Rubl dollara nisbətən psixoloji həddən aşağı düşüb
Dünya xəbərləri

Rubl dollara nisbətən psixoloji həddən aşağı düşüb

Rusiya rublunun dollara nisbətən məzənnəsi psixoloji həddən aşağı düşüb.

“Respublika” xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, son həftələr milli valyutası kəskin ucuzlaşan Rusiyada 1 dollar almaq üçün artıq 90 rubldan çox ödəniş etmək lazımdır: “Dollara nisbətən rublun məzənnəsi bu gün 92.0 olub. Moskvada səsləndirilən nikbin açıqlamalara rəğmən sanksiyalar rublu sıxmaqdadır. Şimal qonşumuza daxil olan xarici valyutanın azalması məzənnəyə təsirsiz ötüşmür. İxrac imkanları məhdudlaşan Rusiyada xarici valyutaya tələbin artması da müşahidə olunur.

V. Bayramov onu da deyib ki, sanksiyalar genişləndikcə Rusiya iqtisadiyyatında neqativ trendlərin dərinləşəcəyi gözləniləndir: “Reallıq bundan ibarətdir ki, Rusiya Mərkəzi Bankının alətləri çoxsaylı deyil və bu da intervensiya imkanlarını məhdudlaşdırır. Rublun ucuzlaşmasının manata təsirlərinə gəldikdə isə bir daha qeyd etmək istərdik ki, Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün milli valyutanın məzənnəsində Mərkəzi Bankın mövqeyi həlledicidir”.