Rəşadətli döyüş yolu
Digər xəbərlər

Rəşadətli döyüş yolu

Vətən müharibəsində qəhrəmanlıq göstərərək döyüşlərdə şəhid olan İmişlinin Çaxırlı kənd sakini Xəmmədov Əmral Zaur oğlunun, Bəhrəmtəpə qəsəbə sakini Kamranlı Xalid Kazım oğlunun və Göbəktala kənd sakini Hüseynov Nurlan Madər oğlunun şəhidlik zirvəsinə ucalmasından üç il ötür.

Qəhrəman şəhidlərimizin üçüncü il dönümləri mərasimlərində iştirak edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, aparatın məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Mətləb Murğuzov, rayon prokuroru Valeh Səmədov, polis şöbəsinin rəisi Füzuli Şıxəliyev hüquq-mühafizə orqanları, şəhidlərimizin ailə üzvləri və kənd sakinləri onların məzarlarını ziyarət edərək tər gül-çiçək dəstələri düzdülər.

Xəmmədov Əmral Zaur oğlu 2 oktyabr 2001-ci ildə İmişli rayonunun Çaxırlı kəndində anadan olub. Vətən müharibəsi zamanı Xüsusi Təyinatlı Dəstələrin əsgəri olaraq Murovdağ və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. İgid döyüşçü Hadrut uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Çaxırlı kəndində dəfn olub. Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Xəmmədov Əmral Zaur oğlu ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. 

Xalid Kazım oğlu Kamranlı 1999-cu il sentyabrın 23-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Vətən müharibəsində Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq nümunəsinə çevrilərək şəhid olmuşdur. İmişlinin Bəhrəmtəpə qəsəbəsində dəfn olunub. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Kamranlı Xalid Kazım oğlu ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.  

Nurlan Madər oğlu Hüseynov 1992-ci ildə İmişli rayonunun Göbəktala kəndində dünyaya gəlib. O, həqiqi hərbi xidmətdə olarkən Xüsusi Təyinatlı Qüvvələr tərəfindən seçilib. Nurlanın ilk döyüş yolu Murov yüksəkliyində olub, bir çox erməni postlarının azad edilməsində şücaət göstərib. Cəbrayıl, Zəngilan, Suqovuşan, Füzuli istiqamətlərində döyüş tapşırıqlarını da uğurla yerinə yetirib. Hadrut istiqamətində gedən döyüşlərdə Nurlan və qrupu düşmən tərəfinə sızma tapşırığını yerinə yetirib, ermənilərin BMP-sini qənimət olaraq götürüblər. Yenidən həmin BMP ilə düşmənə qarşı hücuma keçərkən ermənilər tərəfdən atılan raketlə BMP vurulub. Nurlan Hüseynov şəhidlik zirvəsinə ucalıb. İmişli rayonunun Göbəktala kəndində dəfn olunub. Gizir Hüseynov Nurlan Madər oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. 

Şəhidlərimizin ailə üzvləri və yaxınları şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Ərəstun ABDULOV,

"Respublika".