MÜKƏMMƏL MÜRƏKKƏM MEMARLIQ
Maraqlı

MÜKƏMMƏL MÜRƏKKƏM MEMARLIQ

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Bürc əl Ərəb

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubayda dəniz sahilindən 280 metr aralıda yerləşən süni adada Bürc əl Ərəb adlı otel binası 1994-cü ildə inşa olunub. Yelkən şəklində dizayn edilən unikal göydələn 2015-ci ilə qədər olan məlumatlara görə Asiyanın 56-cı, dünyanın isə 70-ci ən hündür otel binaları sırasında yer alıb. Memar Tom Raytın başçılığı ilə "Atkins" şirkəti tərəfindən layihələndirilən otelin inşaat işləri kanadalı mühəndis Rik Qreqori tərəfindən həyata keçirilib. Heyrətamiz binanın tikinti işlərinə 2000 mindən çox inşaat işçisi cəlb edilib.

Hündürlüyü 333 metr olan otelin yuxarı hissəsində helikopter meydançası yerləşir. Meydançanın müəllifi irlandiyalı memar Rebeka Gernondur. Kompleksin birinci mərtəbəsində mehmanxanaya gələn müştərilərin qeydiyyatı aparılır, ikinci mərtəbədə isə mağaza və kafelər yerləşir. Oteldə, həmçinin dünyanın ən yaxşı restoranlarından hesab edilən "Əl Muntaha" fəaliyyət göstərir. Qüllənin ən hündür yerində yerləşən restoranın pəncərələri Dubayın panoramik mənzərəsinə açılır. Burada, həmçinin nəhəng akvarium yer alır. Otelin interyerində təxminən 8000 kvadratmetr 22 karatlıq qızıl folqadan istifadə edilib. Tavana qədər pəncərələri olan 5 ulduzlu lüks otelin bütün otaqları müasir texnologiya ilə təchiz olunub.

Sibeles Sarayı

İspaniyanın paytaxtı Madrid şəhərinin əsas poçt şöbəsi kimi tikilən əzəmətli və tarixi Sibeles Sarayının tikintisi 1918-ci ildə tamamlanıb. Binanın memarları Xoakin Otamendi və Antonio Palasios olub. Sarayın inşaat işlərini isə təcrübəli mühəndis Angel Sains Çuekan həyata keçirib. Bu saray sayəsində tanınan memarlar daha sonra Madriddə digər məşhur layihələr üçün sifariş alıb və beləliklə öz əsərləri ilə bütün dünyada məşhurlaşıblar. 1993-cü ildə ölkənin mədəni irsi statusunu alan tarixi binaya Buenvista sarayı, Linares sarayı və İspaniya Bankının qərargahı əlavə edilib. 2007-ci ildən bəri saray şəhər meriyası kimi fəaliyyət göstərib. 2009-cu ildə Sarayın interyerində bərpa işləri bitdikdən sonra İspaniya kralının iştirakı ilə açılış mərasimi baş tutub.

Ümumi ərazisi 12 min kvadratmetrdən çox olan Sibeles sarayının hündürlüyü 40 metrdir. Mürəkkəb formaları və bəzəkləri ilə seçilən unikal bina eklektik üslubda tikilib. Binanın ağ rəngli fasadında kafedral arxitekturasında istifadə edilən dekorativ elementlər, qiymətli heykəllər - qadın fiquru, fateh Magellan və Hernan Kortesin büstləri, Misir, Roma və Aztek tanrılarının təsvirləri yer alır. Sarayın damında müxtəlifölçülü qüllələrin üzərində İspan sülaləsinin və ölkənin 7 vilayətinin gerbləri həkk olunub. Binanın giriş hissəsində yerləşən qüllənin üzərində isə nəhəng saat və vitrajlı pəncərələr saraya xüsusi gözəllik verir.

Xan məqbərəsi

Şah Məhəmməd Möhşin Xanın məqbərəsi Hindistanın Banqladeş şəhərində inşa olunub. Yerli memarlıq bürosu "Sthapotik" tərəfindən layihələndirilən qeyri-adi məqbərənin açılışı 2022-ci ildə baş tutub. Simvolik məna daşıyan Xan məqbərəsi ənənəvi islam üslubunda dizayn edilib. Baş memar Şərif Uddin Ahamedin sözlərinə görə, o bu konsepsiyanı hazırlayarkən təkcə binanın məqsədini deyil, həmçinin yerləşdiyi ərazinin tarixini və ənənələrini də nəzərə alıb. "Biz ənənəvi Benqal sultanı dövrünün kvadrat məscidlərindən ilhamlandıq və həmin dövrün əsas memarlıq simvollarından birini müasir şəkildə dəyişdirməyə çalışdıq", -deyə memar bildirib.

Qırmızı kərpicdən tikilən binanın ümumi sahəsi təqribən 121 kvadratmetr, hündürlüyü isə təxminən 7,5 metrdir. Təbii işıqlandırma sisteminə malik məqbərənin konsepsiyasına ventilyasiya da daxildir. Məqbərənin perimetri boyu tikilmiş kərpic qüllələrin hər birinin yuxarı hissəsində xüsusi önəm daşıyan və "cənnət çilçırağı" adlandırılan jalüzlər yerləşir.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".