Başı çinardan uca ZƏNGİLAN
Tarix

Başı çinardan uca ZƏNGİLAN

Zəngilan - Azərbaycanın dilbər guşələrindən biri, ölkəmizə ziyalılar, dövlət xadimləri, şair, yazıçı, rəssam, bəstəkar, mühəndis və b. görkəmli şəxsiyyətlər bəxş edən rayon. Zəngilan rayonu Azərbaycan Respublikasının qərb hissəsində yerləşir.

Zəngilan rayonu deyilən zaman göz önünə məşhur çinar ağacları, şır-şır axan bulaqları, çayları gəlir. O, qərbdə Ermənistan, cənubda İran İslam Respublikası, şimalda Qubadlı, şərqdə isə Cəbrayıl rayonları ilə həmsərhəddir. Naxçıvana gedən dəmiryolu xətti Zəngilandan keçdiyi üçün strateji baxımdan da əhəmiyyət daşıyırdı. 8 avqust 1930-cu ildə təşkil olunan Zəngilanın işğalı 1992-ci ildə faktiki olaraq reallaşmışdı. Belə ki, 1992-ci ilin sonlarında Zəngilanın 13 yaşayış məntəqəsi, bir çox strateji yüksəkliklər düşmənin əlinə keçdi. Bununla da rayonun işğalının əsası qoyuldu.

1993-cü ildə isə döyüşlər ara vermirdi. Yaz fəslində ermənilərin hücumları daha da intensivləşir. Martın 2-də Aşağı Göyəli və Canbir kəndləri işğal olunur. 2 gün sonra Şayıflı və ətraf kəndlərə düşmən hücumları genişlənir. Rayon mərkəzi atəş altında idi. Belə bir şəraitdə çətinliklərə baxmayaraq, mərd əhali təslim olmur, düşmən hücumları dəf edilirdi. İyulun 19-da Qızıldaş qəsəbəsi döyüş meydanına çevrildi. 1993-cü il avqustun 25-də erməni hərbi birləşmələri genişmiqyaslı hücuma keçərək daha 5 kilometr irəlilədilər. Sentyabrın əvvəlində Zəngilan rayonundakı hərbi qüvvələr üç tərəfdən mühasirəyə düşdülər. Mühasirədə olan Zəngilan beş gün Ermənistan və Qarabağdakı düşmən qüvvələri ilə qeyri-bərabər döyüşə sinə gərdi. Oktyabrın sonuna yaxın rayon artıq tam mühasirədə idi. 1993-cü il oktyabr ayının 23-də ermənilərin Zəngilanı respublikaya birləşdirən yolu ələ keçirməsi əslində çox ciddi təhlükədən xəbər verirdi. Oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəklikləri işğal olundu. Bununla da Zəngilanın mühasirəsi başa çatdırıldı. Bütün çətinliklərə dözən zəngilanlılar düşmənlə ölüm-dirim savaşına qalxdı. Onlar doğma yurdlarını heç vəchlə tərk etmək istəmirdilər. Heyətlərinin əksəriyyəti yerli gənclərdən ibarət olan buradakı batalyonlar da eyni qətiyyətlə vuruşurdular. 188 şəhid verən Zəngilan rayonunun 44 sakini itkin düşdü. Sonda Zəngilan əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü. Əks-təqdirdə ikinci Xocalı faciəsi yaşana bilərdi.

İşğaldan öncə rayonda 66 ümumtəhsil məktəbi, 4 yeddiillik musiqi məktəbi, tarix-diyarşünaslıq, daş abidələr və "Xalqlar dostluğu" muzeyləri, mərkəzi kitabxana, mərkəzi rayon xəstəxanası, Mincivan dəmir yol xəstəxanası və s. fəaliyyət göstərib. İşğaldan sonra Bakı-Mincivan-Qafan dəmiryolu xəttinin keçdiyi Mincivan stansiyası tamamilə dağıdıldı. Naxçıvan istiqamətində Bakı-Naxçıvan-İrəvan dəmiryol xəttinin Mehridən keçən 41 kilometrlik ərazisi blokadaya alındı. Rayonda yerləşən Avropanın ən böyük çinar meşəsini də ermənilər viran qoydu. Həmçinin mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər də ermənilər tərəfindən talan edildi. Rayon ərazisində 1974-cü ildə yaradılan Bəsitçay Dövlət Təbiət Qoruğu bərbad vəziyyətə salındı. Qoruq ərazisindəki qiymətli ağacları kəsib-doğrayan ermənilər onlardan mebel sənayesində istifadə edirdilər. Ermənistan tərəfindən Oxçuçayın ağır formada çirkləndirilməsi də böyük ekoloji terror faktı kimi dəyərləndirilir.

Bu ağrılı günlərdən 27 il sonra oktyabr ayının 20-si Zəngilanın işğaldan azad olunduğu gün kimi yaddaşlara həkk oldu. 44 günlük Vətən müharibəsinin 24-cü günündə Azərbaycan Ordusu başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri erməni işğalından azad edildi. Qələbə ruhlu 20 oktyabr 2020-ci il şərəf və qürur tariximizə çevrildi. Həmin gün xüsusilə zəngilanlıların sevincinin həddi-hüdudu yox idi. Qazanılan qələbə təkcə silahın gücü deyil, həm də Prezidentimizin müstəqil siyasətinin nəticəsidir. Bu qələbə Ali Baş Komandanımızın, bizim birliyimizin qələbəsidir. İkinci Vətən müharibəsindən sonra Ali Baş Komandan İlham Əliyev dəfələrlə azad olunan Zəngilan torpağına gedib və salınacaq şəhər, qəsəbə, kəndlərin yenidən bərpa olması barədə qərarlar verib. İndi Zəngilanda da abadlıq-quruculuq işləri davam edir və "Böyük Qayıdış" proqramı bu ərazilərimizdə də sürətlə reallaşır.

Qeyd etmək lazımdır ki, ölkə başçımız Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixli Sərəncam imzalayıb. Bundan sonra hər il 20 oktyabr Zəngilan Şəhəri Günü kimi təntənəli şəkildə qeyd olunacaq.

Röya RÜSTƏMLİ,

"Respublika".