Əbədiləşən ömür
Sosial həyat

Əbədiləşən ömür

Rasim Fəttah oğlu Mirzəyev İkinci Qarabağ müharibəsində hünəri ilə tarix yazan Azərbaycanın minlərlə qəhrəman oğullarındandır. Ömür yolu 22 il çəkdi. Torpaq uğrunda can qoyub şəhidlik zirvəsinə ucalmaqla bütöv bir xalqın qəhrəmanlıq simvoluna çevrilib.

Bu Vətən sevdalısı Lənkəran rayonunun Gəgiran kəndində boya-başa çatıb. Rasim Mirzəyev orta məktəbi başa vuranda onu ən çox narahat edən Qarabağın işğalı olur. Lənkəran elinin vicdanlı, qeyrətli oğlu 1998-ci ildə ordu sıralarına yağıdan qisas almaq amalı ilə yola düşür. Xidmət etdiyi hərbi hissədə nümunəvi əsgər olmaqla doğma Azərbaycana layiqli övlad olduğunu göstərir. Məqamı gələndə mübarizə meydanında erməni dığaların ilan başını əzməkdən ötrü hərbi təlimlərdə fəal iştirak edir, bütün sınaqlarında uğur qazanır. 2019-cu ildə hərbi xidmətdən tərxis olunan Rasim mülki fəaliyyətə başlayır. Xeyirxah, nəcib əməlləri ona hörmət gətirir. Həmkəndlisi Şəlalə adlı xanımla ailə həyatı qurur. Halal ailə ocağında Asiman adında oğlu dünyaya gəlir.

Vətən müharibəsi başlayan gündən döyüş meydanına yollanır. İlk sarsıdıcı zərbəni düşmənə Füzulidə endirir. Daha sonra çiyin-çiyinə vuruşduğu əsgərlərlə Cəbrayıl Qubadlının azad olunması uğrunda uğurlu hücum əməliyyatında fərqlənir. İgid əsgər 25 gün müharibə meydanında erməni dığalarına sözün əsl mənasında qan uddurur. Oktyabrın 19-da Qubadlı istiqamətində adsız yüksəklikdə gedən qeyri-bərabər döyüşdə mərdliklə vuruşur. Çoxlu sayda erməni dığasını məhv edir. Təəssüf ki, özü gülləyə tuş gəlir. Canından artıq sevdiyi Vətən eşqi ilə döyünən ürəyi əbədi dayanır.

Şəhidin atası Fəttah kişi deyir: - Cibində gəzdirdiyi şəxsi kitabçasında iştirak etdiyi döyüşləri yazıb. Kitabçada 19 oktyabra qeydlər vardır. Həmin gündən sonra vərəqlər qeydsiz idi. Ondan bildim ki, elə həmin gün oğlum qəhrəmancasına şəhid olub. Oğlumun şəhidliyi doğma Azərbaycana sevgidən yarandı. İndi təkcə mən yox, bütün xalq oğlumla fəxr edir... Vətən sağ olsun! Şəhidin anası Zəkiyyə xanım: "Rasim yaxşı, Vətəninə, xalqına bağlı oğul idi. Oğlum Vətən üçün dünyaya gəlmişdi, onun uğrunda canından keçməklə müqəddəsliyə qovuşdu, əbədi olaraq tarixə çevrildi", - deyir.

Şəlalə xanım da həyat yoldaşı Rasimdən iftixarla danışır. Bildirir ki, Rasim həmişə deyirdi, Vətən torpaqlarının düşmənin ayağı altında qalmasına dözə bilmirəm. Bu da yalnız qeyrətli oğlanların işidir. Arzusu döyüşlərdə iştirak etmək idi. Arzusuna çatdı, müharibədə iştirak etdi şəhid oldu. Yeri cənnət olsun.

Rasim Mirzəyev Vətən müharibəsində göstərdiyi igidlik qəhrəmanlıqlara görə "Cəsur döyüşçü", "Vətən uğrunda", Cəbrayılın Qubadlının azad olunmasına görə medallarına layiq görülüb. Bəli, torpağı qanı ilə Vətən edən igidlər daim qəlblərdə yaşayacaq, adları Vətənlə bir çəkiləcək.

Zəfər ORUCOĞLU.