Dahiləri bir də belə tanıyaq!
Maraqlı

Dahiləri bir də belə tanıyaq!

Nelson Mandela

"Mənim ölkəmdə adamı birinci həbsxanaya göndərirlər, sonra prezident seçirlər. Həbsxanada keçirdiyim 27 ilə minnətdaram, çünki mənə fikrimi cəmləməyə imkan yaratdı. Azadlığa çıxandan mən bu imkanı itirmişəm".

Bu sözlər əfsanəvi lider Nelson Mandelaya aiddir. Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti olan bu adam ömrünün nə az, nə çox, düz 27 ilini dəmir barmaqlıqlar arasında keçirmiş, Afrikada irqi ayrı-seçkiliyə söykənən rejimi devirərək, yerinə bütün irqlərin bərabər şəkildə təmsil edildiyi demokratik cəmiyyətin yaradılması uğrunda mübarizə aparmışdır. Onun dünyaya baxışı, söylədiyi hikmətli sözlər indiki dövrümüzdə hələ də bir çoxları tərəfindən nümunə olaraq qəbul edilir...

Cənubi Afrikanın kiçik kəndində dünyaya gələn Mandelanın əsl adı Rolihlahla Dalibhungadır. ''Rolihlahla'' Cənubi Afrikada "problem yaradan" mənasını verir. "Nelson" adı ona ibtidai təhsil aldığı ilk günlərdə müəllimi tərəfindən verilib. Bu adın isə hansı səbəbdən verildiyi dəqiq bilinmir. Mandelanın başqa adları da var idi. Cənubi Afrika xalqı onu Madiba və Mkhulu adlandırırdı.

Siyasətlə yanaşı, Mandelanın maraqlandığı digər sahə boks idi. Özü boksdakı şiddəti sevmədiyini, lakin bu idman növünün texnikası ilə daha çox maraqlandığını söyləyirdi. Yemək məsələsində də digər siyasi liderlərindən çox fərqli olub. Onun ən çox sevdiyi xörək heyvan qarnından hazırlanan şorba, şeir isə ilham mənbəyi idi...

Xarizması, yumor hissi və nəzakətli davranışları ilə daim qadınların rəğbətini qazanan lider həyatı boyu 3 dəfə ailə qurub. Birinci həyat yoldaşı tibb bacısı Evelyn Mase adlı xanım olub. Bu izdivacdan onların dörd övladı dünyaya gəlsə də, sonradan boşanıblar. İkinci dəfə isə Mandela Vinni Madikizela ilə evlənib. Bu xanım hətta Mandelanın həbsdən çıxarılması üçün aktiv olaraq kampaniya da aparıb. Lakin Mandela bir müddət sonra adam oğurlamaqda da günahkar hesab edilən Vinnidən ona xəyanəti səbəbindən ayrılıb. Liderin son evliliyi 80 yaşında olub. Bu dəfə isə Mandela Mozambikin keçmiş prezidentinin dul xanımı Qraça Maçel ilə evlənib.

Mandela və Tambo birlikdə qaradərili kütləni təzyiq altında saxlayan, ağdərililərin qurduğu Milli Partiyanın tətbiq etdiyi irqi ayrı-seçkilik (apartheid) sisteminə qarşı kampaniya yürüdüblər.

O, 155 fəalla birlikdə vətənə xəyanətdə ittiham olunub, lakin dörd il davam edən istintaqın sonunda ittihamlar ləğv edilib. Bir neçə dəfə həbs olunan lider "İlk dəfə nə vaxt həbs olundunuz?" sualına belə cavab verib: "İlk dəfə ağların ayaqyoluna girdiyim üçün həbs olundum. Lövhədə yazılmış elan gözümdən qaçmışdı. Sən demə, burdan ancaq ağlar istifadə edə bilərmiş...".

46 yaşında olarkən isə ona ömürlük həbs cəzası kəsilib. Lakin 95 yaşlı Mandela ağciyər infeksiyasından əziyyət çəkdiyi üçün evə buraxılıb və üç ay xəstəxanada qalıb. Daha sonra isə onun müalicəsi evində davam etdirilib. Həyatının son günlərini isə doğulduğu kəndin yaxınlığındakı Qunu kəndində keçirib.

 

Daniel Defo

Elə yazıçılar var ki, onların yaratdıqları obrazlar, qəhrəmanlar müəllifin öz adından, imzasından daha məşhurdur. İnsanlar Don Kixotu Servantesdən, Ovodu Voyniçdən daha çox tanıyırlar. Jan Valjan, Qvazimoda Viktor Hüqonun özündən məşhurdur. "Robinzon Kruzo" nun müəllifi Daniel Defo da qəhrəmanı özündən məşhur olan yazıçılardandır...

Daniel İngiltərədə - Kriplqeytdə anadan olub. Onun atası Ceyms Fo (yazıçı sonralar familyasının əvvəlinə "de" artıraraq "Defo" etmişdir) həmin dövrlər üçün yaxşı gəlirli iş hesab olunan qəssablıqla məşğul idi. Və çox istəyirdi ki, gələcəkdə oğlu ya tacirlik etsin, ya da ilahiyyatla məşğul olsun. Bundan ötrü çalışırdı da. Amma balaca Danielin anası ərinin fikirləri ilə razı deyildi. Çünki qadın oğlunun hələ kiçik yaşlarından başlayaraq oxumağa nə qədər həvəsli olduğunu görürdü. Həqiqətən də Daniel böyük acgözlüklə tarixdən, səyahətlərdən, macəralardan bəhs edən kitablarla çox maraqlanırdı. On iki yaşı olanda onu "Nyuinqton akademiyası" adlanan məktəbə qoyurlar və Daniel burada 4 il oxuyur. O, məktəbi bitirdikdən sonra bir müddət corabların topdansatış ticarətiylə məşğul olur və bu iş ona həyatın ən müxtəlif üzləri, xarakterləri ilə tanış olmasına şərait yaradır. Elə bu ərəfədə də varlı bir çəlləkçinin qızı ilə evlənir və bir neçə il yenə ticarətdə çalışır. Təbiətən özünə qarşı çox tələbkar olan Daniel üzərinə düşən bütün işləri tənbəllik etmədən yerinə yetirirdi. O, bir müddət kərpic zavodunda yüksək vəzifədə də çalışdı. Amma bütün bu illər ərzində Daniel hiss edirdi ki, çalışdığı yer onun ürəyincə deyil. Təxminən üç ildən sonra yazıçı özünü maraqlandığı işə həsr etməyə qərar verir. Və siyasi jurnalların birində jurnalistik fəaliyyətinə başlayır. Çox çəkmir ki, özünü və ümumiyyətlə cəmiyyəti narahat edən problemləri kəskin şəkildə qələmə almaqla gündəmə gəlir.

İlk vaxtlar yazıları ilə şöhrət qazanır və bu arada gedən siyasi proseslərə də qoşulur. Lakin yazıçı yüksək məbləğdə cərimələndikdən və iki il həbs həyatı keçirdikdən sonra siyasətdən həmişəlik getməyə qərar verir. "Robinzon Kruzo"nun müəllifi Daniel Defonun həm də kəşfiyyatçı olduğunu bilirdinizmi? Bəli, Defo nəinki adi kəşfiyyatçı hətta İngiltərə kəşfiyyatının yaradıcısı hesab olunur.

O, həbsxana həyatı ilə vidalaşandan sonra, dünyanı fəth edən ən məşhur əsərini - "Robinzon Kruzo"nu yazdı. Əslində Daniel Defo bədii yaradıcılığa çox gec başlayıb. Yazıçı bu əsərini yazanda onun təxminən 58 yaşı var idi. Lakin bu roman Defoya inanılmaz şöhrət gətirdi. Əsər işıq üzü görəndən ta indiyədək dünyanın elə bir ölkəsi yoxdur ki, orada çap olunmasın. Məhz yüksək bədii keyfiyyətlərinə, hadisələrin ustalıqla, şirin dillə təsvir edilməsinə, süjet xəttinin çox maraqlı qurulmasına, ümumiyyətlə gözəl qələmə alınmasına görədir ki, "Robinzon Kruzo" ən çox tərcümə olunan, ən çox tirajla çap olunan əsərlərin ön cərgəsindədir. Daniel Defo bu əsəri ilə Avropada həm də roman janrına yeni keyfiyyətlər gətirdi, köhnə stereotipləri dağıtdı. Ustalıqla yazılmış bu əsərlə bağlı ən maraqlı cəhətlərdən biri də budur ki, roman dəniz səyahətindən bəhs etsə belə, Daniel Defo yalnız bircə dəfə - gənclik illərində gəmiylə Portuqaliyaya səfər edib, yerdə qalan bütün ömrünü yalnız öz vətənində keçirib. Defo əsərin süjetini həyatdan götürüb.

İngilislər uzun illər Defonu İngiltərənin sərvəti adlandırıblar, onun istedadı ilə fəxr ediblər. Amma İngiltərə siyasətində qısa da olsa öz sözünü deyən bu istedadlı yazıçı, böyük maddi sıxıntılar içərisində yaşamış, pulsuzluqdan əziyyət çəkmiş, elə yoxsulluq içərisində də 70 yaşında bu dünya ilə vidalaşmışdır. Ən acınacaqlı fakt isə budur ki, əsərləri ilə dünyanı fəth edən yazıçının qəbri üzərinə üç-dörd kəlmə yazısı olan başdaşı yalnız XVIII əsrlərin axırlarında qoyulub. Çox sadə qəbir lövhəsində isə bunlar yazılıb: "Daniel Defo, "Robinzon Kruzo"nun müəllifi. Doğumundan 70 il sonra 1731-ci il 24 apreldə ölüb"...

 

Sandro Bottiçelli

Florensiya boyakarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri Sandro Bottiçelli... İntibah dövrünün nümayəndəsi olan bu rəssamın əsl adı Alessandro Filipepidir. Zərgər ailəsində dünyaya gələn rəssam sənət həyatına zərgərliklə başlayıb. İlk sənət təhsilini zərgər olan qardaşı Antoniodan alan Bottiçelli rəssam Fra Filippo Lippi və Verokkionun tələbəsi olub. On beş yaşında tanınmış florensiyalı heykəltəraş Andrey Verokkionun emalatxanasında işləməyə başlayıb, daha sonralar isə öz emalatxanasını açıb.

İncəsənət vurğunu olan Lorenso Mediçi Florensiyada hakimiyyətə gəldiyi illərdə Bottiçelli onun sevimli rəssamı olub. Bottiçellinin məşhur əsərlərinin çoxu Mediçinin sifarişi ilə çəkilib. O, saray rəssamı olduğu üçün siyasi xarakterli sifarişlərdən yaxasını qurtara bilməyib. Sarayının divarında Lorenso Mediçi əleyhinə sui-qəsdin dar ağacından asılmış iştirakçılarını təsvir edib. Tez bir zamanda şöhrət qazanan rəssam varlansa da "qara gün" üçün pul yığmağı bacarmayıb. Üstəlik, xasiyyətcə də çox həssas adam olan Bottiçelli erkən İntibah dövrünün bir çox digər sənətkarları kimi, fanatik rahib Savanarolanın təsiri altına düşüb. Savanarola öz moizələrində Florensiya varlılarının tüfeyli və pozğun həyatını, Mediçinin zülmkarlığını haqlı olaraq pisləyirdi. Amma Savanarola incəsənətin üstünə də hücum çəkmişdi. O incəsənətdə işığın, həyat eşqinin və gözəlliyin hər bir təzahürünü günah hesab edirdi. Onun tərəfdarları dünyəvi kitablardan və incəsənət əsərlərindən tonqallar qalayırdılar. Bottiçellinin özü də Florensiya meydanlarından birində əsərlərini atəşə atmış, bundan sonra rəssamlıqdan əl çəkmişdi. Amma rəssamın çörək pulu qazanmaq üçün başqa sənəti yox idi. Buna görə də o, dəhşətli yoxsulluğun girdabına düşür. Həyatının son illərini tənhalıq içində keçirən rəssam ağır xəstəliyə tutulur və qoltuq ağacları ilə gəzməyə məhkum olur. Həyatı boyu heç vaxt evlənməyən rəssam ömrünün son illərini ruh sarsıntısı keçirərək 65 yaşında vəfat edib.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".