VIII GÜN. Hadisələr, Şərhlər
Siyasət

VIII GÜN. Hadisələr, Şərhlər

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın yeni - "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verən Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

1 oktyabr

  • Azərbaycan, Türkiyə və Gürcüstan parlament sədrləri arasında üçtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
  • Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədəki terror hücumunu kəskin pisləyib.

2 oktyabr

  • Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Kosmik sənayenin inkişafına mühüm töhfə

Oktyabrın 2-də Prezident İlham Əliyevin 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışı zamanı səsləndirdiyi fikirlər də bir daha təsdiqləyir ki, Azərbaycan regional və beynəlxalq miqyasda hədəflərinə çatmağa davam edəcək. Dövlətimizin başçısı qeyd edib ki, Bakıda keçirilən Konqres Azərbaycanda kosmos sənayenin, aparıcı texnologiyaların inkişafına və onun müasirləşdirilməsinə töhfə verəcək. Müasirləşmənin Azərbaycanın gələcəklə bağlı baxışlarını, gündəliyini və planlarını əks etdirdiyini vurğulayan dövlətimizin başçısı bildirib: "Müstəqillik dövründə Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Bizim siyasətimiz hər zaman aydın, şəffaf və birmənalı olub, dostların qazanılmasına və əməkdaşlığın gücləndirilməsinə xidmət edib".

2-6 oktyabr tarixləri arasında baş tutan beynəlxalq miqyaslı tədbir Azərbaycanın kosmik inkişafına mühüm töhfə vermiş oldu. Hər il 6000-dən çox iştirakçını özünə cəlb edən Beynəlxalq Astronavtika Konqresi (IAC) bütün kosmik aktorların bir araya gəldiyi qlobal əhəmiyyətli tədbirdir. Kosmik sənayenin müxtəlif sahələrini və mövzularını əhatə edən IAC ən son kosmik məlumatları, inkişafları, şəbəkə imkanlarını, əlaqələri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqla potensial tərəfdaşlıq təklif edir.

  • Ölkə başçımız Anqlikan Kilsəsinin dini rəhbərini qəbul edib.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ICESCO-nun Baş direktoru ilə görüşüblər.
  • Qarabağa səfər edən BMT missiyası yekun bəyanat yayıb.
  • Xankəndi və Qarabağın yeni azad edilmiş ərazilərində xüsusi təyinatlı rabitə şəbəkəsi fəaliyyətə başlayıb.

3 oktyabr

  • Prezident İlham Əliyev Alman Birliyi Günü münasibətilə Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerə təbrik məktubu ünvanlayıb.
  • Antiterror tədbirlərində şəhid olmuş hərbi qulluqçuların siyahısı yenilənib.
  • Ermənistan parlamenti Roma statutunu ratifikasiya edib.

4 oktyabr

  • Azərbaycan Qranada şəhərində planlaşdırılan beştərəfli görüşdən imtina edib.
  • Xarici İşlər Nazirliyi Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonnanın Ermənistanda mətbuat konfransı zamanı səsləndirdiyi iddiaları rədd edib.
  • "Frankfurter Allgemeine Zeitung" alman nəşrində dərc olunan "İrəvandakı tənha xilaskar" sərlövhəli məqalədə Katrin Kolonnanın Aİ-ni "qətiyyətlə" Ermənistanın tərəfini tutmağa məcbur etməsi qeyd edilib.

5 oktyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev İordaniyanın və Səudiyyə Ərəbistanının ölkəmizdə yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib.
  • Arayik Harutyunyan cinayət məsuliyyətinə cəlb edilib.

Separatçı "liderlər" cinayət əməllərinə görə cavab verir

Artıq separatçı rejimin ünsürləri bir-bir tutularaq Bakıya gətirilir. Hansı ki, bu şəxslər uzun illərdir Azərbaycanın mərkəzi hakimiyyətinə tabe olmayan, "dövlət" yaratmaq eşqində yaşayanlar olub. Gəncə terrorunun təşkilatçısı və bunun əmrini verən Arayik Harutyunyanın da oktyabrın 5-i ədalətimizdən nəsibini alması olduqca əlamətdardır. Xüsusilə, Gəncə terrorunun ildönümündə  separatçı cəlladın tutulması sevindirici oldu.  Lakin Azərbaycan bu məsələdə də hüquqi öhdəliklərini tam yerinə yetirir. Çünki Azərbaycan Respublikası cinayətin miqyasından asılı olmayaraq hər bir təqsirləndirilən şəxsi qanunvericiliyinə, beynəlxalq konvensiyaların tələblərinə və hüquqi etikaya uyğun  şəkildə mühakimə edir. Qeyd edək ki, keçmişdə və indi əli günahsız insan qanına batmış hər kəs sonunda ədalətin sərt silləsini yeməlidir. Arayik kimi Vaqif Xaçaturyan, Ruben Vardanyan, Bako Saakyan, Arkadi Qukasyan, Davit İşxanyan, David Babayan, Liova Mnatsakanyan da bu sərt sillədən öz payını aldı və almağa da davam edəcək. Bu aqibət hələ "isti yuva"da gizlənməyi bacaran, Azərbaycanın qəsdinə duran digər qatilləri də gözləyir.

  • Arkadi Qukasyan, Bako Saakyan və Davit İşxanyanın həbsi ilə bağlı DTX-dən açıqlama verilib.
  • Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-cı il üçün turizm paytaxtı seçilib.
  • Avropa Parlamenti Azərbaycana qarşı sanksiyalara çağıran qətnamə qəbul edib.
  • Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Notariat Birliyi yaradılıb.

6 oktyabr

  • Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib.
  • Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Milli Assambleyasının sədrini qəbul edib.
  • Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktorunu qəbul edib.
  • Zəngilanda Azərbaycanla İran arasında avtomobil körpüsünün təməlqoyma mərasimi keçirilib.

Regionda diktə edən tərəf Azərbaycandır

Oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyanın Qranada şəhərində Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts və Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişellə görüşü gözlənilirdi. Amma dövlət başçımız İspaniyaya səfərdən imtina etdi.

Buna səbəb Azərbaycanın görüşdə Türkiyənin iştirakını təkid etməsinə baxmayaraq, Paris və Berlin cütlüyü ilə bu məsələdə fikir ayrılığı yaşanması olub. Əvvəlcə onu qeyd etmək lazımdır ki, beynəlxalq ictimaiyyət sülh istəsəydi, Türkiyənin görüşdə iştirakında maraqlı olardı. Amma görünür, Qərb bu prosesdə maraqlı deyil. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Türkiyə ilə Azərbaycan regionda birgə hərəkət edir.

 Liderlər hər zaman bəyan ediblər ki, Cənubi Qafqazla bağlı məsələlər regional çərçivədə həll edilməlidir. Çünki qeyri-region ölkələrinin bölgəyə hərbi-siyasi yerləşmə cəhdlərini artırması Cənubi Qafqazda münasibətləri gərginləşdirməklə yanaşı, destabilizasiya yaradır. Elə bu səbəbdən də Azərbaycan 2020-ci ilin 10 noyabr qələbəsindən sonra regional məsələlərin həlli üçün "3+3" formatını təklif edib. Hazırda İran da bu formatın tərəfdarıdır.

  • Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib.

7 oktyabr

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.
  • Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
  • Azərbaycan qardaş Səudiyyə Ərəbistanının 2034-cü ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək təşəbbüsünü dəstəklədiyini açıqlayıb.

"Respublika".