AZƏRBAYCAN dünya mediasında
Digər xəbərlər

AZƏRBAYCAN dünya mediasında

"The Associated Press": Avropa ölkələri Azərbaycan qazının nəqlini artırmağı razılaşdırır

Amerika Birləşmiş Ştatlarının məşhur xəbər saytı The Associated Press Azərbaycanla Avropa ölkələri arasında qaz nəqli barədə məlumat yayımlayıb.

Məlumatda Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın milli qaz sistemi operatorlarının Azərbaycandan təbii qazın nəqlini artırmaq barədə razılığa gəldiyi qeyd olunub. Xəbərdə, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa dövlətləri ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında sazişin imzalanmasını "çox vaxtında atılmış addım" adlandırması da yer alıb. Bundan başqa, ölkə başçımızın Azərbaycanın Avropanın daha bir çox ölkəsinə təhlükəsiz şəkildə qaz nəqlini təmin edəcəyi ilə bağlı səsləndirdiyi fikirlər də yazıda öz əksini tapıb.

 

MarketScreener.com: Energetika naziri: Azərbaycan yanvar-aprel ayında 10,2 milyon ton neft hasil edib

MarketScreener.com xəbər saytı Azərbaycanın yanvar-aprel aylarında hasil etdiyi neftin miqdarı ilə əlaqədar paylaşım edib.

Sözügedən yazıda deyilir ki, Energetika naziri Pərviz Şahbazov cümə günü Twitter-də bildirib ki, Azərbaycan yanvar-aprel aylarında 10,2 milyon ton neft hasil edib və bunun 8,5 milyon tonu ixrac olunub. Şahbazov həmçinin bildirib ki, bu dövr üçün ölkənin təbii qaz hasilatı 16,2 milyard kubmetr (BCM) təşkil edib və bunun da 3,9 milyard kubmetri Avropaya ixrac edilib.

 

"News.am": ABŞ Azərbaycan və Ermənistana çağırış edib

Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan liderlərini silahlı qüvvələrinin sərhəddən çıxarılmasına razılıq verməyə çağırıb.

Bu barədə Ermənistanın "News.am" nəşri məlumat yayıb. Bildirilib ki, ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel çağırış edib.

"Zorakılıq Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülhə doğru əldə etdiyi irəliləyişə xələl gətirir. Biz hər iki ölkənin liderlərini mayın 14-də Brüsseldə görüş zamanı qoşunlarını sərhəddən geri çəkməyə razılaşmağa çağırırıq", - deyə Patel bildirib.

 

Anadolu Agentliyi: Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində bir Azərbaycan əsgəri şəhid olub, biri isə yaralanıb

Rəsmi məlumatlara görə, Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunda törətdiyi təxribat nəticəsində bir Azərbaycan hərbçisi həlak olub, digəri isə yaralanıb.

Bu barədə Türkiyənin nüfuzlu xəbər saytı Anadolu Agentliyinin yaydığı məlumatda bildirilib.

"Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub. Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür", - deyə məlumatda qeyd olunub. "Yaralı hərbçi dərhal hərbi tibb müəssisəsinə aparılıb. Ermənistan tərəfinə təxribatlara son qoymaq və vəziyyəti qəsdən gərginləşdirməmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq, atəşkəs rejimi növbəti dəfə pozulub".

 

MENAFN: Azərbaycanın iqtisadiyyat naziri "Total Energies" şirkətinin  kəşfiyyat və hasilat üzrə prezidenti ilə görüşüb

MENAFN (Middle East North Africa Financial Network) xəbər portalı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun "Total Energies" şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terrazla görüşü barədə məlumat yayıb.

Xəbərdə, görüş zamanı şirkətin Azərbaycandakı fəaliyyəti, əməkdaşlığın genişləndirilməsi imkanları, perspektiv layihələr barədə fikir mübadiləsi aparıldığı bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Total Energies" şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terrazı qəbulu zamanı SOCAR ilə "Total Energies" arasında uzun illər ərzində uğurlu əməkdaşlığın həyata keçirilməsi fonunda "Abşeron" qaz yatağında yaxın aylarda nəzərdə tutulan hasilatın başlanılması məsələsi müzakirə olunub. Görüş çərçivəsində, Nikolas Terraz "Total Energies" şirkətinin Azərbaycanla əməkdaşlığa sadiqliyini və davamlı marağını vurğulayaraq, ölkəmizdəki fəaliyyətlərini genişləndirmək niyyətində olduqlarını qeyd edib.

 

Hraparak: Nikol Paşinyanın Qarabağ siyasətinin fiaskosu

"Hraparak" nəşri Ermənistanın baş naziri Nikol Paşinyanın yürütdüyü Qarabağ siyasətinin fiaskoya uğraması haqqında məqalə hazırlayıb.

Yazıda qeyd olunur ki, Nikol Paşinyan bir tərəfdən qondarma rejimin Azərbaycanla gedən danışıqlar prosesində tərəf kimi iştirak etməsini və onun təhlükəsizliyinin qarantı kimi Rusiyanın olmasını vurğulayır, hökumətin bütün iclaslarında və xarici səfərlər zamanı separatçı rejimin maraqlarına birbaşa təsir edən açıqlamalar verir.

Məqalənin davamında bildirilir: "Ermənistanın 29 min 800 kilometrini saxlaya bilməyəcəyimiz barədə düşünməyimizə gəldikdə isə, artıq danışıqlar masasında suveren Ermənistan məsələsi durur, bu o deməkdir ki, Nikol Paşinyan hökuməti, siz bütün parametrlərdə və bütün məsələlərdə uğursuz olmusunuz".

İkinci Qarabağ müharibəsindən sonra 3 il ərzində "baş nazir" "Qarabağ Azərbaycandır" deməyi tələb edir və o, bu sözləri dolayı yolla deyir, bu isə sözün əsl mənasında fəlakətli fiaskodur, hər sonrakı gün onun baş nazir kimi tam səriştəsizliyini və dəyərsizliyini təsdiqləyir".

Xatırladaq ki, Vətən müharibəsində Ermənistanın böyük rüsvayçılıqla məğlub olmasından sonra müxalifət Paşinyanın istefasını tələb edir və onu baş nazir vəzifəsinə layiq görmür.

"Respublika".