DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

DÖRD ÖLKƏDƏN İRANLA BAĞLI KRİTİK ARAŞDIRMA TƏLƏBİ

ABŞ, Böyük Britaniya, Fransa və Almaniya BMT Təhlükəsizlik Şurasının iclasında İranın dron proqramının genişləndirilməsindən narahatlıqlarını bildirərək, bu mövzuda pozuntuların araşdırılmasını tələb ediblər. “Teleqraf.com”un xəbərinə görə, BMT Təhlükəsizlik Şurasının İranın nüvə proqramı və bu ölkəyə qarşı qəbul edilmiş 2231 saylı qətnamənin icrası ilə bağlı iclas keçirib.

Məlumumata görə, toplantıda BMT baş katibinin siyasi məsələlər üzrə müavini qətnamənin icrası ilə bağlı son hesabatını təqdim edib. Yeni hesabata görə, İranla nüvə anlaşması dalana dirənib və bunun tam icrasına qayıtmaq perspektivi məhduddur.

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas Qrinfild hesabatı “natamam” adlandırıb, bildirib ki, sənəddə İranın dron proqramı ilə bağlı pozuntuları tam nəzərə alınmayıb. Qrinfild onu da qeyd edib ki, BMT baş katibi Ukrayna və digər ölkələrin bu pozuntularla bağlı sübutların nəzərdən keçirilməsi tələbini qəbul etməyib və bu, bağışlanmaz çatışmazlıqdır.

Eyni zamanda, Böyük Britaniya, Fransa və Almaniya da təcili olaraq İrana qarşı təzyiqlərin artırılmasını tələb ediblər.

 

ABŞ SONUNCU KİMYƏVİ SİLAH ANBARINI MƏHV ETMƏYƏ BAŞLAYIB

ABŞ sonuncu kimyəvi silah anbarını məhv etməyə başlayıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “The New York Times” nəşri məlumat yayıb.

Nəşr bildirir ki, ABŞ-ın Kolorado ştatının Pueblo şəhərindəki hərbi anbarda qapalı otaqda robotlar qrupu dünyada məlum olan son kimyəvi silah anbarını məhv edir.

Məlumata əsasən, 70 ildən çox saxlanılan zəhərli maddə ilə doldurulmuş mərmiləri robotlar deşir, qurudur, yuyur və sonra çox yüksək temperaturda emal edir. Konveyer kəmərindən isə adi bir qəhvəyi zibil qutusuna zərərsiz metal qırıntıları düşür.

Qeyd edək ki, 1989-cu ildə ABŞ və SSRİ kimyəvi silah ehtiyatlarını məhv etmək barədə razılığa gəlib. Senat 1997-ci ildə Kimyəvi Silahlar üzrə Konvensiyanı ratifikasiya edəndə ABŞ və sənədi imzalayan başqa ölkələr kimyəvi silahlardan birdəfəlik xilas olmaq öhdəliyi götürüblər.

 

UKRAYNA ORDUSU MÖVQELƏRDƏ INAMLA İRƏLİLƏYİR

Rusiya ordusu Baxmut istiqamətində hücuma keçsə də, uğur qazana bilməyib. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ukrayna qüvvələri bu istiqamətdə Rusiya aviasiyasının və artilleriyasının güclü atəşi altında bütün hücumları uğurla dəf ediblər. Eyni zamanda, Ukrayna ordusu azad olunan mövqelərdə möhkəmləniblər.

Baş Qərargahın açıqlamasına görə, ümumilikdə ruslar əsas səylərini Liman, Baxmut, Avdiv və Marin istiqamətlərinə yönəldib.

Məlumata əsasən, Rusiya qoşunlarının Marin istiqamətində bütün hücumları dayandırılıb. Ukrayna ordusu Şaxtyorda da belə cəhdləri uğurla dəf edib. Rusiya qüvvələrinin nəticəsiz səyləri Liman, Avdiv və Kupyanda da qeydə alınıb.

Həmçinin bildirilir ki, Ukrayna Müdafiə Qüvvələri əldə edilmiş mövqelərdə möhkəmlənir və əks-hücum tədbirləri həyata keçirir.

 

SİLVİO BERLUSKONİNİN VƏSİYYƏTİNİN TƏFƏRRÜATLARI

Dünyasını dəyişən İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin vəsiyyətinin təfərrüatları məlum olub. “Teleqraf.com”un xəbərinə görə, Berluskoninin vəsiyyəti ölümündən üç həftə sonra elan edilib.

Keçmiş baş nazir 2006-cı ildə yazdığı vəsiyyətnaməsində mülklərini birinci həyat yoldaşı Karla Elvira Dall'Ogliodan olan uşaqları Marina və Pier Silvio, digər aktivlənin də bərabər şəkildə beş övladı - Marina, Pier Silvio, Barbara, Eleonora və Luici arasında bölünməsini istəyib.

Beləliklə, S.Berluskoninin media və bank sektorundakı şirkətlərinin, “Monza” futbol klubunun və digər aktivlərinin daxil olduğu “Fininvest” holdinqindəki səhmlərinin 53 faizlik hissəsi Marina və Pier Silvioya çatıb. Holdinqin səhmlərinin qalan hissəsi isə mərhumun ikinci həyat yoldaşı Veronika Lariodan olan üç övladı - Barbara, Eleonora və Luici arasında bölüşdürülüb.

Berluskoni 33 yaşlı nişanlısı Marta Faskinaya 100 milyon avro, qardaşı Paolo Berluskoniyə 100 milyon avro, yaxın dostu senator Dell'Utriyə isə 30 milyon avro vəsiyyət edib.

 

STOLTENBERQ: NATO LİDERLƏRI UKRAYNANIN  ÜZVLÜYÜNÜ TƏSDİQLƏYƏCƏK

“NATO liderləri Ukraynanın Alyansa üzv olacağını təsdiq edəcək”. “Report”un məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

Baş katibin sözlərinə görə, sammitdə üzv ölkələr qərarları ilə Ukraynanı daha da gücləndirəcək və gələcəklə bağlı baxışlarını ifadə edəcəklər.

Bununla yanaşı, Yens Stoltenberq ümid edir ki, Alyans liderləri Ukraynanı NATO-ya yaxınlaşdıracaq üç elementdən ibarət paket üzərində razılığa gələcəklər: “Birincisi, onlar Ukrayna ordusu ilə NATO arasında tam əməkdaşlığı təmin etmək üçün illik yardım proqramını razılaşdıracaqlar”.

Baş katib vurğulayıb ki, ikincisi, onlar Ukrayna-NATO Şurasının yaradılması yolu ilə siyasi əlaqələri yaxşılaşdıracaqlar. “Üçüncü, ümid edirəm ki, NATO liderləri Ukraynanın Alyansa üzv olacağını təsdiq edəcək və Ukraynanı məqsədinə yaxınlaşdırmaq məsələsində həmrəy olacaqlar”.

Məlumat üçün qeyd edək ki, NATO sammiti iyulun 11-12-də Vilnüsdə keçiriləcək.

 

POLŞA DİN: “VAQNER” QRUPLAŞMASI SƏRHƏDDƏ TƏXRİBAT TÖRƏDƏ BİLƏR

Belarusdakı “Vaqner” qruplaşmasının üzvləri Polşa ilə sərhəddə təxribat törədə bilərlər. “Report” agentliyinin xəbərinə görə, bunu Polşanın daxili işlər naziri Mariuş Kaminski bəyan edib.

Nazirin sözlərinə görə, “Vaqner” xüsusi hərbi şirkətinin üzvləri konkret tapşırıqları yerinə yetirmək üçün iki ölkə sərhədinə gələ bilərlər. “Polşa ölkə sərhədində sabitliyin pozulmasına imkan verməyəcək. Ona görə də artıq qabaqlayıcı tədbirlər görülür”, - deyə nazir əlavə edib.

Eyni zamanda, DİN rəhbəri qeyd edib ki, Belarusdakı “Vaqner”çilər Polşa ilə yanaşı, Ukrayna və Litva üçün də təhdid yarada bilərlər: “Əlbəttə, onlar Belarusa istirahət üçün getməyiblər”.

M.Kaminski onu da vurğulayıb ki, Polşa xüsusi xidmət orqanlarında “Vaqner”in rəhbəri Yevgeni Priqojinin Belarusda olmasına dair hansısa məlumat yoxdur.

Xatırladaq ki, Belarus prezident Aleksandr Lukaşanko ötən gün Y.Priqojinin Belarusda olmadığını açıqlamışdı.

 

FRANSADA OLİMPİYA OYUNLARI İLƏ BAĞLI NARAZILIQ ARTIR

Fransada 2024-cü il Olimpiya Oyunlarının Parisdə keçirilməsinin tərəfdarlarının sayının azaldığı müşahidə olunur. “Trend” agentliyinin xəbərinə görə, bunu “Le Figaro” qəzeti üçün keçirilən sorğunun nəticələri təsdiqləyir.

Sorğuya əsasən, fransızların yalnız 58 faizi gələn il oyunların Fransanın paytaxtında keçirilməsi ideyasına müsbət yanaşır. Bu göstərici son üç ay ərzində 11 faiz azalıb. Sorğuda iştirak edənlərin yerdə qalanları ya əks fikr bildirib, ya da konkret cavab verməyiblər.

Bununla yanaşı, sorğunun nəticələrindən görünür ki, mənfi cavab vermiş respondentlərin 64 faizi öz təhlükəsizliklərinə görə, 66 faizi nəqliyyat problemləri ilə bağlı, 71 faizi isə ətraf mühitə mənfi təsirə görə narahatdırlar.

Bundan başqa, sorğuda iştirak edənlərin yarıdan çoxu (52 faiz) Olimpiya Oyunlarını izləməyi planlaşdırdıqlarını bildiriblər.

Məlumat üçün qeyd edək ki, Parisdə Yay Olimpiya Oyunları 2024-cü il 26 iyul - 11 avqust tarixlərində keçiriləcək.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.