Dünya ən isti mart ayını yaşadı
Dünya xəbərləri

Dünya ən isti mart ayını yaşadı

Qlobal istiləşmənin təsiri bütün dünyada artmaqda davam edir. Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S) dünyanın ən isti martını yaşadığını açıqlayıb.

"Respublika" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, C3S məlumatlarına görə, orta temperaturun 14,14 dərəcə Selsi səviyyəsində qeydə alındığı 2024-cü ilin mart ayı sənayedən əvvəlki 1850-1900-cü illərlə müqayisədə 1,68 dərəcə isti olub. Açıqlamada son 10 ayın əvvəlki illərlə müqayisədə temperatur rekordları qırdığı, mart ayında bitən 12 aylıq dövrün planetdə günümüzə qədər qeydə alınan ən isti 12 aylıq dövr olduğu bildirilib. Açıqlamaya görə, 2023-cü ilin aprelindən 2024-cü ilin martına qədər qlobal orta temperatur sənayedən əvvəlki dövr orta göstəricisindən 1,58 dərəcə yüksək olaraq qeydə alınıb.

"Bu, bizi çox narahat edən qeyri-adi rekordlarla uzunmüddətli tendensiyadır. Bu cür rekordları hər ay görmək bizə iqlimimizin sürətlə dəyişdiyini göstərir", - C3S direktorunun müavini Samanta Burgess açıqlamasında bildirib. Venesuelada yanvar-mart ayları arasında temperatur rekordlarına görə rekord sayda meşə yanğınları baş versə də, Cənubi Afrikadakı quraqlıq kənd təsərrüfatına mənfi təsir göstərib və milyonlarla insanı aclıqla qarşı-qarşıya qoyub.