“RESPUBLİKA”-ya cavab verirlər
Digər xəbərlər

“RESPUBLİKA”-ya cavab verirlər

Azərbaycan dövlətinin əhalinin sosial-maddi durumunu, həyat və iş şəraitini daha da yaxşılaşdırmaq baxımından fundamental irəliləyişə nail olmasına rəğmən, bəzi bölgələrdə, qəsəbə və kəndlərdə mərkəzi və yerli icra hakimiyyətlərinin, bəzi məmurların laqeydliyi, səhlənkarlığı ucbatından müəyyən sosial problemlər hələ də qalmaqdadır. Həmin problemlər əhalini narahat edir, onlar qəzetimizə müraciət edərək bu çatışmazlıqların tənqid olunmasını və cavabdeh qurumların nəzərinə çatdırılmasını xahiş edirlər.

"Respublika" qəzeti həyatın müxtəlif sahələrində mövcud olan problemlərlə bağlı tənqidi yazılara öz səhifələrində geniş yer ayırır. Müxbirlərimiz rastlaşdıqları neqativ halları işıqlandırmaqla müvafiq qurumların diqqətini məsələnin müsbət həllinə istiqamətləndirməyə nail olurlar. 

Sevindirici haldır ki, əlaqədar qurumlar tənqidi çıxışlara biganə qalmır, problemlərin həlli yollarını axtarır, araşdırır və gecikməyə yol vermədən qəzetimizə cavab yazırlar. Aldığımız belə cavablardan bir neçəsini olduğu kimi dərc edirik.

 

***

 

Sizin 05 aprel 2023- il tarixli, 1-2-42/10 nömrəli məktubla Şəmkir Rayon Vərəm Xəstəxanasının öz istismar müddətini başa vurması binanın yararsız vəziyyətdə olması barədə ünvanladığınız müraciət müvafiq qanunvericiliyə uyğun olaraq araşdırılmışdır.

Qeyd olunanların araşdırılması nəticəsi barədə məlumat verilməsi üçün "Şəmkir Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsə rəsmi məktub göndərilmişdir.

Araşdırma zamanı Şəmkir Rayon Vərəm Xəstəxanasında 2020-ci ilin yanvar ayından stasionar qəbulun dayandırıldığı, binanın mövcud vəziyyəti ilə əlaqədar qüsur aktının tərtib edildiyi müvafiq orqanlara məlumat verildiyi, həmçinin yaxın zamanlarda binanın təmirinə başlanılacağı müəyyən olunmuşdur.

*** 

Şəmkir rayonu Təzəkənd kənd 3 saylı körpələr evi-uşaq bağçasının qəzalı vəziyyətdə olması ilə bağlı problemlərin həlli istiqamətində müvafiq köməklik göstərilməsi barədə daxil olmuş müraciətə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında qanunvericiliyə müvafiq qaydada baxılmışdır.

Məlumat üçün bildirirəm ki, dövlət məktəbəqədər təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 2021-ci il tarixli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri (uşaq evləri istisna olmaqla) Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir.

Şəmkir rayonu Təzəkənd kənd 3 saylı körpələr evi-uşaq bağçasının binasının qəzalı vəziyyətdə olması ilə əlaqədar Azərbaycan Respublikası Elm Təhsil Nazirliyinin təsərrüfathesablı Əsaslı Tikinti Təchizat İdarəsinə aidiyyəti üzrə müraciət edilmişdir.

Nəzərə almağınızı Sizdən xahiş edirəm.

***

Sizin 11 yanvar 2023- il tarixli, 1-2-42/02 nömrəli məktubla Şəmkir rayonunun Dəllər qəsəbəsində fəaliyyət göstərən şəhid Elçin Rüstəmov adına Dəllər qəsəbə ümumi orta məktəbin ərazisində yerləşən mağazanın tədris prosesinə mane olması barədə ünvanladığınız müraciət müvafiq qaydada araşdırılmışdır.

Araşdırma zamanı Dəllər qəsəbə sakini Oktay Məmmədovun mülkiyyətində olan torpaq sahəsinin məktəb ərazisinə aid olmadığı aşkar edilmiş sahibkarlıq fəaliyyətinin tədris prosesinə hər hansı bir maneçilik törətmədiyi müəyyən olunmuşdur.

Aynur ABDULLAYEVA,

 Şəmkir Rayon İcra Hakimiyyəti

 başçısının müavini - İctimai-siyasi

 humanitar məsələlər şöbəsinin müdiri.