Azərbaycanda din: qədim dövrlərdən bu günədək
Tarix

Azərbaycanda din: qədim dövrlərdən bu günədək

Görkəmli yazıçı, dramaturq Hidayət Orucovun "Azərbaycanda din: qədim dövrlərdən bu günədək" adlı kitabı rus dilində nəşr olunub. Əsərdə müstəqil Azərbaycanın tərkibində yaranan ictimai-siyasi formasiyalar sistemində özünəməxsus keyfiyyətlər qazanmış, böyük dirçəliş dövrünü yaşayan dövlət-din münasibətlərinin tarixi xronologiyası əhatəli şəkildə təqdim olunur. Bu vəsait ilahiyyatçılar, şərqşünaslar, tarixçilər, dinlə bağlı tədqiqat aparan mütəxəssislər, eləcə də ali təhsil müəssisələrinin müəllim və tələbələri üçün dəyərli töhfədir. Tarixi və dini tikililər haqqında məlumatların və fotoşəkillərin yer aldığı kitab, uzun illər bilavasitə din sahəsi ilə bağlı dövlət xadimi kimi vəzifələr icra etmiş Hidayət Orucovun topladığı nəzəri bilik və təcrübəsinin bəhrəsidir. Nəşr Azərbaycanda dövlət-din münasibətlərinin tarixi, müxtəlif dinlərin yayılması və onların müasir vəziyyəti, o cümlədən ölkə ərazisində mövcud olmuş dövlətlərin din siyasəti barədə obyektiv məlumatlar əldə etmək imkanı yaradır.

Müəllif yazır ki, milli-mənəvi müxtəliflik zəminində formalaşan bəşər mədəniyyətinin təməlində din amili mühüm yer tutur. Sosial münasibətlərdə müxtəlif həyat tərzinə malik vətəndaşlar dini fərqliliklər fonunda qarşılıqlı şəkildə ünsiyyət qurublar. Elə dünyanın gələcəyi də bu məsələlərin necə qəbul ediləcəyindən asılı olub. Bu səbəbdən də dövlətin və dinin yaranmasında dünyəvi, ilahi qanunların bir-biri ilə təmaslarına xüsusi diqqət yetirilmişdir. Beləliklə, dövlət-din münasibətləri ayrı-ayrı ictimai-iqtisadi sistemlərdə formalaşaraq böyük inkişaf yolu keçmişdir. Bunu Azərbaycan Respublikasında dövlət-din münasibətlərinin tarixi xronologiyasında da görmək olar. Dövlət-din münasibətlərində sekülerizmin mənəvi dəyərlərinə söykənmək prinsipi Azərbaycanda özünü tam doğruldub. Azərbaycan Respublikasında tarixən formalaşmış etnik tərkibin müxtəlifliyinə, ölkədə çoxsaylı xalqların məskunlaşmasına baxmayaraq, min illər ərzində heç bir milli azlıq Azərbaycandan kənara köçürülməmiş, bu səbəbdən hər bir xalq öz milli-dini kimliyini qoruyub saxlamışdır.

Azərbaycanın dinşünaslıq tarixinə aid olan bu ilk fundamental monoqrafiya qədim, yeni və ən yeni dövrləri əhatə edən dörd əsas bölmədən ibarətdir. "Giriş" hissəsində müəllif qədim əcdadlarımızın inkişaf mərhələsindən söz açır: Azərbaycan Qərbi Asiyanın və Qafqazın qədim və zəngin mədəniyyətinin beşiyi sayılır. Arxeoloji qazıntılar bu ərazidə 1,5-2 min il əvvəl qədim insanın yaşadığını təsdiqləyir. Erkən tarixi dövrlərdə, xüsusən ibtidai insanın yaranma mərhələsində Azərbaycan sakinlərinin mənəvi dünyası haqqında elmi məlumatlar praktiki olaraq yoxdur. Azərbaycan ərazisində ibtidai insanın formalaşması dövrü Quruçay mədəniyyəti ilə birbaşa bağlıdır.  Azıx mağarasının bir guşəsində mağara ayılarından birinin qorunub saxlanmış kəllə sümüyü onu göstərir ki, 300 min il əvvəl rəqəmlər və hesablamalar Azıxantroplara məlum idi.

Əsərin "Qədim və orta əsrlərdə Azərbaycanda dövlət-din münasibətləri" adlanan birinci bölməsində "İbtidai icma quruluşu dövründə Azərbaycan ərazisində dini inancların və ayinlərin yaranması", "Cəmiyyət və din. Azərbaycan xalqının dinlə bağlı görüşləri", "Avraamik dinlər və Azərbaycan, "Azərbaycan ərazisində başqa dinlər", "Azərbaycanın maddi-mədəni irsində və ədəbi fikrində din", "IX-XIX əsrin əvvəllərində Azərbaycanda dövlət-din münasibətləri" başlıqları altında Azərbaycan ərazisində cəmiyyətin ilkin inkişaf dövrü, XIX əsrə qədər davam edən dini inanclar haqqında yazılar verilib.

"Müasir dövrdə Azərbaycanda dövlət-din münasibətləri" adlı ikinci bölmədə "Şimali Azərbaycanın Rusiya İmperiyası tərəfindən işğalı və çarlığın dini siyasəti", "Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətləri" və "Sovet hakimiyyəti illərində Azərbaycan SSR-də dövlət və dini münasibətlər" mövzusunda yazılar yer alıb.

Üçüncü bölmədə "Ən yeni dövrdə Azərbaycanda dövlət-din münasibətləri" adı altında Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə dövlət-din münasibətlərinin hüquqi əsasları, ümummilli lider Heydər Əliyevin yürütdüyü uğurlu din siyasəti haqqında məlumat verilib. Dördüncü bölmədə "Prezident İlham Əliyev və Azərbaycan Respublikasında dövlət-din münasibətləri" mövzusu təhlil edilib.

Nəşrin "Azərbaycanda tarixi-dini abidələr" adlanan əlavə bölməsində müsəlman dininə məxsus Bibiheybət ziyarətgahı, Naxçıvan İmamzadə kompleksi, İrəvan Şah Abbas məscidi, Ağdam Cümə məscidi, Gəncə İmamzadə məqbərəsi və digər dini yerlər haqqında yazılar var. Kişdəki məbəd, Xudavəng monastırı, Atəşgah məbədi, Bakı sinaqoqları və digər dini abidələr barədə də məlumat verilir.

Oxuculara təqdim olunan nəşrdə Azərbaycanda dövlət-din münasibətlərinin tarixi, müxtəlif dinlərin yayılması və onların bugünkü vəziyyəti, 2500 ildən artıq bir müddətdə ölkə ərazisində mövcud olmuş dövlətlərin din siyasəti, Azərbaycanın XIX əsrin birinci yarısında iki yerə bölünməsi və 1824-cü ildən Rusiya imperiyası tərəfindən işğal olunmuş Şimali Azərbaycanın tarixi (1918-1920-ci illər istisna olmaqla), 1991-ci ilə qədər aparılan fəlakətli din siyasəti əks etdirilib.

Düzdür, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə din və dövlət münasibətləri tarixinə dair konkret əsərlər yazılmamış, yalnız bir neçə mövzuda müdafiə edilmiş dissertasiyalar dərc olunmuşdur. Zaman keçdikcə bu problemlə bağlı elmi araşdırmalara böyük ehtiyac olduğunu görürük. Azərbaycan qədim zamanlardan bu günə qədər müxtəlif dinlərin yarandığı və yayıldığı bir ölkə olub, onun dörd min illik dövlətçilik tarixində din-dövlət münasibətləri mühüm yer tutur.

Kitabın böyük hissəsi Azərbaycan Respublikasının dövlətçilik tarixində həyata keçirilən din siyasətinin problemlərinin işıqlandırılmasına həsr olunub. Əsərdə ulu öndər Heydər Əliyevin dövlət müstəqilliyini bərpa etdikdən sonra müstəqil dövlət quruculuğu sahəsində işləyib hazırladığı din siyasəti, dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərimizin qorunması, tarixi, dini abidələrimizin bərpası və dini dözümlülük ənənəsinin möhkəmləndirilməsi sahəsindəki xidmətlərindən geniş söhbət açılıb. Həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi istiqamətində atılan addımlara diqqət yetirilib.

Kitab ilk dəfə 2012-ci ildə Azərbaycan dilində nəşr olunub. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin "Aqape" dini icması tərəfindən 2023-cü ildə rus dilində yenidən çap olunub.

Müəllif çoxsaylı mənbələrdən və Azərbaycan Respublikasının hüdudlarından kənarda çap olunmuş elmi ədəbiyyatlardan istifadə etmişdir. Kitabla yaxından tanış olan hər kəs Azərbaycanın qədim zamanlardan bu günə qədər dini əlaqələrinin tarixi haqqında obyektiv elmi məlumat əldə etmək imkanı qazanacaq.

Aiza ŞABANOVA,

"Respublika".