Vətən müharibəsinin 10-cu günü
27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.
6 oktyabr
- Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı zamanı müxtəlif istiqamətlərdə düşmənin zirehli texnikaları, atəş dəstək və təminat vasitələri darmadağın edilib. Ermənistan silahlı qüvvələrinin 63-cü tank taborunun daha 3 tankı, o cümlədən 41-ci və 62-ci artilleriya alaylarının 4 ədəd BM-21 Qrad yaylım atəşli reaktiv sistemi məhv edilib. Düşmənin 42-ci artilleriya alayının atəş mövqeyində yerləşdirilmiş D-20 artilleriya qurğuları və onların heyətləri zərərsizləşdirilib. Ballıca məntəqəsində yerləşən mərkəzi silah-sursat anbarı məhv edilib. Cəbrayılda düşmənin xeyli sayda silah-sursat, döyüş və avtomobil texnikası qənimət götürülüb. Azərbaycan Ordusunun uğurlu əməliyyatları nəticəsində Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliklər azad olunub.
- Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə dövlətimizin başçısı deyib ki, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın çox açıq, qətiyyətli bəyanatları bütün dünyaya göstərdi ki, Azərbaycan tək deyil. Bu dəstək bizi ruhlandırır, bizə əlavə güc verir və eyni zamanda, bölgədə sabitliyin, əmin-amanlığın təmin edilməsində önəmli rol oynayır.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın "Pervıy Kanal" televiziyasına müsahibə verib: "Bu gün səhərdən münaqişə zonasının bilavasitə yaxınlığında yerləşən Tərtər şəhərinin atəşə tutulması yenidən davam edir. Əhalisinin sayına görə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin əhalisi də atəşə tutulub. Mingəçevirdə bizim ən böyük elektrik stansiyasının ərazisinə bir raket düşüb, 10-dan çox şəhərimiz, yüzlərlə kəndimiz şiddətli artilleriya bombardmanına məruz qalır. Bu, erməni tərəfin köhnə taktikasıdır. Onlar hər dəfə döyüş meydanında məğlubiyyətə uğrayanda dinc əhaliyə ziyan vurmağa və beləliklə, Azərbaycan Ordusunun əks-hücumunu dayandırmağa çalışaraq belə alçaq hərəkətlərə əl atırlar. Lakin onlar bu əks-hücumu dayandıra bilmirlər və bilməyəcəklər".
- Baş Prokurorluğun məlumatına görə, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində həlak olmuş şəxslərin sayı 27-yə, xəsarət alanların sayı isə 141-ə çatıb.
- Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xüsusi xidməti müşavirə keçirilib. Müşavirədə əks-hücum əməliyyatında mövcud vəziyyət təhlil olunub, qoşunlara azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə dair göstəriş verilib.
- Müdafiə Nazirliyi döyüşlərdə Ermənistan silahlı qüvvələrinin hərbçilərinin atıb qaçdığı və bölmələrimizin məhv etdiyi düşmənin silah və hərbi texnikalarının videogörüntülərini paylaşıb.
- Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi dünyanın bütün ölkələrinin Konstitusiya məhkəmələrinə bəyanatla müraciət ünvanlayıb. Bəyanatda vurğulanıb ki, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək dövlətimizin hərbi mövqelərini, eyni zamanda, yaşayış məntəqələrini atəşə tutub. Ermənistan hökumətinin ATƏT-in Minsk qrupu çərçivəsində konstruktiv danışıqlardan hər şəkildə boyun qaçırmasını nəzərə alaraq, Azərbaycan hökuməti beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri daxilində ölkənin ərazi bütövlüyünü bərpa etmək, habelə vətəndaşlarının təhlükəsizliyini, sülh və sabitliyi təmin etmək üçün beynəlxalq hüquqa əsaslanaraq Ermənistanın silahlı qüvvələrinə qarşı hərbi əməliyyata başlamağa məcbur olub. Bəyanatın sonunda Azərbaycan hökumətinin qanuni və məcburi hərəkətlərinin ölkəmizin işğal olunmuş ərazilərində dövlətimizin yurisdiksiyasının bərpası, qaçqınların öz evlərinə qayıtması və beynəlxalq hüququn bərqərar olunması ilə nəticələnəcəyi əminliklə qeyd edilib.
- Ermənistanın baş naziri Nikol Paşinyan "Facebook" hesabında yazıb: "Bəzi məntəqələrdə vəziyyət çox ağırdır. Bunu gizlətmirəm". Daha bir məlumat da gündəmdə yer alıb. Rusiyanın "Natsionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko deyib ki, Ermənistanın Azərbaycanla müharibə aparması üçün sahib olduğu resurslar, o cümlədən silah-sursat və yanacaq 2-3 həftəlik döyüş əməliyyatlarına kifayət edəcək, sonra Yerevanın döyüşməyə heç nəyi qalmayacaq. Münaqişə zonasında Ermənistan ilə Azərbaycan arasında Azərbaycan ərazisində tammiqyaslı döyüş əməliyyatları davam edib.
"Respublika".