Ağdam-Xankəndi yolu yükdaşımalar üçün açıqdır
Digər xəbərlər

Ağdam-Xankəndi yolu yükdaşımalar üçün açıqdır

Məlum olduğu kimi, iyulun 26-dan etibarən Ermənistan dövləti Azərbaycanla sərhəddə vəziyyəti gərginləşdirməyə cəhd göstərir. Bu dəfə onlar Laçın rayonu istiqamətində silahlı təxribatla deyil, "humanitar fəlakət" adlı şou düzəltməklə gündəmə gəliblər. Ermənistandan hərəkət edən "humanitar yük" karvanı Azərbaycanla razılaşdırılmadan Xankəndiyə daxil olmaq istəsə də bu qanunsuzluğun qarşısı alınıb.

Ermənistanın Xankəndi ətrafında yeni oyununu şərh edən siyasi şərhçi Tural İsmayılov bildirib: "Xankəndi ətrafında çirkin ssenarilər həyata keçirilir. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən sonra geopolitik gücdən qlobal siyasi gücə çevrilməsi və dünyada gedən siyasi proseslərdə ön sıralarda yer alması bəzi beynəlxalq dairələri narahat edir. Həmin beynəlxalq qurumlar Azərbaycan və hətta Türkiyəyə təzyiq üçün bu gün Xankəndi ermənilərindən istifadə etməyə çalışırlar. Məsələ ondan ibarətdir ki, bu gün Qarabağda yaşayan ermənilər Azərbaycana reinteqrasiya olunmağa təşviq edilməlidir. Lakin biz bunun əksini görürük. Qarabağ erməniləri hazırda həm oradakı separatçı quldurlar tərəfindən, həm də Fransa, Rusiya və başqa xarici güclər tərəfindən istismar edilir. Bu gün Xankəndi erməniləri arasında Azərbaycana inteqrasiyanın tərəfdarı, həqiqətən də ağlı başında olan insanlar var. Onlar anlayırlar ki, Araik terrorçu xuntasından və eyni zamanda Vardanyanlardan yeganə xilas yolu Azərbaycana inteqrasiyadan keçir. Azərbaycan hər zaman qeyd edir ki, Xankəndidə yaşayan erməniləri öz vətəndaşı kimi qəbul edir. Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı yaşamadığı halda, Bakıda, Sumqayıtda, Gəncədə, Kürdəmirdə və başqa şəhərlərimizdə minlərlə erməni əsilli vətəndaşımız yaşayır. Və onlar necə multikultural, tolerant şəkildə yaşayırlarsa, Qarabağ erməniləri də həmin imkanlardan yararlanacaqlar. Lakin biz gördük ki, Laçında sərhəd nəzarət-buraxılış məntəqəsi bərpa edildikdən sonra bu prosesi sabotaj etməyə çalışan müəyyən addımlar atıldı. Əvvəlcə erməni hərbçilər tərəfindən Laçın postunun atəşə tutulmasından və BQXK-nın erməni əsilli əməkdaşlarının törətdiyi qanunsuz əməllər aşkar olunduqdan sonra Azərbaycan bəzi zəruri tədbirlər görməyə məcbur oldu. Lakin bütün bu olanlara baxmayaraq, dövlətimiz daim humanizm prinsiplərinə sadiq qalıb. Artıq Qarabağda yaşayan erməni etnik azlıqların tibbi məqsədlər üçün keçidinə şərait yaradılır. Amma bu faktları görməzdən gələrək Azərbaycan ərazilərinə yük karvanları daxil etməyə cəhd göstərmək və beynəlxalq aləmə car çəkmək siyasi abırsızlıqdan başqa bir şey deyil. Cənab Prezident də vurğuladı ki, bu gün Ermənistandan Xankəndiyə hansısa böyük yüklər daşınırsa, Ağdam-Xankəndi yolundan istifadə edə bilərlər. Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov da bildirib ki, Ağdam-Xankəndi yolu bütün yük daşımalar üçün tam açıq vəziyyətdədir. Yəni ölkəmiz öz ərazisindəki logistik yükdaşımaları istədiyi bir ərazidən keçirmək hüququna malikdir. Lakin Ermənistan və ondan siyasi oyuncaq kimi istifadə edənlər bir neçə gündür Xankəndi məsələsi ətrafında növbəti şounu davam etdirirlər".

Politoloq Avropa İttifaqının bu məsələdə tutduğu mövqedən də danışıb:

 "Əlbəttə, bizim üçün məyusedici məqamlardan biri də Avropa İttifaqının son məsələdə qeyri-konstruktiv yanaşma sərgiləməsidir. Bir tərəfdən, Şarl Mişelin vasitəçiliyilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı davamlı işlər görülür, digər tərəfdən, Borel və digər rəsmilərin vəziyyətlə bağlı qeyri-dəqiq şərhləri, ədalətsiz mövqe ortaya qoymaları çox üzücüdür. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan Aİ üzv olan ölkələrin üçdəbiri ilə strateji müttəfiqdir və eyni zamanda Aİ ilə ölkəmiz arasında enerji təhlükəsizliyi sahəsində Saziş imzalanıbdır. Belə olan halda, reallıqdan uzaq şərhlərin verilməsi Azərbaycana qarşı ədalətsizliyin növbəti göstəricisidir".

Musa BAĞIRLI,

"Respublika".