Azərbaycan diaspor təşkilatları Ermənistanın Naxçıvan MR-lə sərhəddə iri metallurgiya zavodu tikməsi ilə bağlı bəyanat yayıb
Diaspora

Azərbaycan diaspor təşkilatları Ermənistanın Naxçıvan MR-lə sərhəddə iri metallurgiya zavodu tikməsi ilə bağlı bəyanat yayıb

Bu barədə 13 iyun Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilir. Azərbaycan diaspor təşkilatları Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə sərhəddə - Yerasx (Arazdəyən) kəndində iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı beynəlxalq təşkilatlara ünvanlanan bəyanat yayıb.

Bəyanatda deyilir ki, Biz, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Ermənistanın Azərbaycanla, Naxçıvan Muxtar Respublikası ilə sərhəddə - Yerasx (Arazdəyən) kəndində iri metallurgiya zavodunun inşasının aparılması ilə bağlı xəbərini dərin hiddətlə qarşılayır və bu reallığı Ermənistanın ekoloji vəziyyətin gərginləşməsi istiqamətində növbəti addımının ifşası kimi dəyərləndiririk.

16 500 kvadratmetr sahədə illik  istehsal  gücü 180 000 ton olan  belə  bir zavodun tikilməsi Ermənistan tərəfindən beynəlxalq hüquq norma və prinsiplərinin, xüsusilə də BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd kontekstdə  ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiyasının (Espo Konvensiyası) müddəlarının kobud surətdə pozulması deməkdir.

Ermənistanın bu addımı beynəlxalq hüquq, o cümlədən ekoloji hüquq normalarına riayət edilməməsi ilk hal deyil. Belə ki, bir müddət əvvəl Azərbaycan Metsamor Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə reaktorunun tikintisi planları ilə əlaqədar Espo Konvensiyası çərçivəsində Ermənistana qarşı haqlı iddia ilə çıxış etmişdir. Nəticədə Ermənistanın Konvensiyanın müddəalarına əməl etmədiyi barədə qərar çıxarılmasına nail olmuşdur.

Belə faktlar bir daha sübut edir ki, Ermənistan öz qanunsuz fəaliyyətləri ilə ümumi regionun ekoloji mühiti üçün təhlükə yaradır.

“Respublika”.