Sərhədi göz bəbəyi kimi qorumaq şərəf və məsuliyyətdir
Siyasət

Sərhədi göz bəbəyi kimi qorumaq şərəf və məsuliyyətdir

"Hörmətli sərhədçilər, xalqımız, dövlətimiz sizə şərəfli iş tapşırıbdır. Sizin üzərinizə şərəfli vəzifə qoyubdur. Eyni zamanda sizin üzərinizə çox böyük məsuliyyət qoyubdur. Mən əmin olduğumu bildirmək istəyirəm ki, Azərbaycan Sərhəd Qoşunlarında xidmət edən hər bir şəxs öz vəzifəsinin nə qədər şərəfli olduğunu və üzərinə düşən bu vəzifənin nə qədər məsuliyyətli olduğunu dərk edir". Bu fikirləri Azərbaycan Sərhəd Xidmətinin yaradılması və formalaşmasında böyük xidmətləri olan ulu öndər Heydər Əliyev bildirib.

Bəli, sərhədçi adından da göründüyü kimi, şərəfli və məsuliyyətli peşədir. Sərhədlərimizdə ayıq-sayıq dayanan, onu göz bəbəyi kimi qoruyan sərhədçilərimizdən isə dövlətimiz qayğısını heç zaman əsirgəmir. Yanvarın 15-də Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospitalının açılışı da onu göstərdi ki, ölkəmizdə sərhəd mühafizəsi işinə böyük önəm verilir.

Vətən müharibəsində - hələ oktyabrın 16-da işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisindəki "Çaxırlı" və "Mahmudlu" sərhəd zastavaları üzərində Azərbaycan Dövlət Bayrağının ucaldılması hər kəsə böyük qürur hissi yaşatmışdı. Onu da deyək ki, Ermənistan silahlı qüvvələrinin əzəli torpaqlarımızdan qovulması üzrə döyüş əməliyyatlarında Azərbaycan sərhədçiləri şərəflə iştirak etmiş və Silahlı Qüvvələrimizin digər növləri ilə birlikdə düşmənə sarsıdıcı zərbələr endirmiş, qələbəni təmin etmişdi. Azərbaycan sərhədçiləri torpaqlarımızın işğaldan azad edilməsində döyüş bacarığını nümayiş etdirməklə öz şərəfli vəzifəsini layiqincə yerinə yetirdi. İşğaldan azad edilmiş Cəbrayıl və Zəngilan rayonları ərazisindəki "Soltanlı", "Xələfli", "Xudafərin" və "Qumlaq" sərhəd zastavaları üzərində üçrəngli bayrağımız ucaldıldı və bu sərhəd zastavaları xidməti-döyüş fəaliyyətinə başladı. Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin işğaldan azad edilməsi də dövlət sərhədlərinin tam bərpası üçün son dərəcə önəmli hadisə idi. Xudafərin körpüsündə Azərbaycan bayrağı qaldırılmış, DSX-nın iştirakı ilə bir neçə yaşayış məntəqəsi azad edilmişdi. Azərbaycan-İran dövlət sərhədinin tam nəzarətə götürülməsini tarixi hadisə kimi dəyərləndirilmişdi. Vətən müharibəsi dövründə Azərbaycan-İran sərhədi, 132 kilometrlik sərhəd bərpa edilmiş, müharibədən sonra isə sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görülmüş, Azərbaycan-İran sərhədi dostluq sərhədi adlandırılmışdı.

1991-ci ildə, SSRİ-nin dağılması ilə müstəqilliyini bərpa etmiş Azərbaycan Ermənistanın torpaq iddiaları və ölkəmizə təcavüzü nəticəsində torpaqlarının 20 faizini itirmiş, sərhədlərimiz pozulmuşdu. Yalnız Vətən müharibəsindən sonra sərhədlərimiz bərpa olundu. 2022-ci il aprelin 23-də isə Azərbaycan sərhədləri tam şəkildə bərpa edildi. Azərbaycan sərhədçiləri Laçın-Xankəndi yolunun başlanğıcında Dövlət Bayrağını qaldırdı. Artıq dövlət sərhədlərinə tam nəzarət təmin olunub. Təəssüf ki, Vətən müharibəsindən üç il keçməsinə baxmayaraq, hələ də tərəflər arasında sülh müqaviləsi imzalanmayıb, ermənilər bu istiqamətdə aparılan danışıqlar prosesini pozur, sülh prosesini ləngidir. Sülhə gedən yol təbii ki, sərhədlərin tanınmasından, onun toxunulmazlığının təmin edilməsindən asılıdır. Ermənistan lideri 5-ci Brüssel görüşündən sonra Azərbaycanın 86,6 min kvadratkilometr əraziyə sahib olmasını rəsmi şəkildə bəyan etsə də, onun dedikləri elə söz olaraq qalır. Dövlətimiz sərhədlərimizin möhkəmləndirilməsini, Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının maddi-texniki bazasının gücləndirilməsini daim diqqət mərkəzində saxlayır. Ötən il Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" Əlahiddə Sərhəd Diviziyasının qarnizon kompleksinin yaradılması da bu sahəyə dövlət qayğısının ifadəsidir.

Yanvarın 15-də Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin istifadəyə verilməsi dövlət qayğısının təsdiqidir. Onu da deyək ki, DSX-nın hərbi hospitalının köhnə binası XX əsrin 70-ci illərində inşa olunmuşdu. Yeni hərbi hospitalda ən son elmi-texniki nailiyyətlərə və müharibə təcrübəsinə əsaslanan tibbi müayinə və müalicə imkanları yaradılıb. Dünyanın qabaqcıl ölkələrində istehsal olunan tibbi avadanlıqlarla təchiz edilmiş hərbi hospitalın ürək-damar cərrahiyyəsi, invaziv kardiologiya, nevrologiya və digər tibbi fəaliyyət sahələri xəstələrə ən yüksək səviyyədə çoxfunksiyalı xidmət göstərəcək.

Bütün bunlar onu göstərir ki, ölkəmizdə nizami ordu səviyyəsində, çevik, mütəşəkkil döyüş hazırlığına malik Dövlət Sərhəd Xidməti var və bu sahə daim dövlətimizin nəzarətindədir.

Zümrüd QURBANQIZI,

"Respublika".