İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

İdmançımız pankration yarışında birinci olub

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən Dünya Döyüş Oyunlarında ("World Combat Games") pankration yarışları yekunlaşıb.

Azərbaycan milli komandasının tərkibində mübarizə aparan Əli Quliyev 66 kiloqram çəki kateqoriyasında pankration üzrə qızıl medal qazanıb. Finalda idmançımız Sabit Jussipanı (Qazaxıstan) məğlub edib.

"Mingəçevir Reqatası-2023" turnirinə yekun vurulub

Avarçəkmə üzrə "Mingəçevir Reqatası-2023" beynəlxalq turnirinə yekun vurulub. Azərbaycan avarçəkənləri 8 ölkədən 14 komandanın iştirak etdiyi beynəlxalq reqatanı ümumilikdə 24 medalla başa vurublar.

Yarışın son günündə Azərbaycan idmançıları daha 8 medal qazanıblar.  Birnəfərlik kayak qayığında 1000 metr məsafəyə 2007-2008-ci il təvəllüdlü avarçəkənlərin mübarizəsində Amil Ramazanov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, 200 metr məsafəyə yarışda da eyni uğuru təkrarlayıb. Bu yaş kateqoriyası üzrə ikinəfərlik kayak qayığında 200 metr məsafəyə mübarizədə hər üç medalı Azərbaycan təmsilçiləri əldə ediblər. Qiyas Əhmədov - Riyad İsmayılzadə cütü birinci, Sübhan Həsənov - Rəşad Dadaşov cütü ikinci, Nihad Quliyev - Şahin İsayev cütü isə üçüncü yeri tutub. Birnəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü avarçəkənlərin yarışında Əlimurad Hacızadə finişə hamıdan tez çatıb. Bu məsafəyə ikinəfərlik kayak qayığında mübarizədə isə Əlimurad Hacızadə - Vacib Babayev cütü qızıl, Ömər Qəmərli - İvan Vorobjanski cütü isə bürünc medala sahib çıxıb. Yarış başa çatdıqdan sonra qaliblər mükafatlandırılıb.

Stolüstü tennisçilərimiz iki medal qazanıblar

Azərbaycanın stolüstü tennisçiləri Latviyanın paytaxtı Riqada keçirilən "Riga City Council's Youth Cup" turnirində mübarizəyə uğurla başlayıblar.

Yarışın ilk günündə yığmanın aktivinə iki medal yazılıb. 13 yaşadək idmançılar arasında Tunar Bağırov gümüş, Xədicə Eylazova isə bürünc mükafata layiq görülüb. Qeyd edək ki, komandamız Riqaya 11 idmançı ilə yollanıb. Beynəlxalq turnirə bu gün yekun vurulacaq.

Nərgiz İSMAYILOVA,

"Respublika".