Milli birliyimizin, istiqlalımızın təcəssümü
Tarix

Milli birliyimizin, istiqlalımızın təcəssümü

Üçrəngli bayrağımız 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti tərəfindən ikinci dəfə dövlət rəmzi kimi təsdiq edilib

Bayraq dövlətin varlığının, onun mövcudluğunun göstəricisidi. Heç bir dövləti bayraqsız təsəvvür etmək olmaz. Hər bir dövrdə Azərbaycan dövlətinin bayraqları müxtəlif xarakterli olub, müstəqil dövlətçiliyimizin rəmzi kimi əhəmiyyət kəsb edib. Bayrağımızın müqəddəs "Qurani-Kərim" kitabı ilə birlikdə üstünlük təşkil etməsi qədim tarixə dayanan bir dəyərdir. Məhz bu müqəddəsliyi təsdiqləyən amillərdən biri də dövlət başçılarının bayraq qarşısında and içib xalqına, vətənə sadiq qalacaqlarına söz vermələridir. Azərbaycanın Dövlət Himnində də ölkə vətəndaşlarına üçrəngli bayrağımızla məsud yaşamaq, xalqımızın daim ucalmaq amalı ifadə olunur.

Üstündə ay-ulduz nişanəsi olan Dövlət Bayrağımızın rənglərindəki məzmunda xalqımızın milli ideologiyası və mənliyi əsasını tapır. Dövlət Bayrağımızdakı mavi rəng türklüyümüzü, qırmızı rəng azadlığı və istiqlaliyyəti, demokratiya və insan hüquqlarını, yaşıl rəng isə islam sivilizasiyasının məsumluq anlamını ifadə edir.

Hər kəs mənsub olduğu dövlətinin bayrağını görüb qəlbində qürur, iftixar hissi keçirməlidir. Heç şübhəsiz, dünyada bütün zirvələrdən, yüksəkliklərdən daha çox, insanlar dövlət bayraqlarının ucalığına xüsusi sevgi ilə yanaşırlar. Bu baxımdan, bayraq ucalıq, heysiyyət, vətəndaşlıq qürurudur. Bayraq millət, dövlət, milli mənlik deməkdir. Azərbaycan Respublikasının Konstitusiya Qanununda da deyildiyi kimi, Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan Respublikasının dövlət rəmzidir.

Xalqımız hər zaman dövlət bayrağına hörmət edib, onun daim zirvələrdə dalğalanması üçün əlindən gələni əsirgəməyib. 70 ildən sonra müstəqilliyinə qovuşan Azərbaycanda ilk iş bayrağımızın dövlət idarələrinə gətirilməsi olub.

Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasında qəbul edilib. Lakin Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı və Sovet imperiyası Cümhuriyyətin bütün rəmzləri kimi, üçrəngli bayrağımızın da 70 il gün üzünə çıxmasına icazə vermədi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində üçrəngli bayraq Muxtar Respublikanın Dövlət Bayrağı kimi qəbul edildi. Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. Bundan sonra 1991-ci il fevralın 5-də bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən ikinci dəfə dövlət rəmzi kimi təsdiq edildi.

17 noyabr 2009-cu ildə hər il noyabrın 9-nun Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunması haqqında sərəncam imzalanıb.

Xalqımızın qəhrəman oğulları canlarından keçərək Qarabağ və Şərqi Zəngəzurda dövlət bayrağımızı ucaltmağa müvəffəq oldular. Bu gün hər bir azərbaycanlı Şuşada, Xankəndidə, Laçında, Ağdamda və işğaldan azad olunmuş digər ərazilərdə dalğalanan bayrağımıza böyük qürur hissi ilə tamaşa edir. Dünyanın ən güclü ordusu sıralarına daxil olan Azərbaycan Silahlı Qüvvələrinin sahib olduğu güc-qüvvədə atalarımızdan bizə miras qalan bayrağımızdan qaynaqlanır. Hər bir azərbaycanlı ölkəmizin ərazi bütövlüyünün qorunması ilə bağlı şərəfli əsgəri vəzifəsini yerinə yetirməyə başladığı gün müqəddəs bayrağımıza and içir. Dostlarımızı sevindirən, düşmənimizi xar edən üçrəngli bayrağımız dövlətimizin varlığını, onun əzəmətini və gücünü bütün dünyaya nümayiş etdirir.

Musa BAĞIRLI,

"Respublika".