DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

İSRAİLİN QƏZZA ZOLAĞI İLƏ BAĞLI TƏLƏBİ

İsrail hökuməti Fələstin administrasiyasının Qəzza zolağına rəhbərlik etmək üçün qayıtması fikrini istisna etmir. “Teleqraf.com”un məlumatına görə, bu barədə “The Times of Israel” qəzetinə açıqlamasında İsrail rəsmisi bildirib.

İsrail rəsmisinin sözlərinə görə, bunun üçün Fələstin rəhbərliyi ciddi islahatlar aparmalıdır. O, baş nazir Benyamin Netanyahunun ötən həftə verdiyi açıqlamanın da bunu ehtiva etdiyini xatırladıb.

“ABŞ açıq şəkildə İsraildən xahiş edib ki, İsrail HƏMAS-ı məhv etmək kimi hərbi məqsədinə nail olsa, Qəzzanı kimin idarə edəcəyini planlaşdırsın. ABŞ bildirib ki, plan əvvəlcədən hazırlanmasa, Qəzza İsrail üçün qeyri-müəyyən müddətdə batdığı bataqlığa çevriləcək”, - deyə nəşr qeyd edir.

Məlumata əsasən, İsrail hələlik Q

əzzanın gələcəyi ilə bağlı yekun açıqlama verməyib. Lakin Benyamin Netanyahu ötən günlərdə vurğulamışdı ki, İsrail Müdafiə Qüvvələri müharibədən sonra qeyri-müəyyən müddətdə Qəzzada ümumi təhlükəsizlik nəzarətini saxlayacaq. Nəşrin iddiasına görə, ABŞ dövlət katibi Entoni Blinken bu mövqeyə qarşı çıxıb.

PESKOV: RUSİYA-QƏRB QARŞIDURMASI YAXŞI HEÇ NƏ VƏD ETMİR

“Rusiya ilə Qərb arasındakı sərt qarşıdurma yaxşı heç nə vəd etmir, bu, kifayət qədər pisdir və Rusiya amerikalılar, eləcə də onların mədəniyyəti ilə qarşıdurmada deyil, Moskva onların ideologiyası və dünyaya baxışı ilə qarşıdurmadadır”. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Mətbuat katibinin sözlərinə görə, hazırda beynəlxalq hüquqi və iqtisadi münasibətlərin bütün sistemləri transformasiya olunur: “SSRİ-nin dağılmasından sonra Qərb ölkələri özlərini dünyanın əsl hökmdarı kimi hiss etdilər. Onlar qanunları deyil, məhz özlərinin qoyduğu qaydaları rəhbər tutmağa və digər ölkələrə tətbiq etməyə başladılar”.

Dmitri Peskov qeyd edib ki, bu cür addımlar heç vaxt təsadüfən yaranmır və bu, onların möhkəm iqtisadi və texnoloji bazaya malik olması ilə bağlı idi. Kreml rəsmisi vurğulayıb ki, zaman keçdikcə vəziyyət dəyişməyə başladı, "ayaq üstə durmağa", öz istehsalını inkişaf etdirməyə başlayan ölkələr meydana çıxdı və daha böyük müstəqillik axtarmaq imkanı yarandı.

QƏZZA ZOLAĞINA SÜLHMƏRAMLILAR CƏLB OLUNA BİLƏR

ABŞ və onun avropalı müttəfiqləri hərbi əməliyyatlar başa çatdıqdan sonra Qəzza zolağına beynəlxalq sülhməramlı qüvvələrin cəlb edilməsi ideyasını irəli sürüb. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Bloomberg” nəşri mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, ABŞ və Avropa İttifaqı bu əməliyyatın həyata keçirilməsinin çətin olacağını qəbul edirlər, həmçinin İsrail də buna şübhə ilə yanaşacaq, lakin bu ideyanın müzakirəsi belə Təl-Əvivi hərbi kampaniyanı tez bir zamanda dayandırmağa sövq edə bilər.

Eyni zamanda, qeyd edilir ki, BMT-nin Təhlükəsizlik Şurasında Qəzza zolağında sülhməramlıların yerləşdirilməsi ilə bağlı ilkin müzakirə aparılıb. Variantlardan biri, 1948-ci il müharibəsindən sonra Fələstin və İsrail arasında sülh sazişlərinin həyata keçirilməsini asanlaşdırmaq üçün 1949-cu ildə yaradılmış Atəşkəsə Nəzarət Təşkilatının (UNTSO) rolunu genişləndirməyi nəzərdə tutur.

BMT-DƏN DÜNYADA TƏBİİ FƏLAKƏTLƏR BARƏDƏ XƏBƏRDARLIQ

Bu gün planetimizin bəzi bölgələrində qum və toz fırtınaları daha çox yayılmış bir problem olaraq qalmaqdadır. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasının yeni hesabatında bildirilir.

Ekspertlərin fikrincə, hər il atmosferə təxminən 2 milyard ton qum və toz daxil olur ki, bu da təxminən Misirdəki 350 Xeops piramidasının çəkisinə uyğundur.

Bununla yanaşı, qum və toz fırtınalarının regional və mövsümi hadisə olaraq qalmasına baxmayaraq, onların təsirləri zəif torpaq və su idarəçiliyi, həmçinin quraqlıq və iqlim dəyişikliyi ilə daha da güclənir.

Məlumata əsasən, əslində, dünyada baş verən bu cür tufanların 25 faizi hansısa şəkildə insan fəaliyyəti ilə bağlıdır. Odur ki, tez-tez baş verən qum və toz fırtınaları ətraf mühitin, iqlimin, sağlamlığın, kənd təsərrüfatının və insanların sosial-iqtisadi rifahının müxtəlif aspektlərinə təsir göstərir.

Hesablamalara görə, dünya səhralaşmaya görə hər il təxminən 1 milyon kvadrat kilometr sağlam və məhsuldar torpaq itirir.

TÜRKİYƏ VƏ ALMANİYA PREZİDENTLƏRİ ARASINDA GÖRÜŞ KEÇİRİLİB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 17-də Almaniyaya səfəri çərçivəsində bu ölkənin prezidenti Frank-Valter Ştaynmayerlə görüşü baş tutub. Bildirilir ki, Almaniya prezidenti Berlində türkiyəli həmkarını qəbul edib. “TASS” agentliyinin verdiyi xəbərə görə, bu barədə Almaniya liderinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, görüş zamanı tərəflər Yaxın Şərq, Ukraynadakı vəziyyəti və NATO çərçivəsində əməkdaşlığı müzakirə ediblər.

Eyni zamanda, Ştaynmayer Türkiyə prezidentinin Ukrayna taxılının ixracı ilə bağlı vasitəçilik səylərini yüksək qiymətləndirib. Ştaynmayer, həmçinin vurğulayıb ki, Berlin HƏMAS-ın İsrailə hücumunu terror hücumu kimi qiymətləndirir.

Açıqlamaya əsasən, hər iki lider bütün səylərin HƏMAS-ın əlində olan girovların azad edilməsinə yönəldilməli olduğu ilə bağlı razılaşıblar.

İRANIN XİN BAŞÇISI: ABŞ TEHRANI TƏMKİNLİ OLMAĞA ÇAĞIRIB

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Aralıq dənizində, Fələstin-İsrail münaqişəsi zonasında yerləşdirilməsi onları mümkün hücumlara qarşı müdafiəsiz hala gətirir. “Teleqraf.com”un xəbərinə görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bəyan edib.

“Hərbi rəsmilərimiz hesab edirlər ki, ABŞ-ın təyyarədaşıyan gəmilərini regionumuzun yaxınlığında yerləşdirməsi Amerikanı gücləndirmir, əksinə, onları hədəf kimi əlçatan edir. Bu, onları potensial hücumlara qarşı daha müdafiəsiz hala gətirir”, - deyə İranın XİN başçısı vurğulayıb.

Bununla yanaşı, Abdullahiyan “Hizbullah” terror təşkilatının İsrailə genişmiqyaslı hücuma başlayacağı təqdirdə rəsmi Vaşinqtonun Tehranı mümkün zərbə ilə hədələmədiyini açıqlayıb. İranın XİN-in başçısı ABŞ-ın Tehranı sadəcə təmkinli olmağa çağırdığını bildirib.

CƏNUBİ KOREYADA İT ƏTİNİN İSTEHLAKI QADAĞAN EDİLİR

Cənubi Koreya hökuməti 2027-ci ilə qədər ölkədə it ətinin istehlakını tamamilə dayandırmaq üçün cari ilin sonuna qədər xüsusi qanunun tətbiqinə razılıq verib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə məlumatı “The Korea Herald” nəşri yayıb.

Cənubi Koreya hökuməti və hakim partiya nümayəndələrinin növbədənkənar birgə iclasında itlərin yetişdirilməsi, kəsilməsi, eləcə də it ətinin ixracı və satışını qadağan edən qanun layihəsinin təqdim olunması ilə bağlı razılığa gəliblər.

Məlumata görə, sözügedən qanun layihəsi ölkə parlamentində səsverməyə çıxarılacaq. Hökumət bu istiqamətdə fəaliyyət göstərən müəssisələrə maliyyə dəstəyi verməyi planlaşdırır.

Qeyd edilir ki, hazırda Cənubi Koreyada qida üçün itlər yetişdirən 1150-yə yaxın təsərrüfat var. Bu təsərrüfatlar ölkə üzrə təxminən 1600 restoranı it əti ilə təmin edir. Ötən il ölkədə keçirilən sosioloji rəy sorğusuna görə, 18 və daha yuxarı yaşda olan insanların 64 faizi it ətinin yeyilməsinə mənfi münasibət bəsləyib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.