VIII GÜN. RETROSPEKTİV
Siyasət

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın yeni - "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə  Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

22 oktyabr

  • Azərbaycanlı həkimlər Xankəndidəki tibb müəssisəsində ilk cərrahi əməliyyatı icra ediblər.
  • "Mustafa Kamal Atatürk - 2023" birgə təliminin növbəti tapşırıqları məşq etdirilib.

23 oktyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbana bu ölkənin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.
  • Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələrin açılış və təməlqoyma mərasimlərində iştirak edib.

Müasir istehsal infrastrukturunun yaradılması ölkəmizin ixrac potensialını artırır

Dövlət başçısı oktyabrın 23-də Sumqayıt Kimya Sənayesi Parkında "Çinar-Servis" firmasının Texniki qazların istehsalı, "Kartaş Kimya" MMC-nin müxtəlif tikinti kimyəvi məhsulların istehsalı müəssisəsinin təməlini qoyub. "Novus Plastica" MMC-nin Polimer qatqıları, "Universal Qablaşdırma Sənayesi" QSC-nin Qablaşdırma məhsulları, "Azərbaycan Vanhong Ceramics Co." MMC-nin Keramik plitələr istehsalı müəssisələrinin açılışında iştirak edib.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb. Bu, Azərbaycanda yaradılmış ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır. "Azərbaycan Vanhong Ceramics Co." MMC, "Novus Plastica" MMC və "UPI - Universal Packing Industry" QSC-nin açılışı ilə Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayı 23-ə çatır.

  • Prezident İlham Əliyev Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub.
  • Sumqayıtda 2 saylı şəhər xəstəxanasının yeni binasının açılışı olub.
  • Azərbaycanın xarici işlər naziri Tehranda "3+3" formatının nazirlər səviyyəsində keçirilən birinci görüşündə iştirak edib.
  • "Mustafa Kamal Atatürk-2023" Azərbaycan-Türkiyə birgə taktiki təlimi başlayıb.

Azərbaycan-Türkiyə müttəfiqliyi regional təhlükəsizliyin önəmli amilidir

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən "Mustafa Kamal Atatürk-2023" Azərbaycan-Türkiyə birgə taktiki təliminə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub. Oktyabrın 23-də start götürən Türkiyə Cümhuriyyətinin qurulmasının 100-cü ildönümü ərəfəsində Azərbaycan və Türkiyənin birgə keçirdiyi təlimlər müasir döyüş üsullarından istifadə edilməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə ponton körpülərin salınması və şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqların icra edilməsi ilə başa çatıb.

İki ölkə arasında keçirilən bu təlimlər Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsidir. Hərbi təlimlər sayəsində bir millət, iki dövlət tək orduda birləşərək bütün dünyaya bölgənin, Cənubi Qafqazın ən güclü ordusu olduğunu nümayiş etdirib.

  • Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Ermənistandan olan bir qrup azərbaycanlı qaçqınla görüşüb.

24 oktyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib.
  • Prezident İlham Əliyev İsveçrənin, Latviyanın Azərbaycanda yeni təyin olunmuş səfirlərinin etimadnaməsini qəbul edib.
  • Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Azərbaycanda insan hüquqlarının müdafiəsi üzrə aparılan islahatlar barədə məlumatlandırılıb.

25 oktyabr

  • Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.
  • Baş nazir Əli Əsədov Gürcüstana işgüzar səfərə gedib.
  • BMT Azərbaycanın Baş Assambleyanın xüsusi sessiyasının çağırılması tələbini qəbul edib.
  • Rusiya Müdafiə Nazirliyi Qarabağın kənd və şəhərlərini tarixi adları ilə göstərməyə başlayıb.
  • Lokal antiterror tədbirləri zamanı həyatını itirən şəhidlərimizin ailələrinə Prezident təqaüdü təyin edilib.

26 oktyabr

  • Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
  • Prezident İlham Əliyev 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirak edib.

Ölkəmiz enerji şaxələndirilməsi ilə davamlı iqtisadi inkişafa doğru strateji addımlar atır

Azərbaycanın külək və günəş potensialından yararlanmaqla təhlükəsiz, dayanıqlı enerjinin əlçatanlılığının təmin edilməsi, eyni zamanda istifadə olunan enerji resurslarının karbonsuzlaşdırılması məqsədilə əhəmiyyətli layihələr reallaşdırılır. Azərbaycan ilə Səudiyyə Ərəbistanının ACWA Power və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" enerji şirkətləri arasında iki mühüm bərpaolunan enerji layihəsi imzalanmış, dünyanın aparıcı bərpaolunan enerji şirkəti olan "Masdar" tərəfindən 230 MVt gücündə günəş elektrik stansiyası, ACWA Power tərəfindən 240 MVt gücündə Xızı-Abşeron külək elektrik stansiyasının tikilməsinə başlanılmışdır.

Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxış edən dövlət başçımız demişdir: "...Biz mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq, çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Bu, bizim təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir".

  • Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında sənədlər imzalanıb.
  • Baş nazir Əli Əsədov Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
  • Böyük Qayıdış: Daha 95 nəfər Ağalıya yola salınıb.

27 oktyabr

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib.
  • Azərbaycanın xarici işlər naziri Türkiyənin Anadolu Agentliyinə müsahibə verib.
  • Qərbi Azərbaycan İcması Ermənistanın xarici işlər nazirinin açıqlamasına cavab verib.

28 oktyabr

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə rəsmi sosial şəbəkə hesablarında paylaşım edib.
  • Prezident İlham Əliyev Qazaxıstanda baş vermiş yanğınla əlaqədar Prezident Kasım-Jomart Tokayevə başsağlığı verib.
  • Qərbi Azərbaycan İcması Ermənistan hökumətini etnik müxtəlifliyə əsaslanan birgəyaşayış prinsiplərinə hörmət etməyə çağırıb.
  • Növbəti 127 nəfər Ağalıya yola salınıb.

“Respublika”.