Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

FRANSANIN AFRİKADAKI DİPLOMATİK SƏYLƏRİNİN UĞURSUZLUĞU

Müxtəlif fraksiyalara mənsub 94 fransız senatoru ölkə prezidenti Emmanuel Makrona Afrikada dövlət siyasətinin uğursuzluğuna dair açıq məktub göndərib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb.

Senatorların fikrincə, bir sıra Afrika ölkələri - Niger, Mali, Mərkəzi Afrika Respublikası, Burkina Faso Fransanın siyasi, hərbi və iqtisadi təsirindən imtina edib. Eyni zamanda, parlamentarilər vurğulayıblar ki, Fil Dişi Sahili Respublikası, Seneqal kimi Fransaya yaxın sayılan ölkələrdə Fransaya qarşı kütləvi aksiyalar keçirilir. Həmçinin məktubda rəsmi Parisin Əlcəzair, Mərakeş və Tunislə də mürəkkəb münasibətlərinin olduğu qeyd olunur.

Bununla yanaşı, senatorlar bildiriblər ki, Fransa Afrikası hərbi Rusiya Afrikası, iqtisadi Çin Afrikası və diplomatik Amerika Afrikası ilə əvəzlənir. Məlumata əsasən, parlamentarilər Fransanın Afrikaya baxışına və onun rəsmi Parislə əlaqələrinə yenidən baxılmasının zəruriliyi ilə bağlı fikirlərini bildiriblər.

TÜRKİYƏ HÖKUMƏTİ DERİNCE LİMANINDAKI PARTLAYIŞI ARAŞDIRIR

Türkiyə hakimiyyəti Derince limanında baş verən partlayışa səbəb kimi təxribat versiyasını nəzərdən keçirir, lakin bu, zəif ehtimal kimi qiymətləndirilir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə mətbuatı ölkənin Taxıl Şurasının rəhbəri Əhməd Güldala istinadən məlumat yayıb. “Bura liman ərazisidir və təhlükəsizlik yoxlamasından keçmədən heç kim ora daxil ola bilməz: istər dövlət qulluqçusu, istər işçi, istərsə də müəssisə sahibi. Təbii ki, bütün versiyalar nəzərdən keçiriləcək, lakin təxribat ehtimalı daha zəif hesab olunur” - deyə şura rəhbəri bildirib.

Bununla yanaşı, Türkiyə hökuməti Kocaeli şəhərində yerləşən Derince limanında baş verən partlayışın Türkiyəyə rus taxılının ixracına, eləcə də ölkənin ərzaq təhlükəsizliyinə təsir göstərməyəcəyini açıqlayıb. Xatırladaq ki, avqustun 7-də Türkiyənin iri ticarət limanı Derince yaxınlığında güclü partlayış baş verib. Hadisə nəticəsində azı 12 nəfər xəsarət alıb. Sonradan məlum olub ki, partlayış liftdə taxılın gəmiyə yüklənməsi zamanı baş verib. Hazırda insidentlə bağlı araşdırma aparılır.

QIRĞIZISTAN TACİKİSTANLA SƏRHƏD MƏSƏLƏSİNDƏ DAHA BIR RAZILIQ ƏLDƏ EDIB

Qırğızıstan Tacikistanla sərhəddə mübahisəli 100 kilometr hissə ilə bağlı razılığa gəlib. “Report” agentliyinin məlumatına görə, bu barədə Tacikistan Torpaqların İdarə Edilməsi və Geodeziya üzrə Dövlət Komitəsinin başçısı Orif Xocazoda bildirib. Komitə rəhbərinin sözlərinə görə, tərəflər artıq sərhədin daha 101,86 km mübahisəli hissəsinin layihə təsvirini imzalayıblar. O bildirib ki, bu günə qədər Qırğızıstanla ümumi sərhədin 970 kilometrindən 519 kilometri dəqiqləşdirilib.

Eyni zamanda, iki ölkə arasında müntəzəm danışıqlardan sonra sərhəd bölgələrində dronlardan istifadə etməmək barədə razılığa gəlinib.

Məlumata əsasən, tərəflər arasında delimitasiya və demarkasiya olunmayan mübahisəli 400 kilometrdəndən artıq ərazi qalıb. Xatırladaq ki, delimitasiya üzrə danışıqlar 2002-ci ilin dekabrından davam edir.

Qeyd edək ki, sərhədlər müəyyənləşmədiyi üçün dəfələrlə iki ölkənin yerli sakinləri və hərbçiləri arasında odlu silahdan istifadə edilməklə münaqişələr yaşanıb.

“TALİBAN” VƏ RUSIYALI BİZNESMENLƏR ARASINDA GÖRÜŞ KEÇIRILIB

Rusiyalı biznesmenlərin nümayəndə heyəti Əfqanıstana nəzarət edən “Taliban” hərəkatının sənaye və ticarət nazirinin müavini Mövləvi Qüdrətullah Camal ilə görüş keçirib. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə hərəkatın sənaye və ticarət nazirliyinin mətbuat mərkəzi məlumat yayıb.

“Rusiyanın nümayəndə heyəti Əfqanıstanda elektrik enerjisi, kənd təsərrüfatı və kommunal xidmətlərə investisiya qoymağa hazır olduğunu bildirib”, - deyə açıqlamada qeyd olunur.

Verilən xəbərə əsasən, rus iş adamları treyderlərin öz kommersiya məhsullarını asanlıqla ixrac edə bilmələri üçün “Taliban” rəhbərliyinə hər iki ölkədə birgə kommersiya agentlikləri yaratmağı təklif ediblər.

Bununla yanaşı, rusiyalı nümayəndə heyətinin tərkibinə dair təfərrüatlar isə açıqlanmayıb. Məlumat üçün qeyd edək ki, “Taliban” hərəkatı Rusiyada terrorçu təşkilat kimi qadağan olunub.

İSRAİLİN BAŞ NAZİRİNİN TÜRKİYƏYƏ SƏFƏRİNIN TARIXI RAZILAŞDIRILIR

İsrailin baş naziri Benyamin Netanyahunun Türkiyəyə səfəri gözlənilir, hazırda tarix razılaşdırılır. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu İsrailin Türkiyədəki səfiri İrit Lilian “Posta” qəzetinə müsahibəsində bəyan edib. Səfirin sözlərinə görə, tərəflər arasında münasibətlərin normallaşması prosesi davam edir.

“Bizim ortaq sərhədimiz olmasa da, lakin iki qonşu ölkə kimiyik. Əlaqələrimizdə təxminən on il böhran vəziyyəti yaranmışdı. Münasibətlərimiz təkcə iki dövləti yox, bütün regionu maraqlandırır”, - deyə İrit Lilian vurğulayıb.

Eyni zamanda, israilli diplomat bildirib ki, hər iki ölkə terrorizmə qarşı birgə mübarizə aparır.

Qeyd edək ki, Benyamin Netanyahunun iyun ayında Türkiyəyə səfər edəcəyi planlaşdırılırdı. Lakin müəyyən səbəblərdən səfər təxirə salınmışdı.

RUSİYA VƏ İRAN QAZ QOVŞAĞI YARADIR

İran və Rusiya İslam Respublikası ərazisində qaz qovşağının yaradılmasında irəliləyiş əldə ediblər. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bunu İslam Respublikasının neft nazirinin müavini və “National Iranian Gas Company”nin baş direktoru Məcid Çeqani bəyan edib.

“Rusiyanın təklifi İran və Rusiya arasında enerji mərkəzinin yaradılmasından ibarətdir. Bununla bağlı razılaşmalar əldə olunub. Ekspert qiymətləndirmələri və danışıqlar davam edir” - deyə nazir müavini bildirib.

Məlumata görə, qaz qovşağının Fars körfəzi sahillərində Eseluye bölgəsində yerləşəcəyi və Rusiya şirkətlərinin iştirakı ilə İranda istehsal olunan mavi yanacağın ora tədarük ediləcəyi ehtimalı var. Gələcəkdə rəsmi Tehran Türkmənistan və Qətəri də daxil etməklə layihə iştirakçılarının genişlənməsini nəzərdə tutur.

Xatırladaq ki, İranın neft naziri Cavad Odci hələ iyunun əvvəlində bildirmişdi ki, ölkəsi dünyada ikinci ən böyük qaz ehtiyatına sahibdir və Rusiya, Türkmənistan, eləcə də Qətərin əməkdaşlığı ilə Eseluyedə qaz qovşağı yaratmağa çalışırlar.

HİNDİSTANDAN PUA İSTEHSALINDA ÇİN MƏHSULLARINA QADAĞA

Hindistan təhlükəsizlik sistemində zəiflikdən ehtiyat etdiyi üçün hərbi pilotsuz uçuş aparatı (PUA) istehsalçılarına Çin detallarından istifadəni qadağan edib. “Trend” agentliyinin xəbərinə görə, bu barədə “Röyters” agentliyi ölkənin müdafiə və sənaye müəssisələrinin nümayəndələrinə istinadən məlumat yayıb.

Sözügedən qadağa ilə bağlı qərar Nyu-Dehlidə həyata keçirilən və pilotsuz uçuş aparatlarının daha geniş istifadəsini nəzərdə tutan modernizasiya fonunda qəbul edilib.

Bildirilir ki, Hindistanın təhlükəsizlik xidmətinin rəhbərləri kəşfiyyat məlumatlarının Çindən gətirilən detallar, o cümlədən, kamera, radioötürücü sistemlər və dronların operativ proqram təminatı ilə riskə məruz qala biləcəyindən narahatdır. Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Hindistanla dəniz kəşfiyyatı üzrə “MQ-9B SeaGuardian” pilotsuz uçuş aparatlarının tədarükü üzrə irimiqyaslı saziş imzalamaq istədiyi məlum olub. Bir neçə ilə reallaşdırılacağı gözlənilən sazişin məbləğinin 2-3 milyard dollara çata biləcəyi qeyd olunur.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.