DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

İSRAİL ORDUSU BƏYANATLA ÇIXIŞ EDİB

İsrail ordusu Qırmızı dənizə hərbi gəmilərin göndərildiyini açıqlayıb. Verilən yazılı açıqlamada  qeyd olunur ki, gəmilər vəziyyətin qiymətləndirilməsi əsasında Qırmızı dənizdə yerləşdirilib. Bu barədə “TRT” telekanalı xəbər verib.

Məlumata əsasən, İsrailin “Saar” sinifli gəmiləri Qırmızı dənizdəki Eylat limanı yaxınlığında patrul həyata keçirir. İsrail bunu cəbhə xətti kimi nəzərdən keçirir, çünki ölkənin Qəzza zolağında apardığı müharibə HƏMAS-ın regionun başqa yerlərində qisas planlarının yaranmasına səbəb olur.

Qeyd edək ki, Yəməndə İran tərəfindən dəstəklənən husilər oktyabrın 31-də İsrailə qarşı pilotsuz uçuş aparatları və raketlərlə hücumlar həyata keçiriblər. İsrail Müdafiə Ordusu raketlər və pilotsuz uçuş aparatlarının Qırmızı dəniz üzərində zərərsizləşdirildiyini və hücumlarda mülki əhali üçün heç bir təhlükə olmadığını açıqlayıb.

Xatırladaq ki, Yəmənin paytaxtı Səna və digər bölgələri 2014-cü ilin sentyabr ayından etibarən husilərin nəzarətindədir.

QAZAXISTAN VƏ FRANSA ARASINDA BİR SIRA SƏNƏDLƏR İMZALANIB

Qazaxıstan və Fransa strateji əhəmiyyət kəsb edən mineral ehtiyatlarla bağlı əməkdaşlıq haqqında bəyannamə imzalayıblar. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti onun Fransanın dövlət başçısı Emmanuel Makronla görüşündən sonra məlumat yayıb.

Verilən xəbərə əsasən, danışıqlar zamanı tərəflər ticarət, iqtisadiyyat və investisiya sahələrində qarşılıqlı fəaliyyətin əhatə dairəsinin genişləndirilməsinə xüsusi diqqət yetiriblər.

Eyni zamanda, bu ölkələrin liderləri Qazaxıstanda beynəlxalq məktəblərin yaradılması və respublikanın orta təhsil müəssisələrində fransız dilinin tədrisi, ümumi gücü 1 giqavat olan külək elektrik stansiyalarının tikintisi layihəsi üzrə birgə müəssisə haqqında da saziş imzalayıblar.

ŞİMALİ KOREYADAN SƏFİRLİKLƏRLƏ BAĞLI GÖZLƏNİLMƏZ QƏRAR

Şimali Koreya dünyadakı səfirliklərinin dörddə birini bağlamağı planlaşdırır. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Şimali Koreya İspaniya, Honq-Konq və bir çox Afrika ölkəsi də daxil olmaqla, onlarca səfirliyini bağlamağa hazırdır.

Oktyabrın 31-də Şimali Koreyanın dövlət agentliyi “KCNA” səfirlərinin ötən həftə Anqola və Uqanda liderləri ilə vida görüşləri keçirdiklərini bildirib. Hər iki Afrika ölkəsinin yerli mediası isə Şimali Koreyanın oradakı səfirliklərinin artıq bağlandığını yazıb.

Ekspertlərin sözlərinə görə, səfirliklərin bağlanması ölkənin son onilliklər ərzində həyata keçirdiyi ən böyük xarici siyasət dəyişikliklərindən birinə zəmin yaradır.

Bununla yanaşı, “Röyters”in məlumatına əsasən, səfirliklər beynəlxalq sanksiyaların Pxenyanı qlobal əməkdaşlıqdan təcrid etmək tendensiyası və Şimali Koreya iqtisadiyyatının zəifləməsi səbəblərindən bağlana bilər.

ABŞ VƏ İSVEÇ ARASINDA HƏRBİ SAZİŞ ÜZRƏ DANIŞIQLAR BAŞA ÇATIB

ABŞ və İsveç hərbi əməkdaşlıq sazişi üzrə danışıqları başa çatdırıblar. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Dagens Nyheter” qəzeti məlumat yayıb.

“ABŞ-la planlaşdırılan sonuncu danışıqlar sessiyası ötən həftə baş tutub. Danışıqlar çox səmərəli keçib və müzakirəyə açıq heç bir məsələ qalmayıb. Bu mənada demək olar ki, razılaşma tamamlanıb”, - deyə danışıqlarda İsveç nümayəndə heyətinə rəhbərlik edən Samuel Rudvall bildirib.

İsveç və ABŞ arasında bu dialoq yanvar ayından bəri aparılırdı.

Nəşrin məlmatına görə, ABŞ qoşunlarının İsveçdəki hərəkətlərini asanlaşdıracaq qanunların 2024-cü ilin sonunda qüvvəyə minməsi gözlənilir. Müqaviləyə əsasən, ABŞ-ın döyüş maşınları, sursat və silah sistemləri kimi hərbi texnikanın İsveçdə saxlanması üçün obyektləri olacaq. 2024-cü ilin əvvəlində İsveç və ABŞ hökumətləri tərəfindən müqavilə imzalandıqdan sonra amerikalılar İsveçin bəzi hərbi bazalarına giriş əldə edəcəklər.

AĞ EV: SÜNİ İNTELLEKT BİOLOJİ SİLAHLAR YARATMAQ POTENSİALINA MALİKDİR

Süni intellekt  milyonlarla insanın həyatına təhlükə yarada biləcək bioloji silahlar yaratmaq potensialına malikdir. “TASS” agentliyinin xəbərinə görə, bu barədə ABŞ-ın vitse-prezidenti Kamala Harris Böyük Britaniyada süni intellektdən təhlükəsiz istifadəyə dair birinci beynəlxalq sammitdə çıxışı zamanı bəyan edib.

“Süni intellekt xeyir verməklə yanaşı, həm də böyük zərər vurmaq potensialına malikdir: daha əvvəl gördüklərimizdən dəfələrlə daha böyük miqyasda kiberhücumlardan tutmuş milyonlarla insanın həyatını təhlükəyə ata biləcək biosilahlara qədər. Bu təhlükələr çox vaxt ekzistensial təhdidlər adlandırılır, çünki onlar bəşəriyyətin varlığını təhlükə altına sala bilər”, - deyə Kamala Harris bildirib.

Bununla yanaşı, vitse-prezidentin sözlərinə görə, bu təhdidlər, şübhəsiz ki, irimiqyaslıdır və qlobal səviyyədə tədbir görülməsini tələb edir. O, süni intellekt tərəfindən olan bütün risklərin - bütövlükdə bəşəriyyət üçün təhlükələrin, fərdlər, əhali və institutlar üçün təhlükələrin, eləcə də ən həssas əhali kateqoriyası üçün təhlükələrin təhlili və həllinin zəruriliyini vurğulayıb.

BMT BAŞ KATİBİNDƏN QLOBAL İSTİLƏŞMƏ İLƏ BAĞLI ÇAĞIRIŞ

BMT baş katibi Antonio Quterreş dünyanın ən hündür zirvəsi Everest yaxınlığındakı Solukumbu bölgəsinə baş çəkdikdən sonra Nepalın qarlı dağlarının son 30 ildəki qlobal istiləşmə nəticəsində buzlarının təxminən üçdə birini itirdiyini açıqlayıb. “Teleqraf.com” xəbər verir ki, klimatoloqlar son 100 ildə Yerdə temperaturun orta hesabla 0,74 dərəcə Selsi artdığını, Himalay dağlarında isə istiləşmənin qlobal orta göstəricidən yüksək olduğu qənaətindədirlər.

BMT rəhbəri qeyd edib ki, iki ən böyük atmosfer çirkləndiricisi - Hindistan və Çin arasında yerləşən Nepaldakı buzlaqlar son on ildə əvvəlki illə müqayisədə 65 faiz daha sürətli əriyib.

Antonio Quterreş qalıq yanacaqdan istifadəyə son qoymağa çağıraraq, buzlaqların əriməsinin gölləri və çayları genişləndirəcəyini, insanları təhlükə altında qoyacağını və dəniz səviyyəsini rekord sürətlə yüksəldəcəyi xəbərdarlığını edib.

Himalay dağlarında buzlaqlar əsrin sonuna qədər qlobal istiləşmə səbəbindən öz həcminin 75 faizə qədərini itirə bilər. Elm adamları bu ilin iyun ayında dərc olunmuş hesabatda bildirirlər ki, bu, təhlükəli daşqınlara və dağlıq ərazilərdə yaşayan 240 milyon insan üçün su çatışmazlığına səbəb ola bilər.

RUSİYA MİLYARDERLƏRİNİN SƏRVƏTLƏRİ DAHA DA ARTIB

Cari ilin əvvəlindən Rusiyanın ən varlı insanları daha 24 milyard dollar varlanıblar. Bu barədə “Sputnik” informasiya agentliyinin yaydığı məlumatda qeyd olunur.

Verilən xəbərə əsasən, sərvəti ən çox artan isə Vahid Ələkbərov olub. “Bloomberg Billionaires Index”ə görə “Lukoil” sahibi 7,83 milyard dollar varlanıb və onun sərvəti hazırda 23,2 milyard dollara bərabərdir.

Eyni zamanda, sərvəti artanlar arasında “Nornikel” müəssisəsinin əsas səhmdarlarından olan Vladimir Potanin də var. O, bu il daha 781 milyon dollar varlanıb və 29,4 milyard dollar ümumi sərvətə sahibdir.

Varlananlardan biri də “Novatek” şirkətinin həmsahiblərindən olan Leonid Mixelsondur. Onun var-dövləti 3,05 milyard artaraq 27,7 milyard dollara çatıb.

Məlumat üçün qeyd edək ki, 2012-ci ilin martında istifadəyə verilən “Bloomberg Billionaires Index” dünyanın ən zəngin 500 adamının xalis sərvətinə görə reytinqini təqdim edir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.