Müdafiə sənayesi sahəsində əməkdaşlıq yeni mərhələdə
Digər xəbərlər

Müdafiə sənayesi sahəsində əməkdaşlıq yeni mərhələdə

Dünyanın bir çox ölkəsi döyüş təyyarəsi istehsalı proqramını həyata keçirmək istəyir. Bunlardan bəziləri artıq istehsala başlayıb, digərləri isə hələ planlaşdırma mərhələsindədir. Türkiyədə də artıq "KAAN" döyüş təyyarəsi istehsal edilir. Beşinci nəsil təyyarə istehsal edən 5 dövlətdən biri olmağı hədəfləyən Türkiyə hazırda bir neçə ölkənin təyyarə və helikopterləri üçün proqram təminatı istehsal edir. Bu gün Türkiyə Silahlı Qüvvələrinin radar, kəşfiyyat və müşahidə təyyarələrinin proqram təminatı yerli və milli sistemlərlə təchiz edilib. Son zamanlar Türkiyə Müdafiə Sənayesinin təqdim etdiyi "TCG Anadolu" desant gəmisi, "Hürjet" təlim təyyarəsi, çoxtəyinatlı "Gökpey" helikopteri, "Yeni Altay" tankı, "İmece" peyki dünya silah bazarında mühüm nəticə kimi qiymətləndirilir.

Türkiyənin "Baykar" şirkətinin istehsal etdiyi "Kemankeş" raketi, "Kızılelma" və "Akıncı" PUA-ları son illərdə bu ölkənin əldə etdiyi nailiyyətlərin miqyasını ortaya qoyur. ''KAAN'' hava döyüş təyyarəsi, ABŞ istehsallı F-16 döyüş təyyarələri ilə birgə döyüş tapşırığının yerinə yetirilməsində tətbiq olunub və nəticələr çox uğurlu sayılıb. ''KAAN'' yeni silahlarla artan hava-hava döyüş diapazonu, daxili silah yuvalarından səsdən yüksək sürətlə dəqiq və tam zərbə, süni intellekt və neyron şəbəkə dəstəyi artan döyüş gücü ilə hava üstünlüyünü təmin edir. '"KAAN''ın əsas məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Quruluşuna görə daha çox Amerika Birləşmiş Ştatlarının Hərbi Hava Qüvvələri üçün hazırlanmış "Lockheed Martin"in F-22 "Raptor" döyüş təyyarəsinə bənzəyən ''KAAN'' Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb. Bu təyyarə üçün indi yerli mühərrik hazırlanır. Layihə Böyük Britaniyanın "BAE Systems" şirkəti ilə birlikdə həyata keçirilir. Mühərrik İnkişaf Etdirmə proqramı çərçivəsində Türkiyənin "TR Motor" şirkəti isə mühərriklərin kritik alt sistemi və komponentlərini inkişaf etdirəcək.

Mühərrik ''KAAN''ın 2028-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinin inventarına daxil ediləcəyi tarixə qədər tam hazır olacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "IDEF-2023" sərgisində çıxışı zamanı deyib ki, ''KAAN'' döyüş təyyarələri ilə bağlı Türkiyə və Azərbaycan arasında razılıq əldə olunub və bu, iki dövlətin müdafiə sənayesi sahəsindəki əlaqələrinin yeni mərhələsidir. Qeyd edək ki, iyul ayının 27-də Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Türkiyənin TUSAŞ şirkəti arasında hərbi-texniki əməkdaşlıqla bağlı yeni saziş imzalanıb. Bu sənəd Türkiyənin milli döyüş təyyarəsi olan "KAAN''ın birgə təkmilləşdirilməsini nəzərdə tutur. ''KAAN''ın təkmilləşdirilməsi və istehsalında Bakının da pay sahibi olması Azərbaycan üçün böyük perspektivlər vəd edir. Hazırda dünya silah bazarına müxtəlif çeşidlərdə mal tədarük edən Azərbaycanın hərbi aviasiya və təyyarə quruculuğunda təcrübə qazanması gələcəkdə yerli mühəndislərin, eləcə də aviasiya sahəsində proqram təminatı üzrə mütəxəssislərin yetişməsində mühüm rol oynayacaq. Bu kimi layihələrdə iştirak etməklə Azərbaycan havada üstünlüyü təmin edə biləcək müasir stels texnologiyalı qırıcı parkına yiyələnəcək, rəqib tərəflərin HHM sistemləri ilə mübarizə güclənəcək. Bu həm də pilotların peşəkar səviyyəsinin yüksəldilməsində əvəzsiz rol oynayacaq. Digər tərəfdən isə bu cür əməkdaşlıq dost və tərəfdaş ölkələr arasında iqtisadi, siyasi, həm də hərbi maraqların tam təmin olunmasına təkan verəcək.

Xatırladaq ki, "KAAN" qırıcısı 2017-ci ildən Türkiyədə milli döyüş təyyarələri proqramı çərçivəsində yaradılıb. 2028-ci ildə onun kütləvi istehsalına başlanılacağı planlaşdırılır. Türkiyə daha əvvəl bəyan etmişdi ki, taktiki və texniki xüsusiyyətlərinə görə "KAAN" ABŞ "F-35"lərini keçəcək və gələcəkdə ölkənin Hərbi Hava Qüvvələrində xidmətdə olan "F-16" qırıcılarını əvəz edəcək.

Türkiyə və Azərbaycan, həmçinin ortaq ''HAKİM'' Hava Komandanlıq İdarəetmə Sistemi layihəsininin həyata keçirilməsinə başlamaq niyyətdindədir. ''HAKİM'' Hava Komandanlıq İdarəetmə Sistemi hər iki ölkənin hərbi hava qüvvələrinə birgə əməliyyatlar həyata keçirmək, eləcə də Azərbaycan hava məkanına nəzarət etmək imkanı əldə edir. ASELSAN mühəndisləri tərəfindən hazırlanmış "HAKİM" Hava Komandanlıq İdarəetmə Sistemi yeni nəsil proqram təminatı və infrastruktur texnologiyalarından istifadə edir, günün əməliyyat ehtiyaclarına uyğun qərar qəbul etmə alqoritmlərini ehtiva edir, müxtəlif ölkələrin silah, radar, planlaşdırma, elektron müharibə və kəşfiyyat sistemləri ilə inteqrasiyada işləmək qabiliyyətinə malikdir, həmçinin inkişaf etdirilə bilən strukturu ilə operativ və taktiki sahədə istifadə olunur, real vaxt rejimində komanda və idarəetmə sistemidir. Bu səbəbdən də sözügedən layihənin şüarı Ümummilli Lider Heydər Əliyevin şüarına uyğunlaşdırılaraq "İki dövlət, bir millət, bir hava məkanı" kimi səsləndirilir.

Esmira Yazkan ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.