VIII GÜN. RETROSPEKTİV
Tarix

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

11 fevral

  • Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə yekun vurub. Prezident İlham Əliyev seçkilərdə səslərin 92.12 faizini qazanaraq qalib olub.
  • Prezident İlham Əliyev Seyid İbrahim Rəisini İran İslam Respublikasının milli bayramı münasibətilə təbrik edib.

12 fevral

  • Azərbaycan Xarici İşlər Nazirliyi Nikol Paşinyanın müsahibə zamanı səsləndirdiyi iddialara dair şərh verib.
  • Ermənistan silahlı qüvvələrinin mövqelərindən Zəngilan istiqamətində Ordumuzun mövqelərinə atəş açılıb, bir hərbçi yaralanıb.
  • Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb.
  • ANAMA Ermənistanın təqdim etdiyi növbəti mina sahələrinə dair formulyarlarda məlumatların əvvəl olduğu kimi, qeyri-dəqiq, etibarsız və natamam əks olunduğunu bildirib.

13 fevral

  • Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını elan edib.
  • Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq "qisas əməliyyatı" keçirilib.

Sərhəddə təxribat, riyakar ssenarinin icrası

13 fevral tarixində Azərbaycan DSX-nin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin törətdikləri təxribata cavab olaraq keçirilən "Qisas əməliyyatı" nəticəsində erməni ordusunun döyüş postu darmadağın edilib. Ermənistan Müdafiə Nazirliyinin rəsmi açıqlamasına görə, 4 erməni hərbçi məhv edilib, bir hərbçi yaralanıb, lakin qeyri-rəsmi məlumatlara görə itkilər daha çoxdur.

Bu isə ötən ilin sentyabrındakı antiterror tədbirlərindən sonra ilk ciddi insidentdir. Hadisənin baş verməsindən sonra gündəmə gələn versiyalardan birincisi bu oldu ki, Ermənistan hakimiyyəti gərginliyi artırmaqla sərhəddə iki il əvvəl itirdiyi yüksəklikləri geri qaytarmaq istəyir. Bu iddianı Ermənistan müdafiə naziri Suren Papikyanın təxribatdan cəmi 4 gün əvvəl Azərbaycan sərhədinə səfər etməsi gücləndirir. Xüsusilə də nəzərə almaq lazımdır ki, o, şimal-şərq sərhədinə getmişdi və ordumuzun mövqeləri də eyni istiqamətdən atəşə tutuldu. Üstəlik, Avropa Şurası Prezidentinin dəvətindən sonra İlham Əliyev, Şarl Mişel və Nikol Paşinyan arasında görüşün yaxın aylarda reallaşması ehtimalı gündəmdə idi. Bu isə onu ağıla gətirir ki, Ermənistanın baş naziri bu təxribatla mümkün üçtərəfli görüşdə gündəmi dəyişmək, sərhədin hansı prinsiplərlə müəyyənləşməsi müzakirəsindən yayınmaq, bir növ bunu gələcəyə saxlamaq istəyib.

  • Azərbaycan XİN Ermənistanı hərbi eskalasiyalardan çəkinməyə çağırıb.
  • COP29-un prezidenti Muxtar Babayev Dubayda keçirilən Dünya Hökumət Sammitində çıxış edib.

14 fevral

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilib. Dövlətimizin başçısı mərasimdə nitq söyləyib.

Yeni dövrdə yeni üfüqlər

Fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində müstəsna dövlətçilik təcrübəsinə əsaslanan çıxışı ilə Prezident İlham Əliyev yeni dövr üzrə prioritetlərimizi, o cümlədən daxili və xarici siyasət kursunun sərhədlərini aydın formada müəyyən etdi.

Qarşıdakı illərdə də Azərbaycan bu gün ən yüksək səviyyədə təmin etdiyi təhlükəsizliyi daha da gücləndirmək naminə ordu quruculuğu və hərbi sənayenin inkişafı prosesinə xüsusi önəm verməkdə davam edəcək. Məlumdur ki, Azərbaycan Respublikası konstitusion səviyyədə beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edir. Lakin sirr deyil ki, bu gün özünü beynəlxalq ictimaiyyətin təmsilçisi kimi təqdim edən, beynəlxalq hüquqa hörmətlə yanaşmayan subyektlər də daxil bəzi dövlətlər üçün bu prinsip keçərli deyil. Bu mənada, güclü ordu quruculuğunun davam etdirilməsi yeni dövrdə əsas prioritet olmaqla yanaşı, diplomatik müstəvidə də bütün mümkün təhdidlərin zərərsizləşdirilməsi zərurətdir. Bu mənada, yeni dövrdə ümumbəşəri dəyərlərə və beynəlxalq hüququn normalarında əksini tapan prinsiplərə sadiq qalmaqla xarici siyasət kursunda 3 konkret istiqamət milli prioritet olaraq müəyyən edilib.

  • Azərbaycan Respublikasının xarici işlər naziri səlahiyyətlərini icra edən Ceyhun Bayramov fevralın 14-də Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev ilə görüşüb.
  • Ermənistan silahlı qüvvələrinin pilotsuz uçuş aparatı geri qayıtmağa məcbur edilib.
  • Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan Respublikasının eyniadlı qurumunun hərbi əməliyyatlarda itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi sahəsində əməkdaşlığa hazır olması barədə mətbuata verdiyi açıqlamanı müsbət qarşılayıb.

15 fevral

  • Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Respublikasının milli bayramı münasibətilə Prezident Aleksandar Vuçiçə təbrik məktubu göndərib.
  • Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün 10 milyon manat ayrılıb.

16 fevral

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Münxen şəhərinə səfər edib.

Dövlətimizin xarici siyasətdəki uğurları yeni perspektivlər yaradır

Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyaya səfər edib. Fevralın 16-18-də baş tutan konfransa Azərbaycanın dəvət edilməsi bir daha geosiyasi müstəvidə ölkəmizin çəkisini bütün dünyaya göstərir. Xatırladaq ki, Almaniya kansleri Olaf Şoltsun İlham Əliyevə təbrik məktubunda konfransdan bəhs edərkən, "Sizinlə Münxen Təhlükəsizlik Konfransında görüşəcəyimizə şadam", - deyə bildirməsi Azərbaycanın qlobal miqyaslı dialoqlarda iştirakının beynəlxalq müstəvidə önəmini bir daha sübut edir. Təbii ki, Avropanın bu cür yanaşması təsadüfi deyil. Müasir dövrdə ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları əsas prinsip olaraq müəyyən etmişdir. Beynəlxalq münasibətlər sisteminə təkmilləşmiş dəyərlər təqdim edən Azərbaycana bu çərçivədə marağın daha da artması çoxvektorlu əməkdaşlığın inkişafından xəbər verir. Bu isə həm də regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Məhz Münxendə konfrans öncəsi Prezident İlham Əliyev ilə qarşı tərəflərin müraciətinə əsasən görüşlərin keçirilməsi uğurlu inkişaf strategiyamızın bəhrəsidir.

  • Əli Əsədov Azərbaycan Respublikasının Baş naziri təyin edilib.
  • Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqəsi istiqamətindəki mövqelərini iriçaplı silahlardan atəşə tutub.

17 fevral

  • Münxendə Azərbaycan Prezidentinin Almaniyanın Kansleri və Ermənistanın Baş naziri ilə birgə görüşü keçirilib.
  • Ceyhun Bayramov Münxendə ABŞ Dövlət katibinin köməkçisini Ermənistanın təxribatları barədə məlumatlandırıb.
  • Qaradağlı faciəsinin 32-ci ildönümüdür.

“Respublika”.