Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Mikroplastikin beyinə təsiri müəyyənləşdirilib

Rod-Aylend Universitetinin alimləri mikroplastikin idrak funksiyasına necə təsir etdiyini müəyyənləşdiriblər. Məlum olub ki, XXI əsrin əsas tullantısı hesab edilən mikroplastik beyindəki GFAP adlı zülalı basdırır. Bu isə erkən yaşlarda Alzheimer xəstəliyi və depressiya da daxil olmaqla bir sıra neyrodegenerativ xəstəliklərə səbəb olur.

Təcrübə zamanı tədqiqatçılar cavan və yaşlı siçanları 3 həftə ərzində içməli suyun tərkibində müxtəlif səviyyəli mikroplastikin təsirinə məruz qoyublar. Onlar müəyyən ediblər ki, mikroplastikin təsiri siçanların davranışında və onların qaraciyər ilə beyin toxumalarındakı immun markerlərinin dəyişikliklərinə səbəb olur. Alimlər siçanlarda insanlarda olduğu kimi, demensiyaya (yaddaş pozğunluğu ilə müşayiət olunan xəstəlik) bənzər davranışları və hərəkətləri müşahidə ediblər. Yaşlı siçanlarda bu cür effektlər daha çox nəzərə çarpıb. Siçanların yarılması zamanı məlum olub ki, mikroplastik beyin də daxil olmaqla, bütün orqanlarada yayılıb. Başqa sözlə desək, mikroplastik hissəciklər beynimizin daxildən müdafiəsini təmin edən hematoensefalik baryer (Blood-Brain Barrier - BBB) vasitəsilə virus və bakteriyalardan qorunan beyin toxumasına daxil ola bilir. Bu isə öz növbəsində, beyində olan GFAP adlı zülalın səviyyəsinə təsir göstərir. Qeyd edək ki, sözügedən zülal beyindəki müxtəlif hüceyrə proseslərini dəstəkləyir.

 

"Tesla" robot taksi modeli hazırlayır

Texnologiya günü-gündən inkişaf etməkdədir. 10 il əvvəl kimin ağlına gələ bilərdi ki, ağıllı smartfonlar bu qədər inkişaf edəcək, internet 5G sürətində olacaq və avtomobillər benzin ilə deyil, elektrik ilə işləyəcək. Bu gün artıq bütün bunlar reallığa çevrilib. İndi isə "Tesla" şirkəti gələcəyin taksiləri üçün yeni modellər hazırlayır. Belə ki, Elon Musk Tesla brendinin güzgüsüz, pedalsız və sükansız robot taksi modelini hazırladığını açıqlayıb.

Məlumata görə, şirkət tərəfindən hazırlanmaqda olan gələcəyin robot taksi modeli elektromobil cybertruck modelinin ("Tesla" Motors tərəfindən istehsal edilən elektrikli, batereya ilə işləyən avtomobil) dizaynından istifadə edəcək. Avtomobil sahəsinin ən etibarlı mənbələrinə görə, "Elon" sürücüsüz robot taksilərə çox diqqət yetirir. Hətta milyarder öz avtomobil şirkətini razı salmaq üçün xeyli əmək sərf edib. Belə ki, "Tesla" rəhbərləri 25 min dollarlıq ən ucuz tesla modeli ilə yanaşı, yeni robot taksiləri də hazırlayacaq. Onu da qeyd edək ki, "Tesla" 2030-cu ilə qədər 20 milyon avtomobilə çatmağı hədəfləyir. Belə bir məqsədə çatmaq üçün isə şirkətə tez və geniş miqyasda istehsal edilə bilən bir elektromobil modeli lazımdır. Bu gün "Tesla" modelləri qiymət cəhətdən orta seqmentə daxil olsa da, Elon daha ucuz, amma daha az performanslı modellər təklif etməyi planlaşdırır.

 

Yeni ekzoplanet kəşf edilib

Astronomlar Yer kürəsindən 535 işıq ili uzaqlığında yerləşən narıncı cırtdan (ulduz növü) ətrafında dövr edən "TOI-1853 b" adlı yeni ekzoplanet kəşf ediblər. Kəşf edilmiş bu yeni ekzoplanetin əsas fərqləndirici cəhəti yüksək sıxlığa və çox böyük ağırlığa malik olmasıdır.

Sözügedən ekzoplanetin ölçüsü Neptunun ölçüsünə bərabərdir. Lakin onun kütləsi Neptunun kütləsindən 4.3 dəfə böyükdür. Aparılmış hesablamalara əsasən, "TOI-1853 b"nin kütləsi hər kubsantimetrə 9.7 qram təşkil edir. Bu isə eyni ölçüdə olan digər planetlərin sıxlıqlarından daha yüksəkdir. Bu onu göstərir ki, yeni ekzoplanetin əsas hissəsi Merkuri, Venera, Yer kürəsi və Mars kimi daşdan ibarətdir.

Alimlər bu cür ölçüyə sahib planetin anomal kütləsinin mənbəyini öyrənmək üçün kompüter modelləşdirməsindən istifadə ediblər. Aparılmış analizlər göstərib ki, "TOI-1853 b" bir neçə nəhəng kosmik obyektin toqquşması nəticəsində formalaşıb. Ekzoplanetin sahib olduğu yüngül atmosfer ilə suyun bir hissəsi toqquşma nəticəsində buxarlanıb. Elm adamları belə qənaətə gəliblər ki, bu planetdə həyat növünün formalaşması qeyri-mümkündür. Çünki sözügedən ekzoplanet Yer kürəsi və Günəş arasındakı məsafə ilə müqayisədə öz ulduzuna 50 dəfə daha yaxın yerləşir. O, öz ulduzu ətrafında tam dövrü 30 saata reallaşdırır və səthindəki temperatur göstəricisi 1200 dərəcə Selsi təşkil edir.

 

Hüceyrələri idarə edən mikrorobotlar yaradıldı

Almaniyalı elm adamları dünyada ilkə imza atıblar. Belə ki, Münhen Texniki Universitetinin alimləri hüceyrələr arasında hərəkətdə olan və onların fəaliyyətinə nəzarət edə bilən mikrorobotlar yaradıblar.

TACSI adı verilən bu mikrorobotlar dəyirmi formada, insan saçının yarısı qalınlığındadır və 30 mikrometrə bərabərdir. Onların tərkibində flüoresan boya olan qızıl nanorodlar mövcuddur və yosunlardan əldə edilən polimer materialla əhatə olunub. Tədqiqatçılar belə güman edirlər ki, lazerlə idarə olunan bu cür botlar temperaturu dəyişdirərək hüceyrələri stimullaşdıra bilərlər.

Mikrorobotların istehsalı "mikro maye çipləri" əsasında qurulub. Biomaterial çipin sol tərəfindəki kanal vasitəsilə daxil edilir, sonra 15-60 mikrometrlik kanallar vasitəsilə yuxarıdan və aşağıdan xüsusi komponentləri olan yağ əlavə olunur.

Təcrübələr zamanı mikrorobotlar infraqırmızı lazer isitmə üsulu ilə böyrək hüceyrələrinə yönəldilib. Məlum olub ki, hüceyrələrin ion kanalları müəyyən temperaturda açılır, məsələn, kalsiumun hüceyrələrə daxil olması üçün. Alimlərin fikrincə, istilik stimullaşdırılması yaraları müalicə etmək və ya yüksək temperaturla öldürülən xərçəng hüceyrələri ilə mübarizə aparmaq üçün istifadə edilə bilər.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".