Xankəndidən dünyaya sülh çağırışları
Tarix

Xankəndidən dünyaya sülh çağırışları

Prezident İlham Əliyevin 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışı belə dəyərləndirilir

Son 30 il ərzində separatçıların məskəninə çevrilən Xankəndi insanlığa qənim kəsilən qanunsuz erməni silahlı qüvvələrinin idarə olunduğu şəhər kimi beynəlxalq aləmdə yetərincə tanınmağına baxmayaraq, bəlkə də çox ölkələr inanmazdı ki, burada əmin-amanlıq bərpa olunsun və buradan dünyaya sülh çağırışları səslənsin. Çünki dünyada insanpərvər ölkələri və geniş ictimaiyyəti törətdikləri faciələrlə lərzəyə salan, dinc sakinləri, körpələri, qocaları, xəstələri və qız-gəlinləri gülləbaran edən, tarixi yurd yerlərimizi işğal edərək dağıdan separatçılara qarşı ciddi və qəti tədbir görən bir beynəlxalq təşkilat və qurum yox idi. Bəzi iri dövlətlər bu separatçılara dəstək verir və onların faşist siyasətini dəstəkləməklə köməkliklərini göstərirlər. Bu səbəbdən də dünyanın ən böyük təşkilatı olan BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə icra olunmadı. Bunu görən separatçılar daha da azğınlaşıb cinayət əməllərini davam etdirərək özgə torpaqları hesabına ərazilərini genişləndirmək xülyası ilə yaşayırdılar. Ancaq unudurdular ki, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi sayəsində vətəni və torpağı uğrunda ölümə hazır olan igid əsgərlərimiz və monolit birliyi ilə seçilən müdrik xalqımız, iqtisadi qüdrətini durmadan artıran ölkəmiz var.

Azərbaycan dünyada ikili standartların hökm sürdüyü indiki vaxtda sülh siyasətinə sadiq qaldığını və bölgədə sülhün bərpası üçün bütün danışıqlara hazır olduğunu bildirirdi. Lakin faşist təfəkkürlü ölkələrə arxalanan Ermənistan ölkəmizin bu təklifini sözdə qəbul etsə də, əməldə separatçılığından əl çəkmirdi. Beləliklə də 44 gün ərzində davam edən İkinci Qarabağ müharibəsində ordumuzun gücünü görən Ermənistan kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı. Bir sutkaya yaxın davam edən antitrerror tədbirlərlə ordumuz bölgədə erməni separatçıların kökünü birdəfəlik kəsdi.

Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında dünyaya sülh çağırışları edərək ölkəmizin bu yolda göstərdiyi fədakarlıqdan danışdı: "Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, o, ölümə getməyə hazırdır və biz bunu göstərmişik. Ən çətin, əlverişsiz coğrafi vəziyyətdə altı müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən keçib, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstərmişdir".

Dövlətimizin başçısı tarixi çıxışında beynəlxalq ictimaiyyətə xalqımızın qəhrəmanlıq rəşadətinin böyük olduğuna da toxundu. Çünki zaman-zaman qonşu dövlətlərin və havadarlarının gücünə arxalanan bəzi ölkələr kimi Ermənistan da cinayət əməllərinin cavabsız qalacağına və separatçılıq törətməklə öz istəyinə sona qədər nail olacağına əmin idilər. Prezident İlham Əliyev bildirdi ki, əziz şəhidlərimizin xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq və biz bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərmişdik. Yəni hazırlıq işləri apararkən, bax, biz bu günü gözləyirdik. Mən bu 20 il ərzində heç vaxt şübhə etmirdim ki, bu gün gələcək və Xankəndi şəhərində Azərbaycan Bayrağı altında hərbi parad keçiriləcək.

Son illərin tarixin sübutudur ki, Azərbaycan ordusu qədər heç bir ölkənin ordusu bu səviyyədə peşəkarlıq və fədakarlıq göstərərək torpağını işğaldan azad etməyib. Ordumuzun qüdrəti barədə danışan dövlət başçısı dünya ictimaiyyətinə daha bir ismarışını da çatdıraraq bildirdi ki, biz döyüş meydanında qan tökərək, şəhidlər verərək göstərdik ki, Qarabağ Azərbaycandır. Bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin: "Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin. Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik".

Dövlət başçımızın Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışı Azərbaycanın ədalətli, qətiyyətli mövqeyinin, müstəqil siyasətinin, hərbi qüdrətinin, iqtisadi gücünün və sülhə bağlı siyasətinin məntiqi nəticəsi olmaqla bundan sonra da məkrli qüvvələrə qarşı amansız mübarizə aparacağını göstərdi.

Mikayıl NƏRİMANOĞLU,

"Respublika".