Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

Vətən müharibəsinin 38-ci günü

27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı və ordusu tək yumruq şəklində birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

 

3 noyabr

  • Vətən müharibəsinin 38-ci günündə döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib.
  • Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov Hərbi İnformasiya Mərkəzində brifinq keçirib. Mətbuat katibi qeyd edib ki, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Cəbhənin bir neçə istiqamətindəki mövqelərimizə, xüsusən azad edilmiş ərazilərə yenidən hücumlar edən düşmən şəxsi heyət və texnika baxımından itkilər verərək geri çəkilməyə məcbur edilib.
  • Sutka ərzində daimi dislokasiya məntəqəsində, səngərlərdə və atəş mövqelərində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd "Qrad" yaylım atəşli reaktiv sistemi, 1 ədəd KUB zenit-raket kompleksi, 9 ədəd müxtəlif tipli topu, 2 ədəd sursatla dolu yük maşını və sursat anbarı, o cümlədən cəbhədə uçuş keçirməyə cəhd göstərən taktiki pilotsuz uçuş aparatı məhv edilib.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları ilə bağlı məsələlər, döyüş bölgəsində vəziyyət müzakirə edilib.
  • Cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərə cəlb edilən Ermənistan silahlı qüvvələrinin 2-ci motoatıcı alayının xeyli sayda şəxsi heyəti və döyüş texnikası məhv edilib.
  • Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib.
  • Ağdərə, Ağdam və Xocavənd istiqamətində hücuma keçməyə cəhd göstərən düşmən ağır itkilərə məruz qalaraq geri çəkilməyə məcbur edilib.
  • Düşmənin snayper qrupu və əlahiddə zirehli tank taborunun komandiri məhv edilib.
  • Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən noyabrın 3-dək 91 mülki şəxs həlak olub, 405 nəfər xəsarət alıb, 2488 ev, 97 yaşayış binası və 461 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
  • Ermənistanın mülki əhaliyə qarşı istifadə etdiyi qadağan olunmuş fosforlu top mərmiləri ANAMA tərəfindən partlayış yolu ilə zərərsizləşdirilib.
  • Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. "Noyabrın 3-ü saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub".
  • Cəbhədə uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib.
  • Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının müdafiə zolağında düşmənin bir neçə tankı sıradan çıxarılıb.
  • Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığında yerləşən iki sursat anbarının məhv edilməsinin videogörüntüsünü yayıb.

"Respublika".