ELMİ-TEXNİKİ YENİLİKLƏR
Maraqlı

ELMİ-TEXNİKİ YENİLİKLƏR

"Meta" ağıllı eynəklərini təqdim edib

ABŞ-ın texnologiya şirkəti "Meta" yeni ağıllı eynəklərini təqdim edib. Türkiyə mətbuatının yaydığı xəbərə görə, kənardan baxıldıqda adi eynəkdən seçilməyən smart cihaz canlı yayım imkanına malikdir. Əvvəlki uğursuz cəhdlərdən sonra şirkət bu dəfə məzmunu hədəfə alıb. Eynəklə feysbuk və instaqramdan yüksək keyfiyyətli (Full HD) canlı yayımlar etmək mümkün olacaq.

Şirkətin baş direktoru Mark Zukerberqin təqdimatına görə, ağıllı eynəklərin batareya ömrü 6 saatdır. Qiyməti 299 dollar olan cihaz, batareyası doldurulana qədər və ya bitdikdən sonra adi eynək kimi istifadə olunur. "Ray-Ban" ilə əməkdaşlıq nəticəsində hazırlanmış smart cihaz oktyabrın sonlarında satışa çıxarılacaq.

Son dövrlər istehlakçıların ağıllı eynəklərə olan marağı getdikcə azalır. Çünki məxfiliyin pozulması ilə bağlı ciddi narahatlıqlar var. "Meta" əvvəlki "Stories" adlı modeli alanların 90 faizinin qısa müddətdə bu məhsuldan istifadəni tamamilə dayandırdığını açıqlayıb. Onu da qeyd edək ki, "Google" isə 2019-cu ildə 999 dollara təqdim etdiyi eynəklərin satışını, həmçinin keçən ay proqram təminatı dəstəyini dayandırıb.

Ay tamamilə kəşf olunub?

Kosmosun nə qədər nəhəng olduğu artıq hərkəsə məlumdur. Hətta, kosmos o qədər böyükdür ki, planetimizin peyki olan Ay hələ də tam kəşf edilməmiş ola bilər. Belə ki, çinli elm adamları düşünürlər ki, Ay hələ tam kəşf edilməyib və onun cənub qütbü barədə məlumat yoxdur.  

Əslində, Hindistan daha əvvəl Ayın cənub qütbünə eniş etdiyini bildirmişdi. Hətta, onlar missiyanın uğurla tamamlandığını da elan etmişdilər. Çinlilər isə bu fikirlə razılaşmırlar. Onlar düşünürlər ki, Hindistanın Aya göndərdiyi modul cənub qütbünə heç yaxınlaşa bilməyib. Məhz bu səbəbdən də, Çin Yer planetinin təbii peykinə yeni bir səfər etməyi planlaşdırır.

Peykimizin hələ tam kəşf edilmədiyini iddia edən çinli elm adamları yeni səfərləri ilə onun cənub qütbünü də tam kəşf etməyi düşünürlər. Bunun üçün Çin alimləri hətta tarix də veriblər. Belə ki, çinlilər 2026-cı ildə peykimizin cənub qütbünə eniş edən aparat ilə onun fəthini tamamlayacaqlar. Maraqlısı budur ki, çinlilərə görə Hindistanın "Chandrayaan-3" missiyasının enmə modulu peykin təxminən 69 dərəcə cənubuna eniş edib. Bu yer isə Ayın cənub qütbündən təxminən 600 kilometr məsafədədir. Çin Elmlər Akademiyasının üzvü və Çinin Ay proqramının rəhbəri Ouyanq Ziyuan bu barədə "Science Times" qəzetinə müsahibəsində bildirib.

Onu da qeyd edək ki, NASA Ayın cənub qütb bölgəsinin 80-90 dərəcə cənub enlikləri arasında yerləşdiyini bildirir. Lakin çin alimləri Ayın cənub qütbünün daha kiçik enliklər aralığında olduğuna inanır. Buna səbəb isə Ayın fırlanma oxunun əyilməsinin cəmi 1,5 dərəcə olmasıdır. Onu da bildirək ki, Çinin 2026-cı ildə Aya eniş etmək missiyası "Chang'e-7" adlanır.

Ümid edək ki, nəhayət bu missiya ilə Ay tamamilə kəşf ediləcək.

"OpenAI" yeni smartfonu ilə gündəmə gəlib

Bu yaxınlarda süni intellekt texnologiyalarının əsas istehsalçısı olan "OpenAI" ilkə imza atıb. Belə ki, "OpenAI" bu dəfə yeni smartfonu ilə gündəmə gəlib. Burada diqqətçəkən əsas məqam isə odur ki, "Apple" şirkətinin keçmiş dizayneri Jony Ive də işin içindədir. Məhz bu səbəbdən də, analitiklər süni intellekt dünyasının yeni "iPhone"nun hazırlandığını düşünürlər.

Qeyd edək ki, yeni inqilabi cihaz yaratmaq üçün 1 milyard dollarlıq sərmayə qoyulub. Bu miqdar yeni smartfon hazırlamaq və kütləvi istehsal etmək üçün olduqca böyük məbləğdir. O cümlədən, işin içində "OpenAI" və "iPhone"nun dizayneri Johny Ive varsa süni intellekt dünyasının yeni smartfonu artıq qapıdadır, deyə bilərik. Layihənin yaxın aylarda rəsmi olaraq ictimaiyyətə açıqlanacağı deyilir. Habelə, müasir dövrün "iPhone"u prinsipi ilə öngörülən model, böyük bir ehtimalla smartfonlara çox bənzəyən, lakin tamamilə sıfırdan süni intellekt əsasında qurulmuş cihaz olacaq.

Əslində, süni intellekt dünyasında belə bir smartfonun olacağı əvvəldən məlum idi. Lakin smartfon istehsalında heç bir təcrübəsi olmayan "OpenAI" belə bir smartfon hazırlaması gözlənilməz oldu.  "OpenAI" bu addımı ilə texnologiya dünyasının diqqətini öz  üzərinə çəkməyi bacardı.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".