Bir gün İrəvana dönəcəyik...
Tarix

Bir gün İrəvana dönəcəyik...

Qədim yurd yerimizdə erməni vandalizminə məruz qalmış tarixi abidələrimizin acı hekayəsi

Görəsən, torpağın, daşın dili olsaydı, nə danışardı? Çox şey! Çünki yaddaşları bizimkindən daha yaxşıdır. Bir də ki, bizim kimi unutqan deyillər. Düşünürəm, bir gün İrəvana dönsək dağıdılmış tarix və mədəniyyət abidələrimizin bizə anlatdıqlarının qarşısında tab gətirə bilərikmi? Axı XX əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirdikləri vandalizm aktları nəticəsində monoetnik Ermənistan dövləti yaradıldı, xalqımızın orada mövcudluğuna dəlalət edən bütün tarixi-memarlıq abidələri yer üzündən silindi, qəbiristanlıqlar dağıdıldı. Təkcə bir fakta diqqət yetirək. Əgər XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində 310 məscid qeydiyyatdan keçmişdisə, bugünkü Ermənistanın ərazisində yalnız bir məscid qalıb - xarici qonaqlara "fars" məscidi kimi təqdim olunan Göy məscid...

Gəlin, qiyabi də olsa bir də dönək o qədim yurd yerimizə. Ermənilərin "fars" məscidi adlandırdıqları Göy məscidin vüqarına, "dəyişdirilmiş" surətinə tamaşa etmək üçün əvvəllər Leninin, indi isə Mesrop Maştotsun adını daşıyan prospektə dönürük. Burada rastlaşdığımız Hüseynəli xan Qacar dövrünün əzəmətli binası önündə sükutla dayanır və məscidi seyr edirik. Daş divarların pıçıltı ilə söylədiyindən anlayırıq ki, ermənilər İrandan dəvət olunmuş mütəxəssislərin köməyi ilə məscidi yenidən qurub, divarlarına farsca yazılar yazıb onu "farslaşdırıblar". Onu da deyək ki, onlar bir zaman Şuşa məscidində də bunu etməyə cəhd göstəriblər. Prospektdən bir qədər aşağı düşürük, ermənilərin Kond adlandırdıqları məşhur Təpəbaşı məhəlləsinə yollanırıq. Erməni vandalizmindən əvvəl burada Təpəbaşı məscidi yerləşirdi. Məlumatlara görə, bu məscidi İrəvan şəhər hökumətinin üzvü, xan nəslinin nümayəndəsi İrəvan xanı Abbasqulu xan tikdirib. Onun evi də bu məhəllədə yerləşirdi. Maraqlısı budur ki, ermənilər Abbasqulu xanın xaraba vəziyyətdə olan evini bu gün də "Xan evi" adlandırırlar. İndi məscidin həyətində haylar gecəqondular salıblar.

Bir qədər də aşağı düşürük. Erməni vandalizminin daha bir qurbanı, Dəmirbulaq məscidi. XVII-XVIII əsrlərdə tikilmiş məscid 1988-ci ildə yandırılıb, 1990-cı ildə yerlə-yeksan edilib. Onun yerində "Rossiya" ticarət mərkəzi yerləşir. Simvolikdir, deyilmi?

Bu isə Pir Hüseyn tərəfindən İrəvandan bir qədər aralıda, Cəfərabad kəndində tikdirilən Əmir Səəd məqbərəsidir. XV əsrə aid olan bu tarixi abidə qismən qorunub saxlanılıb. Təəccüblənirsən. Ancaq bunun da səbəbi var. Məsələ burasındadır ki, Ermənistanın rəsmi dairələri bu orta əsr məqbərəsini "Türkmən mavzoleyi" adlandırıblar. Daha bir maraqlı fakt. Abidənin yanındakı lövhədə türbənin Qaraqoyunlu dövlətinə aid olması barədə məlumat verilir. Eyni zamanda əsas stenddə türbənin türkmənlərin tarixi irsi olduğu göstərilir. Bununla da abidənin Azərbaycana məxsusluğu inkar edilir ki, bu da açıq-aşkar saxtakarlıqdır. Çünki türk (türkmən) Qaraqoyunlu tayfaları müasir azərbaycanlıların əcdadlarından biri olub, Qaraqoyunlu dövlətinin tarixi isə Azərbaycan dövlətçilik tarixinin tərkib hissəsidir.

İrəvan qalasında, Sərdar (xan) sarayının yaxınlığında yerləşən "Abbas Mirzə" və Şah Abbas kimi də tanınan Sərdar məscidinin taleyi də az kədərli deyil. Çünki İrəvandakı xalqımıza xas digər maddi-mədəniyyət abidələri kimi, bu məscid də Ermənistan hakimiyyəti tərəfindən hissə-hissə dağıdılıb. Yerində uşaq meydançası salınıb, yaşayış binaları tikilib.

Tanınmış rus arxeoloqu qrafinya Praskovya Uvarova 1880-ci ildə İrəvan şəhərində olmuş, əsrlər boyu yaradılan tarixi-memarlıq abidələrinin dağıdılmasını ürəkağrısı ilə təsvir etmişdir. Erməni müəllifi Yervand Şahəziz 1931-ci ildə İrəvanda çap edilən "Qədim İrəvan" əsərində P.Uvarovadan sitat gətirərək, onun Xan sarayının yaxınlığında yerləşən Sərdar məscidini Vereşaginin fırçasından çıxan tabloya bənzətdiyini yazır.

İrəvan şəhərinin qədim məscidlərindən biri olan Novruzəli bəy məscidinin iri günbəzi və çoxrəngli kaşılarla bəzədilmiş divarları olub. Bu məscid hələ XX əsrin əvvəllərində dağıdılıb. 1725-ci ildə Rəcəb Paşa tərəfindən İrəvan qalasında inşa edilmiş Osmanlı memarlıq üslublu məscid isə 1828-ci il Türkmənçay anlaşmasından sonra rus pravoslav kilsəsinə çevrilib. İrəvanda tikilmiş Şükürbəyli məscidi hələ də rus pravoslav kilsəsi kimi fəaliyyət göstərir.

İrəvanın Qala ilə Təpəbaşı massivləri arasında yerləşən Köhnə şəhər adlanan hissəsindəki məscidlərdən biri Şəhər və yaxud Zal xan məscidi adlanırdı. Şəhər məscidi həcmcə Göy məsciddən nisbətən kiçik olsa da, çox gözəl olmuşdur. Belə ki, caminin üzərində ərəb əlifbası ilə türk dilində məscidin hicri tarixi ilə 1098-ci ildə tikildiyi - yəni miladi təqvimilə 1687-ci ildə inşa edildiyi yazılıb. Belə anlaşılır ki, məscid 1679-cu il zəlzələsindən sonra inşa edilmişdir.

Tarixi mənbələrə görə Zal xan, yaxud Şəhər məscidi İrəvan şəhərinin mərkəzindəki, hazırda Respublika meydanı adlanan ərazidə yerləşmişdir. 1928-ci ildə məscidin böyük zalı sökülərək onun yerində "Yerevan" hoteli inşa edilmiş, 1999-cu ildə rekonstruksiya edildikdən sonra "Golden Tulip Hotel Yerevan" adlandırılmışdır.

Azərbaycanın Dövlət Arxivində saxlanılan 1949-cu ilə aid bir arxiv sənədində Zal xan məscidinin sərgi zalı kimi istifadə edildiyi göstərilirdi. İkimərtəbəli binası və çoxlu hücrələri olan Zal xan məscidinin mədrəsəsinin təyinatı İkinci Dünya müharibəsindən sonra dəyişdirilmişdir. Hazırda həmin binada Rəssamlar evinin sərgi salonu yerləşir.

Bəli, İrəvanda vandalizmə məruz qalmış məscidlərimizdən danışdıq, onların acı hekayələrini dinlədik. Bütün bunları dünyanın diqqətinə çatdırmaq, İrəvanda hazırda təsadüfən salamat qalmış tarixi abidələrimizin qorunmasını təmin etmək üçün əlimizdən gələni etməliyik. Tarixçilərin əlində olan erməni vandalizmi ilə bağlı ayrı-ayrı faktlar, sənədlər, fotolar toplanmalıdır. Bir gün gələcək bundan təkcə Azərbaycan tarix elmi və ictimaiyyəti deyil, həm də beynəlxalq məhkəmə-hüquq sistemində erməni barbarlarının ədalət qarşısında cavab verməsi üçün istifadə olunacaq.

Və o gün mütləq gələcək...

Zümrüd QURBANQIZI,

"Respublika".