İranın uğursuz diplomatik addımları regionda münasibətlərin gərginləşməsinə xidmət edir
Tarix

İranın uğursuz diplomatik addımları regionda münasibətlərin gərginləşməsinə xidmət edir

Azərbaycan Respublikasının müstəqil daxili və xarici siyasət yürütməsi, beynəlxalq əlaqələrini gündən-günə daha da genişləndirməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlıqda maraqlı olması, regional layihələr həyata keçirməsi, xüsusilə də tarixi torpağımız olan Qarabağın təcavüzkar Ermənistanın işğalından azad edilməsi, Azərbaycan ordusunun güclənməsi, sərhədlərimizin möhkəmləndirilməsi bir sıra dövlətlər kimi, İranı da narahat etdi. Cənub qonşumuz İran İslam Respublikasının anti-Azərbaycan xarakterli hərəkətləri, ölkəmizə qarşı ikili münasibət nümayiş etdirməsi ictimaiyyət arasında da birmənalı qarşılanmadı. İranda azərbaycanlıların üstünlük təşkil etməsinə, qarşılıqlı münasibətlərdə bu əhalinin başlıca amil kimi mühüm rol oynamasına, ölkəmizin əlverişli geosiyasi mövqeyə və zəngin resurslara malik olmasına, Transqafqaz yolunun Azərbaycandan keçməsinə, onun iqtisadi və siyasi təsir gücünün artmasına və respublikamızın hər zaman mehriban qonşuluq münasibətlərinə üstünlük verməsinə baxmayaraq, İranın rəsmi şəkildə "Ermənistanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir", - deməsi bu ölkənin anti-Azərbaycan mövqeyinin nümayişidir.

İran-Azərbaycan əlaqələrinə və İranın regional məsələlərdə Azərbaycana qarşı tutduğu mövqeyə geniş oxucu auditoriyasının marağını nəzərə alaraq AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının bu mövzuda olan məqaləsini təqdim edirik.

 

(əvvəli 24 noyabr tarixli sayımızda)

Xəzərin statusu məsələsi

İnkişaf etməkdə olan siyasi, iqtisadi, mədəni əlaqələrlə yanaşı, iki ölkə arasındakı münasibətlərdə bəzi problemlər də mövcuddur. Sovet İttifaqı dağıldıqdan sonra Xəzər dənizinin statusu, habelə, onun dibi, səthi və orada olan təbii ehtiyatlarla bağlı yeni problemlər ortaya çıxdı: Xəzərdəki ehtiyatlara bütün sahilyanı dövlətlər sahibdir, yoxsa onların arasında bərabər bölünməlidirsə, onda bu, hansı əsasda həyata keçirilməlidir?

Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinə görə, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsi Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir. Karbohidrogen ehtiyatlarına görə Xəzəri İran körfəzi ilə müqayisə etmək olar. Bununla əlaqədar bütün Xəzərətrafı ölkələr dəniz qatlarının öyrənilməsinə və Xəzərdəki sərvətlərin mənimsənilməsinə çalışırlar.

Azərbaycan Respublikası İranla qonşuluq və Xəzər dənizindən istifadə məsələsində əməkdaşlıq prinsipini əsas tutaraq 1994-cü ilin dekabrında neft kontraktındakı payından müəyyən bir hissənin İrana verilməsinə təşəbbüs göstərmişdir. Lakin Azərbaycan Respublikasının bu təşəbbüsü kontrakta qoşulmuş ABŞ və Avropa şirkətləri tərəfindən məqbul hesab olunmamışdır. 1996-cı il "Şahdəniz" və 1997-ci il "Lənkəran-Talış dəniz" kontraktlarının hər birində İranın 10 faizlə istirak etməsinə baxmayaraq, o, yenə də dənizin milli sektorlara bölünməsi haqqında Azərbaycan tərəfin təklifinin əleyhinə çıxmış və İran bu günə qədər də həmin mövqeyində israrlıdır.

Xəzəri milli sektorlara bölmək barədə Azərbaycan tərəfinin təklifindən fərqli olaraq, İran Xəzərin "kondominium" prinsipi, yəni Xəzərin təkindən və səthindən, eləcə də bütün sərvətlərindən bərabər istifadə prinsipi əsasında bölgü aparılması təklifini irəli sürmüşdür. Bu təklif hüquqi, elmi, həm də praktik baxımdan qəbul oluna biləcək təklif deyildir. İran son illərdə Xəzərlə bağlı mövqeyində bir qədər "yumşalmaya" meyil edərək 50/50 bölgü prinsipindən 20 faiz bölgü prinsipinə razı olduğuna dair eyhamlar vurur. Lakin digər Xəzəryanı dövlətlərlə yanaşı, Azərbaycan Respublikası da İranın bu təklifini qəbul etmir.

2001-ci ildə İran hərbi gəmilərinin Xəzərin Azərbaycan sektorundakı neft yatağında işləyən tədqiqat gəmisinə həmlə etməsi, İran qırıcılarının Xəzər dənizi üzərindən sərhədlərimizi pozaraq Bakının yaxınlığına qədər uçması, dəfələrlə Xəzərdə hərbi manevrlər keçirməsi İranın Xəzər dənizinin statusu ilə bağlı addımlarının heç də sülhpərvər olduğunu göstərməmişdir.

Xəzərin statusu məsələsində hər iki ölkənin alim və mütəxəssislərinin iştirakı ilə birgə elmi konfransların, dəyirmi masaların təşkili, müştərək kitabların çapı, alim və mütəxəssislərin mübadiləsi, ekoloq və bioloqların birgə fəaliyyətləri, gəmiçilik, eyni zamanda Xəzərin fauna və florasından birgə istifadə edilməsinin daha da məqsədəuyğun olması əvəzinə, İran Xəzərdə Azərbaycana qarşı əzələ nümayiş etdirir. Halbuki, İranda qurulmuş dövlətlərdə həmişə Azərbaycan sərkərdələri, qoşun başçıları öndə olub, bu gün də İran ordusunda azərbaycanlılar üstünlük təşkil edir. İkincisi də Azərbaycanın hərbi, hərbi-sənaye, hərbi təhlükəsizlik sahəsində əməkdaşlıq əlaqələri ölkələrin bərabərhüquqlu, qarşılıqlı anlaşma, başqa dövlətlərin ərazilərinə qarşı deyil, Azərbaycan ordusunun inkişafına, ərazisinin qorunmasına yönəlmişdir.

İran tərəfinin görülən işləri, atılan addımları, maddi-mənəvi dəyərlərə sahib, yeraltı-yerüstü sərvətlərlə zəngin olan, insan potensialının güclü olduğu Azərbaycanla münasibətləri genişləndirmək əvəzinə sərt mövqe, anti-Azərbaycan mövqeyi tutması heç də İrana başucalığı gətirməyəcək. Yuxarıda qeyd olunan faktlardan da məlum olur ki, Azərbaycan Respublikası həmişə əməkdaşlığa, birgə layihələrin həyata keçirilməsinə maraqlı olub və bunu əməldə də sübut edib.

İranda azərbaycanlıların milli hüquqları

İki ölkə arasında münasibətlərin inkişafına kömək edən amillərdən biri də elmi və mədəni əlaqələrin yaradılıb inkişaf etdirilməsidir. Təhlillər göstərir ki, İranla bu istiqamətdə əlaqələrin inkişaf etdirilməsi hər iki ölkənin milli mənafelərinə tamamilə uyğundur və regionda strateji məqsədləri üçün böyük əhəmiyyət kəsb edir.

Bu əlaqələrin inkişaf etdirilməsi üçün bir sıra saziş və protokolların imzalanmasına baxmayaraq, həmin sənədlər obyektiv və subyektiv amillərin təsiri altında tam gücü ilə işləməmiş, demək olar ki, bir sıra müddəalar kağız üzərində qalmışdır.

İranda yaşayan azərbaycanlıların sayı ilə bağlı bu günə kimi rəqəmlər dəqiq olaraq İran statistikasında verilməmişdir. Çünki İranda əhalinin etnik tərkibi haqqında məlumatlar dəqiq göstərilməmiş, azərbaycanlıların doğma dildə yazmaq, təhsil almaq məsələsi, milli hüquqları, ictimai-siyasi və iqtisadi vəziyyəti, yaşadığı şəhərlər və s. həm Azərbaycan, həm də dünya ictimaiyyətinin diqqətində olmuşdur.

İranda Cənubi Azərbaycanı əyalətlərə bölərək, tarixi yer adlarımızı dəyişərək, sosial-iqtisadi vəziyyəti ağırlaşdıraraq, ana dilindən və milli hüquqlardan və s. məhrum edərək güneylilərə qarşı siyasət həyata keçirmişlər. Belə ki, 1906-cı ildə İranda inzibati ərazi bölgüsü aparılarkən böyük əraziyə malik olan Güney Azərbaycan ölkənin ən böyük əyaləti olan Şimal əyalətinin tərkibinə daxil edilir. Türkiyə Nizami Ordu nümayəndəliyinin 1927-ci ildə tərtib etdiyi "İran Azərbaycanı tətbiq raporu" adlı kitabda Azərbaycanın 12 vilayətə bölünməsi göstərilir. Bundan başqa, 1932-ci ildə Güney Azərbaycanı Şərqi və Qərbi Azərbaycan əyalətlərinə, 1937-ci ilin noyabrında 6 ostana (Azərbaycan ərazisi 3-cü və 10-cu bölgə ilə birlikdə şimal-qərb ostanına daxil edilir), 1937-ci ilin dekabrında 10 ostan və 49 şəhristana, (Zəncan Gilan ostanına, Həmədan isə Kürdüstan ostanına, Ərdəbilin Səfarud adlanan bölgəsi Rəşt şəhristanına, Azərbaycanın mərkəzi Təbriz olmaqla 3-cü ostan olan Şərqi Azərbaycana, mərkəzi Urmiya olmaqla 4-cü ostan olan Qərbi Azərbaycana birləşdirilir), 1938-ci ildə 17 ostana (bölgüdə Zəncan mərkəzi ostana qatılır), 1940-cı illərdə Saqqız bölgəsi Mahabaddan ayırıb Sənəndəc şəhristanına, 1950-ci illərdə əvvəlcə 11, daha sonra 14 ostana (Astara Gilana, Savə Tehrana qatılır), 1960-cı ildə 3-cü və 4-cü Şərqi Azərbaycan və Qərbi Azərbaycan ostanlarına, 1960-1970-ci illərdə 13 ostana, əvvəl 8, daha sonra isə 11 fərmandarlığa (qubernatorluq) və 151 şəhristana (Həmədan və Zəncan əvvəlcə fərmandarlıqlar, 1973-cü ildə ayrıca ostana, 1968-ci ildə isə Ərdəbil şəhristanına aid olan Astara şəhəri də ayrıca ostan olur) bölərək ərazilərimizi hissə-hissə, xalqımızı isə pərən-pərən etmişdilər. Bu siyasət şah zamanında olduğu kimi, İran İslam Respublikası qurulandan sonra da davam etdirilmiş, ölkə əvvəlcə 24, daha sonra isə 28 ostana bölünmüşdür. 1990-cı illərin əvvəllərində Güney Azərbaycan ərazisi əsasən Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Həmədan, Zəncan ostanlarına, 1993-cü ildə Ərdəbil, Qəzvin Zəncan ostanından ayrılaraq ayrıca müstəqil əyalətə çevrilir. İİR-in statistika mərkəzinin 2006-cı ilin hesablamaları üzrə nəşr etdirdiyi "ərazinin və əhalinin ümumi hesablanmasına" əsasən ölkə 30 ostan, 336 şəhristan, 889 bəxş, 2400 dehestan, 1012 şəhər, 63904 kiçik yaşayış mərkəzinə (Güney Azərbaycanın ərazisinə 6 ostan, 62 şəhristan daxil edilir) bölünmüşdür.

Qeyd edək ki, İran İslam Respublikasının Konstitusiyasının XII fəslin 15-ci maddəsində "İran xalqının rəsmi müştərək dili və xətti farsdır. Sənədlər, məktublaşmalar, rəsmi mətnlər və digər kitablar bu dil və xətlə olmalıdır. Lakin yerli və etnik dillərin fars dili ilə yanaşı işlənməsi mətbuat, kütləvi informasiya vasitələri və milli ədəbiyyatın məktəblərdə tədrisində azaddır", XIII fəslin 19-cu maddəsində isə "İran xalqı hansı etnik qrup (qövm) və qəbilədən asılı olmayaraq bərabər hüquqa malikdir, rəng, irq, dil və bu kimi amillər kimsəyə üstünlük (imtiyaz) vermir" deyilsə də, lakin bu günə kimi İranda sayca əhalinin yarısını təşkil edən türklərin və digər xalqların milli hüquqları, mənəvi haqları, ana dili, milli kimliyi, ana dilində təhsil və s. məsələlər həll olunmayıb.

M.Məhəmmədi "Güney Azərbaycan məsələləri" kitabında yazır ki, 1995-ci ildə İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin rəhbərlik etdiyi İran dövlət televiziyasının keçirdiyi rəy sorğusu zamanı paylanan anketlərdə türklər qeyri-adi məxluqlar kimi təqdim olunmuş, onlarla birlikdə yaşamaq və ailə qurmaq məsələsi ictimai rəy predmetinə çevrilmişdi. 2000-ci ildə İran Xarici İşlər Nazirliyi tərəfindən nəşr olunmuş bir kitabda türk sözünün mənası "əl-üzünü yumayan", "tərli və namaz qılmayan" kimi verilmişdi.

2006-cı ilin mayında rəsmi "İran" qəzetində türklərin təhqir kimi karikaturalarda (müəllifi Mana Neyistani) verilməsi Cənubi Azərbaycanda etirazlar yaratmış, milli hərəkatın başlanğıcında yeni mərhələ olmuşdur. Bu hadisələri "milli qiyam" və ya "milli dirçəliş" adlandırmışdılar. Çünki indiki İran Respublikası dövründə də xalqımızın milli-mədəni hüquqlarından, ana dilindən məhrum edilməsi, ana dilində təhsilin qadağan olunması və qeyri-fars millətlərə qarşı şovinist siyasəti aparılır.

İran rəhbərliyi tərəfindən "Azərbaycan İranın başıdır", Azərbaycan "İranın fəxri"dir deyilməsinin şahidi olmuşuq, lakin Cənubi Azərbaycanın sosial-iqtisadi inkişafı, həm də azərbaycanlıların hüquqlarının qorunması yalnız sözlərdə olmuşdur.

Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdəki fəaliyyətində dünyada yaşayan azərbaycanlılara, xüsusilə də cənubi azərbaycanlılara həssaslıqla yanaşmışdır. Onun şəxsi təşəbbüsü və qayğısı ilə 1976-cı ildə Azərbaycan SSR-də "Cənubi Azərbaycan" məfhumu həm elmi, həm siyasi termin kimi rəsmiləşdirilmiş, Azərbaycan Yazıçılar İttifaqı, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsi, AMEA-nın Ədəbiyyat və Şərqşünaslıq institutlarında müvafiq şöbələr təsis edilərək fəaliyyətə başlamışdır. S.Bayramzadə "Heydər Əliyevin azərbaycançılıq ideyasında Güney Azərbaycan" adlı məqaləsində yazır ki, Heydər Əliyevin yeni vəzifəyə təyinatı ilə bağlı Azərbaycan və azərbaycançılıq ətrafında beynəlxalq dairələrdə hay-küyə səbəb olan təbliğat kampaniyalarına rəvac verildi. İran əsilli Mehrdad Azəri adlı müəllif fars dilində çap etdirdiyi "Azərbaycan və istismarçıların yeni nəğmələri" adlı kitabında bu həssas məsələlərə işarə edərək yazırdı: "1982-ci ilin 23 noyabr səhəri BBC radiosunun şərhçiləri SSRİ-nin İran Azərbaycanına da göz dikmələri barədə danışır və Əliyevin iki Azərbaycanın bütövlüyü barədə fikirlərini ortaya qoyurdular. Bu şərhlər zamanı o da deyildi ki, guya SSRİ baş nazirinin müavini keçən ilin yayında Sovet Azərbaycanında olan xarici diplomatlarla görüşü zamanı onlara Sovet Azərbaycanının nailiyyətlərindən danışmış, eyni zamanda İran Azərbaycanındakı geriliyi, yoxsulluğu təəssüf hissilə qeyd etmişdir".

(davamı növbəti saylarımızda)