İdman: Daim zirvələrdə
İdman

 İdman: Daim zirvələrdə

Paytaxtımız dünya çempionatına ev sahibliyi edəcək

Mayın 29-dan iyunun 4-dək Bakıda taekvondo üzrə dünya çempionatı baş tutacaq. Sayca 26-cı dəfə təşkil olunacaq yarış “Öz gücünü alovlandır” şüarı altında keçiriləcək.Yeddi gün davam edəcək çempionatda ölkəmizi Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakorava (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcəklər. Xatırladaq ki, paytaxtımıza mundiala ev sahibliyi etmək hüququ bir il əvvəl verilib.

 

Boksçularımız mübarizəni davam etdirirlər

Azərbaycan millisinin iki boksçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında yarımfinala yüksəlib. Yığmamızın üzvlərindən Alfonso Dominqes (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) dörddəbir final döyüşünü qələbə ilə başa vurublar. Təmsilçilərimiz ardıcıl ikinci dəfə mundialın yarımfinal mərhələsinə yüksəliblər. Onların bu mərhələdə rəqibləri Georgi Kuşitaşvili (Gürcüstan) və kubalı Fernando Lopes Arzola olacaq. Hər iki boksçumuz yarımfinala vəsiqə əldə etməklə özləri üçün ən azı bürünc medalı da təmin ediblər.

“Baku Open-2023”: Şahmatçımız liderlər qrupuna yüksəlib

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Baku Open-2023” beynəlxalq şahmat festivalında yeddinci turun görüşləri yekunlaşıb. Turun nəticələrinə görə, təmsilçimiz Şəmsi Qaraxanov ilk pillədə qərarlaşıb. Hesabında 6 xalı olan şahmatçılarımız Hüseyn Qurbanov, Əhməd Hüseynov, Suat İbrahimli, eləcə də özbək Afruzbek Sobirov və həmyerlimiz Məmməd Məmmədzadə 3-7-ci yerləri bölüşürlər. B qrupunda ilk pillələrdə Azərbaycan şahmatçıları yer alıb. Hərəyə 6,5 xal toplayan Eldar Musayev və Elcan Əbdülkərimli 1-2-ci yerdədirlər. Xatırladaq ki, əsas turnirdə 23 ölkədən 140 şahmatçı iştirak edir.

 

“Yaponiya-Azərbaycan dostluğu” səfir kuboku yarışı

Göygöl Olimpiya İdman Kompleksində 13 yaşadək cüdoçular arasında “Yaponiya-Azərbaycan dostluğu” səfir kuboku təşkil edilir. Yarış Gənclər və İdman Nazirliyinin, Göygöl Rayon İcra Hakimiyyətinin, Azərbaycan Cüdo Federasiyasının və Yaponiyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilir. Yarışda 47 klub, cəmiyyət və idman təşkilatından 300-dən çox cüdoçu medallar uğrunda mübarizə aparır. 2012-2014-cü il təvəllüdlü yeniyetmələr arasında təşkil olunacaq turnirdə qızlar və oğlanlar arasında 16 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Nərgiz İSMAYILOVA,

“Respublika”.