Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Ağıllı olmaq da zərərli imiş

İslandiyalı elm adamları yüksək intellektə sahib insanlar üzərində apardıqları təcrübələrə əsaslanaraq çox maraqlı bir nəticəyə gəliblər. Belə ki, mütəxəssislər insanlardakı bu üstünlüyün onlarda sonsuzluğa yol açdığını söyləyirlər.

Son dövrlər autizm, şizofreniya ilə mübarizəni gücləndirən alimlər bu xəstəliklərdən qorunmağın yollarını axtarırlar. Məhz bu səbəbdən zehnin inkişafı, həmçinin digər genetik problemləri dərindən öyrənməyə çalışan tədqiqatçılar milyonlarla insanın DNT testlərini müqayisə edib, özəlliklərini üzə çıxarıblar.

"Bildiyiniz kimi, ölkəmiz kifayət qədər digər ərazilərdən təcrid olduğu üçün genetik şəcərəni daha dəqiq tədqiq etdik. İsland xalqı təhsilə, elmə meyildir. Çox qəribə fakt üzə çıxardıq. Məlum oldu ki, insan genində "ağıllı" hüceyrələrin sayı nə qədər çox olarsa, dünyaya övlad gətirmək bacarığı da bir o qədər azalır. Buna misal olaraq qeyd edə bilərik ki, 22-25 yaşlı güclü intellektli gənclər digərlərinə nisbətən sonsuzluğa daha meyilli olurlar", - deyə professor Kari Stefanson verdiyi açıqlamada məktəbli və tələbələr üzərində aparılan təcrübələrdən bəhs edib. Alim həmçinin əlavə edib ki, ağıllı olmaq nəsil artımında kifayət qədər böyük problemlər yaradır.

Niyə həkimlərin xətti çətin oxunur?

Yəqin elə bir adam tapılmaz ki, həkimlərin reseptlərini oxuya bilmək üçün xeyli baş sındırmasın. Bu peşə sahiblərinin sanki özlərinə məxsus əlifbası var və bunu yalnız özləri, eyni zamanda əczaçılar başa düşə bilir. Hətta bəzən əczaçılar belə onların yazdıqlarını oxumaqda çətinlik çəkirlər. Maraqlıdır, onların səliqəsiz, yaxud anlaşılmayan yazı yazmalarının səbəbi nədir?

Ehtimal edilir ki, bu həkimlərin tələbəlik illərində mühazirələrdə tələm-tələsik qeyd etmək vərdişlərindən qaynaqlanır. Ona görə də bu yazı tərzinin onlarda zamanla yazı üslubu kimi formalaşdığı güman edilir. Digər tərəfdən isə həkimlərin təyin etdiyi dərman adları çoxlarımıza tanış deyil. Yəni başadüşülən şəkildə yazsalar da terminlər bizə tanış olmadığı üçün "oxunmaz" görünə bilər. Təbii ki, bizim ümumiləşdirməmizin də təsiri var.

Əslində dünyada insanların bəzilərinin xətti pis, bəzilərininki isə yaxşıdır. Yəni həkimlər arasında da bu, belədir. Bankirin də yazısı pis ola bilər, amma biz bunu görmürük və ya əhəmiyyət vermirik. Lakin həkimlərin yazısı diqqət mərkəzində olduğu üçün biz onların xəttini peşələri ilə əlaqələndiririk.

Onlar hətta diaqnoz da qoya bilirlər

ABŞ-ın Kaliforniya və Ayova Universitetlərinin alimləri bu yaxınlarda göyərçinlərin iştirakı ilə maraqlı eksperiment aparıblar. Məlum olub ki, bu quşlar şəkilləri yadda saxlamaq və onları seçə bilmək qabiliyyətinə malikdir. Belə ki, onlar təxminən 2000-ə yaxın şəkli yadda saxlaya bilirlər.

Tədqiqatçılar xüsusi "təlim" alan göyərçinlərə histoloji analizlərin nəticələrinin ağ-qara və rəngli şəkillərini göstəriblər. Quşlara şəkildə bədxassəli şiş olduqda, mavi düyməni, xoşxassəli şiş olduqda isə sarı düyməni sıxmaq öyrədilib. Düzgün cavab verən göyərçinə yem mükafatı verilib. Beləliklə, bir müddət sonra quşlar şəkilləri ayırmağı və düzgün "diaqnoz" qoymağı öyrəniblər. Göyərçinlər xüsusilə mammoqrammanı "oxumaqda" uğurlar əldə ediblər. Onlar 72 faiz dəqiqliklə mikrokalsinatları şiş toxumasından düzgün seçiblər. Qeyd edək ki, həkimlərdə isə bu nəticə 70 faiz təşkil edir. Tədqiqatçılar gələcəkdə göyərçinlərin diaqnostikada istifadəsinə ümid edirlər.

Sən demə doğum tariximiz...

Amerikalı elm adamları sağlamlıqla doğum tarixi arasında əlaqə tapıblar. Belə ki, tədqiqatçılar müəyyən ediblər ki, insanın dünyaya gəldiyi ay gələcəkdə üzləşəcəyi xəstəliklərdən xəbər verə bilər.

Kolumbiya Universitetinin tədqiqatçıları 1993-2023-cü illər arasında Nyu-Yorkun Presbyterian xəstəxanasında müalicə almış 1,7 milyon xəstənin doğum tarixi ilə sağlamlıq məlumatlarını alqoritmik üsulla qarşılaşdırıblar. Nəticədə məlum olub ki, may ayında dünyaya gələn insanların xroniki xəstəliklərdən əziyyət çəkmə ehtimalı digərlərinə nisbətən daha yüksəkdir. Mart, aprel ayında doğulanların ürək-damar, oktyabr və noyabr ayında dünyaya gələnlərin isə nevroloji xəstəliklərə tutulma riski böyükdür. Bundan başqa, asma kimi bronxial xəstəliklər iyul və oktyabr, diqqət defisiti, zehni inkişafla bağlı problemlər isə noyabr ayında doğulanlarda müşahidə olunur.

Təcrübəni həyata keçirən professor Mary Regina Boland doğum tarixi və risklər arasındakı bağlantının ətraf mühitin təsiri ilə xəstəliklərin bioloji mexanizmi arasındakı əlaqədən qaynaqlandığını söyləyib. Professor, həmçinin bu yeni üsulun həkimlərə xəstəliklərin müalicəsində kömək edə biləcəyini də bildirib.

Araşdırmanın nəticələri "Journal of American Medical İnformatics Association" jurnalında dərc olunub.

 

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".