DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BMT-NİN BAŞ KATİBİNDƏN AVTONOM SİLAHLARA QADAĞA İLƏ BAĞLI ÇAĞIRIŞ

Müstəqil olaraq hədəfləri seçib onları məhv edə bilən avtonom silah sistemlərindən istifadə qadağan edilməlidir. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu BMT-nin baş katibi Antonio Quterreş bəyan edib.

Məlumata əsasən, BMT-nin baş katibi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbəri Miryana Spolyariçin birgə bəyanatında deyilir: “İnsan müdaxiləsi olmadan insanların həyatını öldürmək hüququna və gücünə malik maşınlar beynəlxalq hüquqla qadağan edilməlidir”.

Eyni zamanda, Quterreş və Spolyariç xəbərdarlıq ediblər ki, avtonom silahların inkişafı və yayılması müharibələrin aparılması üsulunun dəyişməsinə, dünyada gərginliyin və qeyri-sabitliyin artmasına səbəb ola bilər.

BMT-nin baş katibi və BQXK rəhbəri siyasi liderləri avtonom silah sistemlərinə qadağa qoymağa çağırıblar.

ABŞ FARS KÖRFƏZİNƏ ƏLAVƏ QÜVVƏLƏR GÖNDƏRƏ BİLƏR

“İranla gərginliyin artacağı təqdirdə və regionda gəmiçiliklə bağlı rəsmi Tehran tərəfindən təhdidlər aşkar olunarsa, ABŞ Fars körfəzi ərazisinə növbəti dəfə əlavə qüvvələr göndərməyə hazırdır”. “Report” agentliyinin məlumatına görə, bunu ABŞ Hərbi Hava Qüvvələri Komandanlığının komandanı, general-leytenant Aleksus Qrinkeviç bəyan edib.

Komandanın sözlərinə görə, ABŞ-ın döyüşə hazır amfibiya qüvvəsi də daxil olmaqla, gəmilərin mövcudluğu İranı gəmiçiliyə qarşı hər hansı hərəkətdən çəkindirib.

“Bizim göndərməyə çalışdığımız mesaj ondan ibarətdir ki, biz konkret təhlükəyə cavab olaraq qüvvələr yaratmışıq ki, bu da regionun ABŞ üçün əhəmiyyətini nümayiş etdirir. Ümid edirəm ki, İran tərəfi siqnalı qəbul edib və uzun müddət mövqelərində qalacaq”, - deyə general vurğulayıb.

Bununla yanaşı, A.Qrinkeviç bildirib ki, ABŞ-ın bu yaxınlarda əlavə qüvvələrinin, o cümlədən beşinci nəsil “F-35” qırıcı-bombardmançılarının Fars körfəzinə yerləşdirməsi Tehranın destruktiv planlarına təsir göstərib.

İRANDA ETİRAZLARI YENİDƏN ALOVLANDIRACAQ İNSİDENT BAŞ VERİB

İranda 16 yaşlı Armita Geravand adlı qız hicab taxmadığı üçün Tehran metrosunda “əxlaq polisi” tərəfindən həbs edildikdən sonra aldığı ağır xəsarətlər səbəbindən komaya düşüb. “Tekeqraf.com”un verdiyi xəbərə görə, bu barədə müstəqil insan haqları təşkilatı “Hengaw” məlumat yayıb.

Bildirilir ki, “əxalaq polisi” onu platformada saxlayıb, başını örtməsini tələb edib. Qız imtina etdikdə kobud güc tətbiq edilib, nəticədə ağır xəsarətlərlə hərbi xəstəxanaya yerləşdirilib.

Eyni zamanda, aidiyyəti qurumlar xəsarətlərin polis tərəfindən törədildiyini inkar etsələr də, “Hengaw” fəalları bunun əksini qeyd edirlər.

Bununla yanaşı, təşkilatın məlumatına görə, Armita Geravandın işi ötən ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin oxşar şəraitdə “əxlaq polisi”nin zorakılığı nəticəsində öldüyü zaman olduğu kimi, böyük ictimai səs-küyə səbəb ola bilər. Olay aylarla hazırkı rejimin əleyhinə davam edən kütləvi nümayişlərlə nəticələnmişdi.

DÜNYADA İLK DƏFƏ KOSMİK TULLANTILARA GÖRƏ CƏRİMƏ TƏTBİQ EDİLİB

ABŞ-ın “Dish Network” şirkəti köhnə peyki lazımi qaydada utilizasiya edə bilmədiyi üçün kosmos tullantıları ilə mübarizə müqaviləsi çərçivəsində ABŞ Federal Rabitə Komissiyasına 150 min dollar cərimə ödəməli olacaq. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

Bildirilir ki, “EchoStar-7” peyki 2002-ci ildə "Dish Network" tərəfindən geostasionar orbitə buraxılıb. On il sonra şirkət peykin fəaliyyətinin sonunda Yerdən daha 300 kilometr yüksəkliyə qaldırılacağı və orada əbədi qalacağı barədə sənədlərə imza atıb. Bununla belə, peykin “dəfn” orbitinə köçürülməsi üçün son tarix yaxınlaşanda məlum olub ki, onun manevri başa çatdırmaq üçün kifayət qədər yanacağı yoxdur - malik olduğu yanacaq onu yalnız geostasionar orbitə nisbətən 122 kilometr qaldırmağa kifayət edir. Bu, gələcəkdə yeni kosmik peyklərin buraxılması üçün problemlər yarada bilər.

“Hazırda minlərlə ton orbital zibil var və bu miqdar artmağa davam edəcək. Biz bu problemi həll etməliyik. Çünki bunu etməsək, bu kosmik zibil yeni imkanları məhdudlaşdıra bilər”, - deyə ABŞ Federal Rabitə Komissiyasın sədri Cessika Rozenvorsel hələ ötan il bəyan etmişdi. Hazırda isə Federal Komissiya bunların sadəcə söz olmadığını və Yerə yaxın məkanın təmizliyi üçün həqiqətən mübarizə aparmaq niyyətində olduğunu nümayiş etdirmək qərarına gəlib.

TÜRKİYƏDƏ UKRAYNA İLƏ BAĞLI BEYNƏLXALQ GÖRÜŞ KEÇİRİLƏ BİLƏR

Rəsmi Ankara oktyabrın sonuna qədər Ukraynadakı münaqişənin həlli üçün beynəlxalq görüş təşkil etməyi planlaşdırır. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Bloomberg” mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan da daxil olmaqla müxtəlif ölkələrin milli təhlükəsizlik müşavirləri məsləhətləşmələr üçün İstanbula gedəcək.

Bununla yanaşı, qeyd edilir ki, Rusiya tərəfi görüşə dəvət olunmayıb, Çinin isə nümayəndə göndərib-göndərməyəcəyi hələlik məlum deyil.

Verilən xəbərə əsasən, gündəmin mərkəzində Ukrayna prezidenti Volodimir Zelenskinin sülh planı və Kiyevin bu təşəbbüsü müzakirə etmək üçün 2023-cü ildə qlobal toplantı təşkil etmək niyyəti olacaq.

KXDR PLUTONİUM İSTEHSALI ÜÇÜN NÜVƏ REAKTORUNUN İŞİNİ DAYANDIRIB

Cənubi Koreya və Amerika kəşfiyyatı Şimali Koreyanın Yonbyon nüvə mərkəzində 5 MVt gücündə reaktorun fəaliyyətini dayandırdığına dair məlumat əldə edib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Tona İlbo” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, reaktor sentyabrın sonunda fəaliyyətini dayandırıb. ABŞ və Cənubi Koreya səlahiyyətliləri hesab edirlər ki, bu, nüvə yanacağının silah məqsədli plutonium istehsal etmək üçün təkrar emal edilməsinə işarə ola bilər.

Eyni zamanda, vurğulanır ki, yenidən emal prosesi reaktorun bir neçə həftə ərzində bağlanmasını, işlənmiş yanacaq millərinin çıxarılmasını və laboratoriyaya daşınmasını nəzərdə tutur.

Xatırladaq ki, Yonbyon reaktoru 2021-ci ilin iyulunda yenidən işə salınıb. Mütəxəssislərin fikrincə, KXDR hakimiyyəti bu reaktordan istifadə etməklə ildə 6-8 kiloqram arasında silah məqsədli plutonium əldə edə bilər.

MOLDOVA UKRAYNADAN BU MƏHSULLARIN İDXALINA MƏHDUDİYYƏT QOYUB

Moldova hakimiyyəti Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyət qoyub. “Trend” agentliyinin məlumatına görə, bu barədə qərarı ölkənin Fövqəladə Hallar üzrə Milli Komissiyası verib.

Verilən xəbərə görə, komissiya öz qərarını daxili bazarın qorunması zərurəti ilə əsaslandırıb. Bir müddət öncə “Fermerlərin Gücü” assosiasiyasında birləşən Moldova fermerləri Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyulmasını tələb edirdilər. Daha ucuz Ukrayna məhsullarının idxalı onları iflasla təhdid etdiyi üçün fermerlər kütləvi etirazlarla hədələyiblər.

Komissiyanın qərarına əsasən, buğda, qarğıdalı və günəbaxan toxumlarının idxalına yalnız Kənd Təsərrüfatı və Qida Sənayesi Nazirliyi tərəfindən təqdim edilən lisenziya əsasında icazə veriləcək. Əkin üçün müəyyən məhsulların idxalına isə məhdudiyyət tətbiq edilmir.

Məlumata əsasən, 15 gün ərzində müvafiq nazirlik normativ-hüquqi bazanı hazırlayacaq və lisenziyaların verilməsinə cavabdeh olacaq xüsusi komissiya formalaşdıracaq.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.