DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İSRAİL MƏQSƏDLƏRİNƏ NAİL OLANA QƏDƏR ƏMƏLİYYAT DAVAM EDƏCƏK

HƏMAS qruplaşması ilə danışıqlar yalnız İsrailin Qəzzadakı əməliyyatın məqsədlərinə çatmasından sonra mümkündür. “Report” agentliyinin məlumatına görə, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat katibi Lior Ben-Dor bəyan edib.

“İsrail HƏMAS və “İslami Cihad” terror təşkilatlarına qarşı strateji məqsədlərə nail olana qədər hərbi əməliyyatları davam etdirməkdə israrlıdır”, - deyə diplomat vurğulayıb.

Mətbuat katibinin sözlərinə görə, HƏMAS cinayətlər törətməklə böyük səhvə yol verib ki, bu da iki ölkə xalqları arasında barışığa töhfə vermir.

Eyni zamanda məlumata əsasən, İsrail Qəzza zolağındakı Beyt Hanunda HƏMAS-ın 80-dən çox obyektinə, o cümlədən onun terrorizmi maliyyələşdirmək üçün istifadə etdiyi iki bank filialına, yeraltı tunellərə və qruplaşmanın fəaliyyətini istiqamətləndirmək üçün yararlandığı iki əməliyyat komanda mərkəzinə zərbələr endirib.

Bununla yanaşı, İsrail ordusu HƏMAS-ın şimaldakı briqada komandirinin qərargahına, qruplaşmanın raket qüvvələrinin istifadə etdiyi “İslami Cihad”ın əməliyyat komanda mərkəzinə də zərbələr endirib.

ROBERT KENNEDİ ABŞ-DA PREZİDENTLİK YARIŞINA QOŞULUR

ABŞ-ın 35-ci prezidenti Con Kennedinin qardaşı oğlu kiçik Robert Kennedi  qarşıdan gələn  Amerika lideri seçkilərində müstəqil namizəd kimi iştirak etmək niyyətindədir. Bu barədə “Sputnik” informasiya agentliyinin yaydığı məlumatda qeyd olunur.

Verilən xəbərə görə, bundan öncə Robert Kennedi ABŞ Demokrat Partiyasını təmsil etməyi planlaşdırırdı.

Siyasətçi Filadelfiyada tərəfdarları qarşısında çıxışı zamanı özünü seçkilərdə prezidentliyə müstəqil namizəd elan etdiyini açıqlayıb.

Qeyd edək ki, Demokratlar Partiyasından prezident seçkilərində əsas namizəd hazırkı dövlət başçısı Cozef Baydendir.

Bir müddət öncə bildirilirdi ki, Amerika Demokratlar Partiyası 2024-cü il seçkilərində Cozef Baydeni Mişel Obama ilə əvəz edə bilərlər.

TÜRKİYƏ VƏ RUSİYA ARASINDA AKKUYU AES-LƏ BAĞLI MÜZAKİRƏLƏR APARILIB

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Rusiyaya səfər edib. “Trend” agentliyinin məlumatına görə, nazir bu barədə öz rəsmi “X” sosial media hesabında bildirib.

Görüş çərçivəsində Alparslan Bayraktar Rusiyanın Dövlət Atom Enerjisi Korporasiyası “Rosatom”un rəhbəri Aleksey Lixaçyovla Akkuyu AES-in ən qısa zamanda istifadəyə verilməsi üçün görülən işləri müzakirə edib.

“2053-cü il neytral karbon hədəfinə nail olmaq üçün nüvə enerjisi mühüm resurs olmağa davam edəcək”, - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Akkuyu Atom Elektrik Stansiyası 2010-cu il mayın 12-də Türkiyə və Rusiya prezidentləri arasında imzalanmış müqavilə çərçivəsində Türkiyənin Mersin vilayətinin Büyükeceli bölgəsində tikilib.

2018-ci ilin aprel ayında birinci reaktorun, 2020-ci ilin iyun ayında ikinci reaktorun, 2021-ci ilin mart ayında üçüncü reaktorun, 2022-ci ilin iyun ayında isə sonuncu reaktorun təməli qoyulub. Aprelin 27-də Atom Elektrik Stansiyasına ilk yanacaq yüklənib.

NİGERİ TƏRK EDƏN FRANSA HƏRBÇİLƏRİ ÇADA YERLƏŞDİRİLİR

Nigeri tərk etməyə başlamış ilk fransalı hərbçilər qonşu Çada yerləşdirilir. “Report” agentliyinin məlumatına görə, bu barədə qiyamçıların qurduğu Vətənin Milli Qurtuluşu Şurasından açıqlayıblar.

“Uallam şəhərində yerləşmiş qoşunlar bazanı tərk ediblər. Söhbət müdafiə və təhlükəsizlik qüvvələrimizin müşayiəti ilə Çada doğru ilk quru karvanının göndərilməsi əməliyyatından gedir”, - deyə Vətənin Milli Qurtuluşu Şurasının açıqlamasında qeyd olunur.

Eyni zamanda, Fransanın 97 xüsusi təyinatlı hərbçisi paytaxt hava limanından üç reyslə ölkə ərazisini tərk ediblər.

Vətənin Milli Qurtuluşu Şurasından bildiriblər ki, Fransa kontingentinin çıxarılmasını “hər iki tərəfin razılaşdırdığı cədvələ” uyğun davam edəcək.

BÖLGƏLƏRDƏ KEÇIRILƏN SEÇKİLƏR OLAF ŞOLTS ÜÇÜN HEÇ DƏ UĞURLU OLMAYIB

Almaniyanın Bavariya və Hessen əyalətlərində keçirilən yerli seçkilər Almaniyanın hazırkı kansleri Olaf Şolts hökuməti üçün fəlakətlə nəticələnib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə “Focus” nəşri məlumat yayıb.

Nəşrin müəlliflərinin fikrincə, ötən bazar günü siyasətçinin başına gələn uğursuzluqdan sonra Bundestaqda heç də hər şey əvvəlki kimi olmayacaq.

Eyni zamanda, qeyd edildiyi kimi, baş verənlər koalisiya partiyaları üçün məğlubiyyət deyil, əsl fəlakət olub. Nəşrin yazdığına görə, Olaf Şoltsun müttəfiqləri üçün mövcud vəziyyətdən yeganə çıxış yolu yalnız “siyasəti kəskin şəkildə dəyişdirmək” ola bilər.

Nəşr həmçinin onu da vurğulayıb ki, “kansleri başa düşməyən xalq deyil, xalqı başa düşməyən kansler idi”.

Xatırladaq ki, bu ərəfədə Olaf Şoltsun rəhbərlik etdiyi Sosial Demokrat Partiyasının regional seçkilərdə tarixi məğlubiyyətlə üzləşdiyi bildirilirdi. Hessendə isə o, cəmi 15,1 faiz səs toplayaraq 2018-ci ilin antirekordunu qırıb.

SERBİYA LİDERİNDƏN KFOR-UN KOSOVODAKI MÖVCUDLUĞUNA MÜNASİBƏT

Serbiya prezidenti Aleksandar Vuçiç NATO-nun Sülh Qüvvələrinin (KFOR) Kosovoda olmasını dəstəklədiklərini bildirib. “TRT” telekanalının verdiyi xəbərə görə, dövlət başçısı paytaxt Belqradda NATO-nun Neapoldakı Müttəfiq Qüvvələrinin komandanı admiral Stüart Benjamin Munşu qəbul edib.

Görüşlə bağlı internet səhifəsində paylaşım edən Aleksandar Vuçiç admiralla Qərbi Balkanlar və Yaxın Şərqdəki son hadisələri müzakirə etdiklərini açıqlayıb.

“Görüş zamanı Kosovodakı serblərin onsuz da ağır olan vəziyyətinin ciddi şəkildə pisləşməsi ilə bağlı narahatlığımı bildirdim”, - deyə Aleksandar Vuçiç qeyd edib.

Serbiyanın KFOR-un mövcudluğunu dəstəklədiyini ifadə edən Vuçiç bəyan edib ki, KFOR-dan tərəfsiz mövqeyini qoruyub saxlamasını və bölgədəki təhlükəsizlik vəziyyətini pozacaq hər hansı hadisəyə dərhal müdaxilə etməsini gözləyirik.

Xatırladaq ki, Kosovonun şimalında aylardır davam edən gərginlik sentyabrın 24-də səhər saatlarında, əsasən serblərin yaşadığı Banjska qəsəbəsində yolu bağlayan silahlı serblərin açdığı atəş nəticəsində bir polis əməkdaşının ölməsi ilə yenidən artıb.

“TİTAN”IN PARÇALARI VƏ EKİPAJIN QALIQLARI OKEANIN DİBİNDƏN ÇIXARILIB

ABŞ Sahil Mühafizəsinin mütəxəssislə

ri Atlantik okeanında batmış “Titan” batiskafının parçalarını və ekipaj üzvlərinə aid olduğu ehtimal edilən qalıqları sudan çıxarıblar. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ Sahil Mühafizəsinin mətbuat xidmətindən məlumat verilib.

“ABŞ Sahil Mühafizəsinin Dəniz Təhqiqat Şurasının dəniz təhlükəsizliyi üzrə mühəndisləri “Titan” batiskafının parçalarını və Atlantik okeanının şimal hissəsindən tapılan dəlilləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər”, - deyə açıqlamada qeyd olunur.

Bildirilir ki, mütəxəssislər dəlilləri kataloqlaşdırma və təhlil üçün limana göndəriblər. Məlumatda, həmçinin vurğulanıb ki, batiskafın parçaları arasından insana aid olduğu ehtimal edilən qalıqlar da ehtiyatla çıxarılaraq analiz üçün ekspertlərə göndərilib.

Xatırladaq ki, iyunun 18-də beş milyarder “OceanGate Expeditions” şirkətinə məxsus batiskafda batmış “Titanik”ə ekspedisiyaya yollanıb və sonradan onlarla əlaqə kəsilib. Batiskafın qalıqları dörd gün sonra tapılıb. Batiskaf daxili partlayış nəticəsində tamamilə dağılıb. Bütün sərnişinlər həlak olublar.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”,