2023-cü ilin may ayında beyin çipi layihəsini insanlar üzərində sınaqdan keçirməyə başlamaq üçün ABŞ Qida və Dərman İdarəsindən razılıq alıb. Bildirilir k, əvvəllər meymunlar üzərində sınaqdan keçirilən çiplər beyindəki siqnalları uğurla analiz edərək cihazlara ötürüb.

Açıqlamaya əsasən, “Neuralink” şirkətinin məqsədi beyinə yerləşdiriləcək mikroçiplər sayəsində iflic və korluq kimi nevroloji xəstəlikləri müalicə etməyi və əlil insanların həyat keyfiyyətini yaxşılaşdırmaqdır.

YUNANISTANIN BAŞ NAZİRİ: TÜRKİYƏ İLƏ ƏMƏKDAŞLIQ VACİBDİR

“Miqrasiya axınının azaldılması üçün Türkiyə ilə əməkdaşlıq vacibdir”. “Report” agentliyinin verdiyi xəbərə görə, bu fikri Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Nyu-Yorkda prezident Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı bəyan edib.

Eyni zamanda, Ərdoğanla xarici işlər nazirləri və diplomatik müşavirlərin müşayiəti ilə məhsuldar görüş keçirdiklərini ifadə edən Kiriakos Mitsotakis Türkiyə-Yunanıstan münasibətlərində son aylar müsbət ab-havanın dərinləşməsi üçün işi davam etdirməyin vacibliyini vurğulayıb.

Bununla yanaşı, Yunanıstanın baş naziri növbəti Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasını dekabrın 7-də Salonikidə keçirməyə qərar verdiklərini xatırladaraq, hər iki ölkənin üzləşdiyi ortaq problemlərin müzakirəsi üçün fürsəti əldə etdiklərini diqqətə çatdırıb.

ABŞ VƏ İRAN BƏZİ MƏSƏLƏLƏRDƏ KOMPROMİS ƏLDƏ EDİB

ABŞ və İran məhbus mübadiləsi danışıqları fonunda bəzi məsələlərdə kompromis əldə ediblər. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə ABŞ-ın “The Wall Street Journal” nəşri dövlət rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilir ki, ehtimal olunan razılaşmaya görə, ABŞ İranın neft yüklərini müsadirə etməkdən imtina edir, bunun qarşılığında Tehran Bəsrə körfəzində xarici tankerləri təqibi dayandırır.

Eyni zamanda, nəşrin məlumatına görə, İran və ABŞ danışıqlarda gərginliyə səbəb ola biləcək hərəkətlərdən çəkinməyə razılaşıb. Rəsmilərin sözlərinə əsasən, Vaşinqtonun kompromisləri sanksiyalardan sonra ciddi addımdır.

Xatırladaq ki, sentyabrın 18-də İran məhbus mübadiləsi anlaşması çərçivəsində 5 ABŞ vətəndaşını azad edib. ABŞ isə öz növbəsində 5 İran vətəndaşını sərbəst buraxıb.

ÇİRKAB SULARI “COVID-19”un YAYILMASINI SÜRƏTLƏNDİRİR

Çirkab sulara nəzarət “COVID-19”un yayılmasının qarşısını ala bilər. “Report” agentliyinin xəbərinə əsasən, bu barədə ABŞ-ın nüfuzlu “Science News” nəşri məlumat yayıb.

ABŞ-ın Xəstəliklərin Profilaktikası Mərkəzinin eksperti Emi Kirbi çirkab sulara nəzarətin sağlamlığa “COVID”dən daha geniş təsir göstərəcəyini proqnozlaşdırır.

Məlumata əsasən, çirkli sular birbaşa olaraq virusun yayılmasını sürətləndirir.

Nəşr yazıb ki, əgər məqsəd qlobal sağlamlığı qorumaqdırsa, tullantı sularına, həmçinin kanalizasiyalara nəzarət güclənməlidir. Bu işlər isə ciddi maliyyə tələb edir.

Qeyd edək ki, “COVID-19” 2019-cu ildən etibarən dünyada sürətlə yayılmağa başlayıb. Son vaxtlar dünyada “COVID-19” yeni ştamı olan “Eris” variantı yayılmaqdadır.