Anadolu Agentliyi: Azərbaycanın Qarabağdakı ermənilər üçün göndərdiyi yardım TIR-ları sülhməramlıların keçid məntəqəsində gözləyir
Azərbaycanın Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün göndərdiyi içərisində un olan iki yük maşını Ağdam-Xankəndi yolundadır.
Türkiyənin Anadolu Agentliyi bu barədə yazı dərc edib. Xəbərdə bildirilib ki, içərisində 40 ton un olan TIR-lar avqustun 29-dan etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postu qarşısında gözləyir. Yazıda, həmçinin qeyd olunub ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin müşayiəti ilə Azərbaycanda akreditə olunmuş çoxsaylı diplomat Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar yardımları olan avtomobillərin dayandığı Ağdam-Əsgəran-Xankəndi avtomobil yoluna gedib. Media mənsubları qarşısında çıxış edən Hacıyev Ağdam-Xankəndi yolunun böyük ötürücülük qabiliyyətini və onun səmərəliliyini vurğulayıb. Eyni zamanda o, yolun açılmamasına səbəb olaraq Ermənistan və Qarabağ ermənilərinin rəhbərliyinin "siyasi manipulyasiyalarını" göstərib. Ağdam-Xankəndi yolundan imtinanın "irqçilik" olduğunu deyən Hikmət Hacıyev bildirib ki, Azərbaycan yolları açaraq reinteqrasiya prosesinə başlamaq niyyətindədir.
Caspian News: Erməni millətçiləri Azərbaycanın Livandakı səfirliyinə hücum ediblər
Caspian News xəbər saytı Livanda yaşayan bir qrup erməni millətçisinin Azərbaycanın Beyrutdakı səfirliyinə hücumu barədə məlumat yayımlayıb. Məlumatda bildirilib ki, yayılan videogörüntülərdə qəzəbli qrupun səfirliyin inzibati binasına daş, partlayıcı, metal parçaları və boya şüşələri atdığı görünür. Qrup həmçinin binanın hasarına, darvazasına və gözətçi köşkünə də ziyan vurmaqla yanaşı, Azərbaycana qarşı çoxsaylı şüarlar səsləndirib.
Yazıda, həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin hadisəylə bağlı bəyanat yaydığı da qeyd olunub: "Hücum nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Diplomatik nümayəndəliklərin mühafizəsinə cavabdeh quruma insidentlə bağlı məlumat daxil olan kimi hüquq-mühafizə orqanları hadisə yerinə gəlib, lakin bu zaman təxribatçılar hadisə yerindən qaça biliblər". Bəyanatda qeyd olunur ki, təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün Livan Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və bununla bağlı tədbirlər həyata keçirilir.
Business Traveller: Azərbaycan: Yeni baxış
Business Traveller nəşri ölkəmizin turizm potensialından bəhs edən məqalə yayımlayıb. Məqalədə Azərbaycanın turistlər üçün uğurlu səyahət istiqaməti olduğu vurğulanır. Bildirilir ki, neft və qazla zəngin olan Azərbaycanın paytaxtı Bakıda 2012-ci ildə Avroviziya Mahnı Müsabiqəsi keçirilib və şəhər son onillikdə sürətlə inkişaf edib.
Bununla yanaşı, yazıda müəllif Azərbaycanın bölgələrinə səfərlərindən bəhs edir, ölkəmizin inkişaf edən ticarət əlaqələrini vurğulayır. Bu xüsusda, Azərbaycan-BƏƏ əlaqələrinə toxunur, qarşılıqlı ticarətin ilbəil artdığını vurğulayır. Qeyd olunur ki, Azərbaycan Hökumətinin məlumatına görə, ötən il ölkəyə təxminən 1,6 milyon əcnəbi ziyarətçi gəlib və 2026-cı ildə bu rəqəmin 4 milyona çatacağı gözlənilir. Bu ilin yanvar-aprel aylarında isə turist axınında 58 faiz artım müşahidə olunub.
Daily Sabah: Azərbaycan Fransanı Qarabağ münaqişəsinə "müdaxilə" etməkdə günahlandırır
Laçın dəhlizi ətrafında Parisdən edilən şərhlərlə bağlı cümə axşamı Fransa səfiri Azərbaycan XİN-ə çağırılıb.
Bu barədə Daily Sabah xəbər saytı məlumat yayıb. Bildirilib ki, Azərbaycan təhlükəsizlik məqsədilə öz ərazisində nəzarət-buraxılış məntəqələri qurub, Yerevan isə "humanitar fəlakətin" qarşısını almaq üçün BMT-nin müdaxiləsini tələb edib. Çərşənbə günü bir neçə fransız siyasətçisi, o cümlədən Paris meri Ann İdalqo, Fransa yerli şuraları tərəfindən maliyyələşdirilən 10 yük maşınından ibarət humanitar karvana qoşulub, lakin onların əraziyə girişi dayandırılıb. Bakı ilə əvvəlcədən razılaşdırılmadan Azərbaycan ərazisinə malların göndərilməsinə cəhd "beynəlxalq humanitar yardımın göndərilməsinin beynəlxalq hüquqi çərçivəsi"ni pozur.
İnterfax: Azərbaycan AzerGold, ASCO və digər müəssisələrdəki dövlət payının bir hissəsini investorlara vermək niyyətindədir
İnterfax xəbər saytı Azərbaycan Prezidenti İlham Əliyevin iri dövlət şirkətlərinə özəl investisiyaların cəlb edilməsi tədbirləri haqqında Sərəncam imzalaması ilə bağlı xəbər yayımlayıb. Sərəncama əsasən, siyahıya səkkiz bank və müəssisə daxil edilib. Bunlar ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı, "Bakı Telefon Rabitəsi", "Aztelekom" MMC, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO), "AzerGold" QSC, "Azərkimya" (Etilen-Propilen Zavodu), Karbamid Zavodu və Metanol Zavodu, hansı ki, hər üç zavod Azərbaycan Dövlət Neft Şirkətinin tərkibinə daxildir. Sərəncamda qeyd olunub ki, İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqinə beynəlxalq konsaltinq şirkətini cəlb etməklə doqquz ay müddətində təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsinlər. Bura əsasən bu məsələlər aiddir: dövlət müəssisələrinin restrukturizasiyası və onların sağlamlaşdırılması; dövlət müəssisələrinin, onların öhdəliklərinin, nizamnamə kapitalının və investisiya ehtiyaclarının optimal nisbətinin qiymətləndirilməsi; potensial investorların çeşidi; müvafiq bazarın rəqabət mühitinin tələbləri nəzərə alınmaqla liberallaşdırma və inhisarsızlaşdırma imkanları.
Bu tədbirlər dövlət müəssisələrində islahatların aparılması, dövlət şirkətlərinin cəlb olunduğu restrukturizasiya və sağlamlaşdırma tədbirlərinin davam etdirilməsi, dövlətin payının azaldılması yolu ilə özəl sərmayələrin cəlb edilməsi, dövlət müəssisələrinin idarə edilməsində Azərbaycan vətəndaşlarının iştirakının genişləndirilməsi, korporativ idarəetmədən istifadə olunması və qiymətli kağızlar bazarının inkişaf etdirilməsi, dövlət mülkiyyətində olan müəssisələrin idarə edilməsində Azərbaycan vətəndaşlarının iştirakının genişləndirilməsi məqsədi daşıyır.
"Respublika".