DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

VLADİMİR PUTİN ÖLKƏSİNİN ÇİNLƏ ƏMƏKDAŞLIĞINI YÜKSƏK QİYMƏTLƏNDİRİB

Rusiya ilə Çin arasında əməkdaşlıq beynəlxalq vəziyyətin sabitləşməsi üçün çox vacibdir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin Çinin xarici işlər naziri Van İ ilə görüşü zamanı bəyan edib. Prezidentin sözlərinə görə, Rusiya Federasiyası ilə Çin arasında əməkdaşlıq beynəlxalq vəziyyətin sabitləşməsi baxımından  böyük əhəmiyyət kəsb edir. Putin bildirib ki, 2024-cü ilə qədər iki dövlət arasında ticarət dövriyyəsinin həcmi 200 milyard dollara çatacaq.

Eyni zamanda, Vladimir Putin qeyd edib ki, Rusiya bütün sahələrdə - humanitar sahədə, beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də, Rusiyanın daimi üzvü olduğu Təhlükəsizlik Şurasında, “BRICS”də, Şanxay Təşkilatında, bir çox birgə işlərdə Çinlə əməkdaşlıq edir. Öz növbəsində, Çinin XİN başçısı Van İ  iki dövlət arasında münasibətlərin beynəlxalq ictimaiyyətin təzyiqlərinə tab gətirdiyini və davamlı şəkildə inkişaf etdiyini vurğulayıb.

 

NETANYAHU: İSRAİL-ƏRƏB MÜNAQİŞƏSİNƏ SON QOYMAQ MÜMKÜNDÜR

İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması mümkündür və bu, bütövlükdə ərəb-İsrail münaqişəsinə son qoya bilər. “Report” agentliyinin verdiyi xəbərə görə, bu fikri İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivdə keçirilən təhlükəsizlik konfransında çıxışı zamanı bildirib. “Əgər biz sülh çevrəmizi Səudiyyə Ərəbistanına qədər genişləndirsək, onda düşünürəm ki, ərəb-İsrail münaqişəsinə həqiqətən son qoyacağıq və Fələstin problemini həll edəcəyik”, - deyə B.Netanyahu vurğulayıb. Eyni zamanda, baş nazirin sözlərinə görə, İsrailin hərbi, kəşfiyyat, texnoloji və iqtisadi gücünün iştirakı ilə ümumi maraqlara əsaslanan sülhə doğru irəliləmək İsraillə qonşuları arasında münasibətlərin normallaşmasına dair razılaşmalar üçün möhkəm zəmin yaradacaq.

“Düşünürəm ki, Səudiyyə rəhbərliyi rəsmi olaraq bunun bir hissəsi olmaq istədiklərinə qərar verərsə, biz irəliyə doğru nəhəng sıçrayış edəcəyik”, - deyə baş nazir əlavə edib.

 

ENTONI BLİNKEN BMT-NIN BAŞ KATIBI ILƏ TAXIL SAZİŞİNİ MÜZAKİRƏ EDƏCƏK

ABŞ-ın dövlət katibi Entoni Blinken BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə nazirlər iclasında iştirak edəcək. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb. “Entoni Blinken BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə nazirlər iclasında iştirak etmək üçün fevralın 23-24-də Nyu-Yorka gedəcək”, - deyə açıqlamada qeyd olunur.

Məlumata əsasən, ABŞ-ın dövlət katibi BMT baş katibi ilə taxıl sazişinin genişləndirilməsi imkanlarını müzakirə edəcək.

Bununla yanaşı, Entoni Blinken və Antoniu Quterreş Ukraynaya genişmiqyaslı iqtisadi, hərbi və humanitar dəstəklə bağlı danışıqlar aparacaqlar.

Qeyd olunur ki, iclas Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasının birinci ilinin tamamlanmasına həsr olunacaq.

 

KRİPTOVALYUTA BİRJASI HAKER HÜCUMUNA MƏRUZ QALIB

“Coinbase” kriptovalyuta birjasına haker hücumu həyata keçirilib. “Trend” agentliyinin məlumatına görə, birjanın təhlükəsizliyinə nəzrət edən mütəxəssislər hücumu tez bir zamanda dəf edə bildiklərini açıqlayıblar.

Verilən xəbərə görə, bəzi əməkdaşların giriş məlumatları hakerlər tərəfindən ələ keçirilməyə cəhd olunsa da, onların istifadəçi hesablarına daxil olmaq mümkün olmayıb.

“Coinbase” tərəfindən verilən açıqlamada naməlum kiber hücumçuların fişinq üsulu ilə bəzi işçilərə SMS göndərdikləri və hesablarına daxil olmalarını istədikləri bildirilib. Ciddi bir hücumdan son anda xilas olan “Coinbase” səlahiyyətliləri, hücumda istifadə edilən üsulun ötən il “Cloudflare” şirkətinə hücum edən hakerlərin metodu ilə eyni olduğunu bildirərək lazımı sənədləri hüquq-mühafizə orqanlarına təqdim etdiklərini açıqlayıblar.

 

İRANDA ETİRAZLARIN YENİ MƏRHƏLƏSİ BAŞLAYIB

İrandakı etiraz aksiyalarının yeni mərhələsi başlayıb və etirazçıların fəallığı son günlərdə əhəmiyyətli dərəcədə artıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb. Açıqlamaya əsasən, fevralın 16-da 15, fevralın 19-da 12, fevralın 20-də 14 və fevralın 21-də isə 7 etiraz aksiyası həyata keçirilib. Bildirilir ki, bu, cari ildə ən yüksək göstəricidir. Eyni zamanda, “The Washington Post" qəzetinin yazdığına görə, Məhsa Əmininin doğulduğu Kürdüstan əyalətində etirazçılar növbəti aksiyaya hazırlaşırlar. Etirazçılar təhlükəsizlik qüvvələri ilə mübarizə aparmaq üçün bir sıra vasitələr, o cümlədən “molotov kokteyli” tədarük etməyə başlayıblar. Eyni zamanda Qərb analitiklərinin fikrincə, İran ciddi iqtisadi problemlərlə üzləşməkdə davam edir. Qeyd olunub ki, bu, prezident İbrahim Rəisi və onun komandasına qarşı artan siyasi hücumları gücləndirə bilər. Xatırladaq ki, İranda etiraz aksiyaları ötən ilin sentyabrın 17-də 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayıb.

 

RUSİYA ABŞ-DAN AÇIQLAMA GÖZLƏYİR

Rusiya “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışlarla bağlı ABŞ-dan açıqlama gözləyir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov bildirib. “Biz Avropanın enerji təhlükəsizliyinə zərbə vuran “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışlarla bağlı ABŞ-dan izahat gözləyirik”, - deyə K.Qavrilov vurğulayıb.

Rusiya nümayəndə heyətinin rəhbəri, amerikalı jurnalist Seymur Herşin əvvəllər dərc edilmiş araşdırmasına istinad edib ki, bu da “ABŞ hərbçiləri və onların norveçli müttəfiqlərinin sözügedən qaz kəmərlərinin üç qoluna hücum etdiyinə dəlalət edir”. “Rusiya Federasiyası Federal Məclisinin Dövlət Duması 2022-ci il sentyabrın 26-da Baltik dənizində törədilmiş cinayətlə bağlı təcili beynəlxalq araşdırma aparılması təklifi ilə BMT-yə müraciət edib. Məsul şəxslərin müəyyən edilməsi üçün obyektiv araşdırma aparılmasına çağırırıq”, - deyə Konstantin Qavrilov əlavə edib.

 

UKRAYNA MÜHARİBƏSİNİN DÜNYA İQTİSADİYYATINA VURDUĞU ZƏRƏR

2022-ci il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatına 1,6 trilyon dollar ziyan vurub. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə Almaniya İqtisadi Tədqiqatlar İnstitutu məlumat yayıb.

Bildirilir ki, institutun  tədqiqat qrupundan olan Maykl Qromlinq müharibənin böyük qlobal iqtisadi əhəmiyyətini vurğulayaraq, enerji və xammal təchizatı ilə bağlı problemlərin şirkətləri təzyiq altında saxladığını diqqətə çatdırıb.

“Yüksək enerji qiymətləri istehsal mərhələsində xərclərin artmasına səbəb oldu və bir çox şirkət üçün hesablanması çətin olan vəziyyətə çevrildi”, - deyə institutun araşdırma ilə bağlı bəyanatında qeyd olunur.

Bununla yanaşı, bildirilir ki, araşdırma nəticəsində məlum olub ki, qlobal iqtisadiyyat 2022-ci ildə 1,6 trilyon dollar gəlir əldə edə bilərdi, lakin müharibə səbəbindən bu alınmayıb.

Eyni zamanda, Maykl Qromlinq 2023-cü il proqnozunda qlobal əlavə dəyər itkisinin 1 trilyon dollar olacağını proqnozlaşdırıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.