Fransa irqçi, zorakı, islamofob mövqedə
Siyasət

Fransa irqçi, zorakı, islamofob mövqedə

Korsikada Fransa əleyhinə etiraz səsləri yüksəlməyə davam edir. Növbəti aksiya keçmiş siyasi məhbusları bir araya gətirən "Patriotti" və onları müdafiə edən "Associu Sulidarita" assosiasiyaları tərəfindən təşkil olunub.

Aksiyaçılar Fransa həbsxanalarında siyasi baxışlarına görə saxlanılan korsikalı məhbuslara öz dəstəklərini nümayiş etdiriblər: "Fransadan Korsika xalqının hüquqlarının tanınmasını tələb edirik". Bu sözləri yerli mediaya açıqlamasında Bastiyada korsikalı məhbuslara dəstək üçün keçirilən etiraz nümayişində "Nazione" partiyasının sözçüsü Petru Antone Tomasi deyib.

Etiraz aksiyasının iştirakçısı Paskal Alberini isə deyib ki, bu gün Fransa mətbuatına etibar etmirik. Milyarderlərin əlində olan Fransa mediası xalqın səsini eşitmir, onu nəzərə almır və insanların hüquqları tapdalanır. "Nümayişin əsas məqsədi Korsikanın müstəqillik hərəkatı fəallarının həbsinə etiraz etmək və onları müdafiə etməkdir. Polis Fransa dövləti tərəfindən hədəfə alınan fəalların evlərinin qapılarını sındırıb, onlara zorakılıq göstərilib, evlərini alt-üst ediblər. Belə hərəkətlər qəbuledilməzdir", - deyə etirazçı bildirib. Qeyd edək ki, aksiyada "Repressiyaya son!", "Korsika xalqının hüquqları uğrunda!", "Siyasi həll tapılsın!", "Fransa dövləti, Korsikadan çıx!" kimi şüarlar səsləndirilib.

Bu hadisə Fransa mətbuatına və hökumətinə qarşı inamsızlığı ifadə etməklə, həm də ölkənin güc strukturlarının dinc nümayişçilərin hüquqlarını pozmasını da ifşa edir. Korsikalı fəalların qeyri-qanuni həbsi özünü insan haqlarının "müdafiəçisi" elan etmiş rəsmi Parisin polis zorakılığına əl atmasının əyani sübutudur. Etirazın Korsika müstəqillik hərəkatının fəallarını dəstəkləməyə yönəldilməsi Fransa daxilindəki, sosial-siyasi gərginliyi bir daha gündəmə gətirir. Yelisey sarayının həyata keçirdiyi neokolonializm siyasəti bu cür hərəkatlarda narazılıq və müqaviməti artırır, ədalət və demokratiya uğrunda daha geniş mübarizəni qızışdırır.

Fransa müstəmləkələrində etiraz ab-havası artdığı bir vaxtda ölkə daxilində də üsyanlar davam edir. "Hakimiyyət orqanları yaxın zamanda səslənən problemlərin konkret həll yollarını təqdim etməsələr, yeni magistral yolların bağlanması və fermerlər tərəfindən etirazların daha da gücləndiriləcəyi ehtimal edilir". Bunu Fransa Fermerlər İttifaqları Milli Federasiyasının (FNSEA) lideri Arnaud Russo yerli telekanala müsahibəsində deyib. Russo qeyd edib ki, biz sadəcə gözləmək məcburiyyətində deyilik, aksiyalar yerlərdə iştirakçıların təşəbbüsü ilə həyata keçiriləcək. Yaxın 15 gün ərzində və ondan sonrakı müddətdə yerlərdə aksiyalar davam edəcək. O bildirib ki, bütün tələblərin yerinə yetirilib-yetirilmədiyinə və Fransa kənd təsərrüfatını xilas etmək üçün kifayət qədər tədbirlərin görülüb-görülməməsinə son nəticədə qərar verən fermerlərdir, yeni qanunu və vədlərin konkret icrasını gözləyirik.

Fransada fermer etirazları artır, Korsika kimi müstəmləkələrdə etiraz səsi yüksəlir. Rəsmi Paris isə öz problemlərini həll etmək yerinə, Ukraynaya, Ermənistana silah göndərir. Xatırladaq ki, fevralın sonunda Fransa prezidenti Emmanuel Makron Aİ ölkələrindən qoşunların Ukraynaya gedə biləcəyini bildirib. Daha sonra Fransa Müdafiə Nazirliyinin rəhbəri Sebastian Lecornu Makronun sözlərini şərh edərək bildirib ki, Parisdə keçirilən konfransda Avropa liderləri Kiyevə dəstəyi gücləndirmək üçün müxtəlif imkanları müzakirə ediblər.

Fransanın Overn-Rona-Alplar bölgəsinin rəhbəri Loran Vokye "Tribune" qəzeti üçün köşə yazısında qeyd edib ki, Prezident Emmanuel Makron Ukraynaya mümkün qoşun göndərilməsi barədə danışarkən dözülməz dərəcədə qeyri-ciddilik nümayiş etdirib. Loran Vokye qeyd edir ki, Fransa Prezidenti heç Avropa və ya Amerikanın dəstəyini almadan nüvə dövlətinə qarşı təkbaşına çıxış edib: "Nəticədə Fransanın səsi indi nüfuzdan düşür, çünki təhlükənin qəbul edilməsi üçün o, ciddi görünməlidir. Fransanın bəyanatları müttəfiqlər tərəfindən dərhal rədd edildikdən sonra Qərbin acizliyi açıq göründü".

Görünür, fransızlar məkrli maraqlarının ifşa olunmasından narahatdırlar. Emmanuel Makron naşılığı üzündən bağlı qapılar arxasında danışılan qərəzli planları ortaya çıxarıb. Lakin narahatlığa ehtiyac yoxdur. Çünki Qərbin öz maraqları naminə xaos yaratma cəhdləri hər kəsə məlumdur. Qərb Rusiyanı zəiflətmək, onun regiona təsirini azaltmaq məqsədilə Ermənistandan istifadə edir. Fransanın öz maraqları naminə regional münaqişələrə qarışması ilə bağlı kifayət qədər fakt mövcuddur. 2020-ci ilin noyabrında başa çatan İkinci Qarabağ müharibəsindən sonra Yelisey sarayı özünü Azərbaycan və Ermənistan arasında sözdə vasitəçi kimi göstərsə də diplomatiya maskası arxasında daha məkrli bir maraq gizlədib. Gərginliyin azaldılması və sülh danışıqlarının aparılması çağırışlarına baxmayaraq, Fransa Ermənistana silah ixracını davam etdirir: guya sülh yolu ilə həll etməyə çalışdığı münaqişəni alovlandırır.

Silah satışını münaqişənin həllindən üstün tutmaqla, rəsmi Paris regionda sabitliyinin pozulmasına töhfə verir. Neokolonializm, irqçilik, zorakılıq, islamafobiya Yelisey sarayının siyasətinin mahiyyətini açıb göstərməyə kifayət edir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".