Ermənistanın TIR şousu davam edir
Siyasət

Ermənistanın TIR şousu davam edir

“Bir sıra xarici təşkilatların təxribat məqsədli bu şouya dəstək olması təəssüf doğurmaqla yanaşı, bölgədə vəziyyətin stabilləşməsinə də xidmət etmir. Ermənistan rəhbərliyi hələ də hər vəclə Ağdam-Xankəndi yolundan istifadə etməkdən boyun qaçırır.”

“Respublika” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

26 km uzunluğu olan Ağdam-Xankəndi yolu müasir standartlara uyğun qurulmaqla yanaşı bölgədə Xankəndinə ən qısa məsafə hesab olunur. Laçın-Xankəndi yolu 60 km-dir və bu yol Şərqi Zəngəzurla Qarabağı birləşdirir. Ağdam-Xankəndi yolu isə Qarabağ iqtisadi rayonunda daxili şəbəkədir və bu baxımdan da vacib nəqliyyat xəttidir.

Bununla yanaşı, deputat qeyd edib ki, bu yoldan istifadə bütövlükdə Qarabağ iqtisadi rayonun inkişafına töhvə vermək baxımdan da vacibdir:

“Daxili nəqliyyat və logistik şəbəkə iqtisadi inkişaf üçün zəmin yaratdığından bu yolun intensiv istifadəsi əhəmiyyətlidir. Digər tərəfdən, əgər məqsəd Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə humanitar yardım göstərməkdirsə, niyə Ermənistan siyasi hakimiyyəti daha qısa və müasir standartlara uyğun qurulmuş yoldan istifadədən imtina edir?!”

Nurlan ABDALOV,

"Respublika".