Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

Vətən müharibəsinin 22-ci günü

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

18 oktyabr

  • Vətən müharibəsinin 22-ci günündə Azərbaycan Silahlı Qüvvələri uğurlu döyüş əməliyyatlarını davam etdirib. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası bölmələrimiz tərəfindən məhv edilib.
  • Müharibənin 22-ci günü - 44 günlük haqq savaşının tən yarısı əlamətdar tarixə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının ildönümünə təsadüf etdi. Həmin gün rəşadətli hərbçilərimiz ulu tariximizin yaddaşı - 27 ildən sonra düşmənin ayağının kəsildiyi Xudafərin körpüsünün üzərində bayrağımızı ucaldıblar.
  • Araz çayı üzərində əsrlər boyu çoxlu körpülər atılsa da, onlardan ancaq ikisi Cəbrayıl rayonu ərazisində dövrümüzədək qalıb. Bir-birindən 750 metr aralı yerləşən bu körpülər çay yatağının ən əlverişli keçidlərindən biri olan Xudafərin dərəsində yerləşir. Burada genişlənən çay yatağında iri qayalıqlar var. Həmin qayalar körpü tağları üçün etibarlı təməl rolunu oynayıb. Körpülərin böyüyü 15 aşırımlı olub memarlıq üslubuna görə XII əsrin abidəsi sayılır. Qumlaq kəndində olan bu abidənin təməli daha qədimlərdə qoyulub. Azərbaycan hərbçiləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Xüdafərin körpüsünün işğaldan azad edilməsi ilə bağlı raport veriblər.
  • "Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!". Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Twitter" səhifəsində bildirib.
  • Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin müxtəlif istiqamətlərində 2 ədəd S-300 ZRK, 3 ədəd BM-21 "Qrad" YARS qurğusu, 2 ədəd "Smerç" yaylım atəşli raket sistemi, beşdən çox tank, bir neçə haubitsa və zenit topları, o cümlədən avtomobil texnikaları və xeyli sayda canlı qüvvəsi məhv edilib. Füzuli rayonu ərazisində düşmənin hərbi hissəsi bölmələrimiz tərəfindən ələ keçirilib. Ermənistan ordusunun Ağdərə, Füzuli, Hadrut, Cəbrayıl istiqamətində hücuma keçmək cəhdləri Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətlə dəf edilib və düşmən itki verərək geri çəkilməyə məcbur edilib.
  • İşğaldan azad olunan Füzuli şəhərində Azərbaycan bayrağı qaldırılıb.
  • Birinci vitse-prezident Mehriban Əliyeva Füzuli şəhərinin və Füzuli rayonunun bir sıra kəndlərinin işğaldan azad edilməsi ilə bağlı rəsmi instaqram hesabında paylaşım edib: "Azərbaycan ordusunun növbəti qələbəsi! Füzuli şəhəri və Füzuli rayonunun bir sıra kəndləri işğaldan azad edilib. İllər boyu bir çox soydaşımız Vətən həsrəti ilə yaşayıb! Nə qədər həmvətənimiz doğma diyarını heç olmasa bir dəfə də olsun yenidən görmək arzusunda idi! Bu gün bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirir. Bu, ədalətin təntənəsidir! Ona görə ki, bu yerlər bizim doğma torpaqlarımızdır, əcdadlarımızın torpaqlarıdır. Hər bir Azərbaycan əsgərinin və zabitinin həyatı və sağlamlığı üçün dua edirəm. Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!".
  • Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin son qüvvə kimi səngərlərə yerləşdirdiyi xüsusi təyinatlıların Azərbaycan əsgərinin həmləsinə tab gətirməyərək geri qaçmasını əks etdirən videogörüntülər paylaşıb.
  • Horadiz istiqamətində uçuşlar keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı məhv edilib.
  • Müdafiə Nazirliyi Füzuli istiqamətində gedən döyüşlərdə düşmənin döyüş meydanında atıb qaçdığı hərbi texnika və silah-sursatın foto və videogörüntülərini paylaşıb.
  • Fövqəladə Hallar Nazirliyi Gəncədə düşmənin raket zərbələri nəticəsində dağılan binada axtarış-xilasetmə işlərinin yekunları barədə məlumat yayıb. Məlumata görə, dağıntılar altından xəsarət almış 53 nəfər və 13 cəsəd çıxarılıb.
  • Cəbhə bölgəsindən yüz kilometrlərlə aralıda yerləşən Xızı rayonuna atılan raket Sitalçay qəsəbəsi ərazisində havada zərərsizləşdirilib.
  • Azərbaycan əsgərləri ermənilərin xüsusi təyinatlılarının mövqelərini ələ keçirib. Ermənistana məxsus daha bir PUA məhv edilib. Düşmənin döyüş texnikası və silah-sursatı qənimət kimi götürülüb.

"Respublika".