İDMAN: DAİM ZİRVƏLƏRDƏ
İdman

İDMAN: DAİM ZİRVƏLƏRDƏ

Kunq-fu millimiz dünya çempionatında 37 medal qazanıb

Azərbaycanın yeniyetmələr, gənclər və böyüklərdən ibarət kunq-fu millisi dünya çempionatında uğurla çıxış edib. 

Gənclər və İdman Nazirliyi və Çin Döyüş Növləri Assosiasiyasının dəstəyi ilə mundiala yollanan yığma yarışı 37 medalla başa vurub. Onlardan 28-i qızıl, 6-sı gümüş, 3-ü isə bürünc mükafatdır. Qeyd edək ki, yarış İtaliyanın Karrada şəhərində keçirilib.

Karateçimiz çempionatda bürünc medala sahib olub

Azərbaycan idmançısı Sloveniyada keçirilən Avropa çempionatında uğurla çıxış edib. 

Orxan Süleymanov Karate IKU təşkilatının Sloveniyanın Novo Mesta şəhərində təşkil etdiyi Avropa çempionatında 80+ mütləq çəki dərəcəsində 3-cü yeri qazanaraq bürünc medala sahib çıxıb.

Azərbaycan Premyer Liqasında yeni tamaşaçı rekordu

Azərbaycan Premyer Liqasında tamaşaçı sayında yeni rekord qeydə alınıb.

XI turun 5 oyununu ümumilikdə 13750 izləyici seyr edib. Orta göstərici 2750-yə bərabər olub. "Turan Tovuz" - "Kəpəz" matçını (4:0) 5000, "Neftçi" - "Sabah" görüşünü (0:1) 4600, "Araz-Naxçıvan" - "Qarabağ" qarşılaşmasını (2:1) 2000 tamaşaçı izləyib. Yalnız heç-heçə ilə bitən "Zirə" - "Səbail" (2:2) və "Sumqayıt" - "Qəbələ" (0:0) matçlarında bu göstərici daha aşağı olub - müvafiq olaraq 800 və 1350. Bu, cari mövsüm üçün yeni rekorddur. Buna qədər ən çox tamaşaçı VI turda qeydə alınıb - 10950. XI turun göstəricisi həm də 2023-cü ilin rekordudur.

Boksçularımız təlim-məşq toplanışında

Azərbaycanın kişi boksçuları Bolqarıstanın Sofiya şəhərində təlim-məşq toplanışına qatılacaq. Yığmanın dörd idmançısı ev sahibləri və Rumıniya millisi ilə birgə hazırlıq keçəcək.

Toplanışda Ümid Rüstəmov (57 kiloqram), Malik Həsənov (63,5 kiloqram), Nəbi İsgəndərov (71 kiloqram) və Alfonso Dominges (92 kiloqram) iştirak edəcəklər. Məşqlərdə sınaq döyüşlərinin keçirilməsi də nəzərdə tutulub. Hazırlıq noyabrın 10-dək davam edəcək.

Nərgiz İSMAYILOVA,

"Respublika".